Hakan Fidan: İstanbul görüşü sülh üçün tarixi fürsətdir

Türkiyənin xarici işlər naziri Hakan Fidan, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında İstanbulda keçirilən danışıqlar öncəsi çıxışında, Ukrayna münaqişəsinin həllində atəşkəsin tezliklə əldə olunmasının vacibliyini vurğulayıb.
Crossmedia.az xəbər verir ki, Hakan Fidanın sözləri Rusiya mediası tərəfindən yayımlanıb.
Fidan bildirib: “Danışıqlar fürsətindən istifadə edib sülhə doğru addım atmalıyıq. Hər keçən gün daha çox insanın həyatına son qoyur. Müharibənin davam etməsi itkiləri artırır. Atəşkəsin ən qısa zamanda əldə olunması son dərəcə vacibdir. Danışıqlar yolu ilə buna nail olmaq imkanımız var. Növbəti mərhələ, bizim atacağımız addımlardan və verəcəyimiz qərarlardan asılı olacaq”.
Nazir əlavə edib ki, Moskva və Kiyev gələcəkdə münaqişənin hansı istiqamətdə inkişaf edəcəyinə özləri qərar verəcək:
“Bu mərhələdə yalnız iki yol mövcuddur. Biri bizi sülhə aparacaq bir dövrün başlanğıcı ola bilər, digəri isə yeni dağıntılar və insan tələfatı gətirəcək. Hansı yolu seçmək lazım olduğunu tərəflər özləri müəyyənləşdirəcək”.
Fidan qeyd edib ki, müharibənin ilk günündən etibarən Türkiyə ona son qoymaq üçün ciddi səylər göstərir:
“Prezidentimiz Rəcəb Tayyib Ərdoğan tərəfləri bir araya gətirmək üçün böyük səylər göstərib. Ukrayna Prezidenti Volodimir Zelenskinin Ankaraya səfəri danışıqlara başlamaq yolunda mühüm addım oldu. Eyni zamanda, Rusiya nümayəndə heyətini də qəbul etməkdən məmnunuq. İstanbulda hər iki tərəfin nümayəndələrini qəbul etməyimiz, bu müharibəyə son qoymaq üçün qəti iradəmizi göstərir”.
Mədinə Cəlilova
16:30 16.05.2025
Oxunuş sayı: 560