Sudanda BƏƏ-Türkiyə qarşıdurması: Regional rəqabət qızışır

Sudanda son günlər yaşanan silahlı toqquşmalar və dronlarla həyata keçirilən hücumlar Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə Türkiyə arasında uzun müddətdir davam edən rəqabəti daha da gücləndirib. Hər iki ölkə Sudandakı vətəndaş müharibəsində qarşı-qarşıya olan tərəflərə dəstək verir.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, mayın 3-də Sudan ordusu Nyaladakı hava limanında BƏƏ-yə məxsus hərbi-nəqliyyat təyyarəsini məhv edib. Hücum zamanı həmin ərazidə yerləşən kamikadze dronlar, döyüş sursatları və hərbi radar sistemləri də sıradan çıxarılıb. Nəticədə “Sürətli Dəstək Qüvvələri”nin (RSF) çox sayda əsgəri həlak olub və ya yaralanıb. Həmçinin, ölənlər arasında xarici muzdlu döyüşçülər və BƏƏ ordusunun zabitləri də yer alıb.
Bunun cavabı olaraq BƏƏ RSF-nin pilotsuz uçuş aparatları və raketlərindən istifadə etməklə Port Sudan şəhərinə zərbə endirib. Qeyd edək ki, Port Sudan faktiki olaraq hökumət mərkəzi kimi fəaliyyət göstərir və burada bir çox konsulluqlar, humanitar təşkilatlar və dövlət idarələri yerləşir. Hücum nəticəsində Türkiyəyə məxsus dronların saxlandığı anqarlar və hava limanı hədəfə alınıb. Eyni zamanda, texniki heyətdə olan bir neçə türk vətəndaşı yaralanıb. Hadisənin ertəsi günü Türkiyə onlara yardım məqsədilə təcili tibbi təyyarə göndərib.
Sudan və Avropa diplomatik mənbələrinin bildirdiyinə görə, cavab hücumları birbaşa BƏƏ tərəfindən planlaşdırılıb və icra edilib. Hadisədən sonra Sudan hökuməti Əbu-Dabi ilə bütün diplomatik əlaqələrini dayandırıb.
Bu, BƏƏ və Türkiyə arasında Sudana görə yaşanan ilk gərginlik deyil. Daha əvvəl Türkiyənin Sudan ordusuna dron satması Əbu-Dabidə narahatlıq yaratmışdı. Xüsusilə, fevral ayında həmin dronların Xartumun azad edilməsində istifadə olunması BƏƏ-ni narazı salmışdı. Bunun cavabında BƏƏ-nin həyata keçirdiyi kiber hücum nəticəsində Türkiyənin dron istehsal edən şirkətinə məxsus sənədlər ələ keçirilərək mətbuata ötürülmüşdü.
Fatimə Nəbiyeva
20:54 16.05.2025
Oxunuş sayı: 748