İsrailin Qəzzaya hava hücumları: azı 54 nəfər öldü

İsrail ordusunun Qəzzanın cənubundakı Xan-Yunis şəhərinə gecə boyunca həyata keçirdiyi hava hücumlarında azı 54 nəfər həyatını itirib. İsrailin ardıcıl ikinci gecə Qəzzaya endirdiyi zərbələr ABŞ Prezidenti Donald Trampın Orta Şərq səfəri ilə eyni vaxta təsadüf edir.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, əvvəlki gecə də İsrailin şimal və cənub bölgələrinə hücumları nəticəsində azı 70 nəfər həlak olub. Ölənlər arasında 20-dən çox uşağın olduğu bildirilir. İsrail ordusu isə hava zərbələri ilə bağlı heç bir açıqlama verməyib.
Hücumlar ABŞ Prezidenti Trampın bölgədə təhlükəsizlik və iqtisadi əməkdaşlıq məsələlərini müzakirə etdiyi Orta Şərq turuna təsadüf edir. Tramp bazar ertəsi Səudiyyə Ərəbistanında başladığı səfəri bu həftənin cümə axşamı Birləşmiş Ərəb Əmirliklərində başa vuracaq. Bir çoxları onun bu səfərinin atəşkəsə təkan verəcəyinə və ya Qəzzaya humanitar yardımın yenidən başlamasına səbəb olacağına ümid edirdi.
BMT isə son bəyanatında İsrailin hücum planlarının “əsas humanitar prinsiplərə zidd” olduğunu bildirərək, bölgədə onsuz da aclıq, su çatışmazlığı və tibbi yardım böhranı yaşayan əhalinin vəziyyətinin daha da pisləşəcəyini xəbərdar edib. İsrail tərəfi isə blokadanın məqsədinin Həmasın yardım üzərindən gəlir əldə etməsinin qarşısını almaq və silahlı qrupu zəiflətmək olduğunu bildirib.
İsrail Baş naziri Benyamin Netanyahu bu həftənin əvvəlində hücumların daha da intensivləşəcəyini açıqlayıb. Onun ofisindən verilən məlumata görə, İsrail ordusu “Həmasın məhv edilməsi missiyasını yerinə yetirmək üçün böyük güclə” Qəzzaya daxil olmağa hazırlaşır. Netanyahu bu planın həyata keçirilməsinə sayılı günlərin qaldığını bildirib.
Fatimə Nəbiyeva
14:20 16.05.2025
Oxunuş sayı: 495