Kayseridəki Şuşa Azərbaycan Evində Uşaqların Beynəlxalq Müdafiəsi Günü coşqu ilə qeyd olunub

Türkiyənin Kayseri şəhərində fəaliyyət göstərən Şuşa Azərbaycan Evi 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə rəngarəng proqram təşkil edib.
Crossmedia.az xəbər verir ki, çox sayda uşağın iştirak etdiyi tədbir Şuşa Azərbaycan Evinin Qadınlar Təşkilatının sədri Şahnaz Qənbərovanın açılış nitqi ilə başlayıb.
Uşaqları yalnız ailələri üçün deyil, bütün cəmiyyət üçün dəyərli xəzinə adlandıran Ş. Qənbərova Uşaqların Beynəlxalq Müdafiəsi Gününün əhəmiyyətinə diqqət çəkib.
Proqram boyunca uşaqlar üçün bir-birindən maraqlı və maarifləndirici oyunlar təşkil olunub. Sehrbazın çıxışı uşaqlar tərəfindən böyük maraqla qarşılanıb.
Klounların müşayiəti ilə keçirilən ipçəkmə və kisə yarışı kimi ənənəvi oyunlarla uşaqlar həm əylənib, həm də birlikdə hərəkət etməyin sevincini yaşayıblar.
“Nağıl Meşəsi” mövzulu məkanda təşkil olunan “Uşaq yoqası” tədbirin ən diqqət çəkən hissələrindən biri olub. Yoqa məşğələsindən sonra uşaqlar öz arzularını kağıza yazaraq “arzu ağacına” asıblar və duyğularını paylaşaraq mənalı anlar yaşayıblar.
Tədbirdə uşaqlar üçün hazırlanmış “qabdan uçaq” emalatxanası da böyük maraq görüb.
Şənlik boyunca uşaqlara müxtəlif təamlar təqdim olunub, valideynlər isə övladlarının sevincinə şərik olublar.
22:59 01.06.2025
Oxunuş sayı: 1297