Zelenski və Ərdoğan Ankarada görüşüb

Ukrayna Prezidenti Volodimir Zelenski və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada görüş keçiriblər. Görüş təxminən üç saat davam edib. Tərəflər arasında aparılan danışıqların detalları ictimaiyyətə açıqlanmasa da, müzakirələrin əsas mövzularının regional təhlükəsizlik və Ukrayna-Rusiya müharibəsində vasitəçilik məsələləri olduğu ehtimal edilir.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Zelenski Ankaradakı görüşdən sonra yaxın saatlarda İstanbul şəhərinə yola düşəcək. Hələlik Ukrayna prezidentinin İstanbulda Rusiya ilə mümkün danışıqlarda şəxsən iştirak edib-etməyəcəyi məlum deyil. Bu məsələ ilə bağlı rəsmi təsdiq və ya təkzib yoxdur.
Zelenski ilə Rusiya nümayəndələrinin görüş ehtimalı hələ də gündəmdədir. Lakin indiyədək nə Rusiya, nə də Ukrayna tərəfi Türkiyədə bu mövzuda hər hansı bir təmas həyata keçirməyib. Belə bir görüşün baş tutması üçün diplomatik hazırlıqların davam etdiyi qeyd olunur.
Qeyd edək ki, Türkiyə tərəfi daha əvvəl də Ukrayna-Rusiya arasında vasitəçi rolunu oynayıb. Ankara, münaqişənin diplomatik yolla həll olunması üçün dəfələrlə təşəbbüslərlə çıxış edib və bu çərçivədə müxtəlif formatlarda görüşlər təşkil edib. Zelenski ilə Ərdoğan arasındakı bu son görüş də həmin diplomatik səylərin davamı kimi qiymətləndirilir.
Fatimə Nəbiyeva
09:56 16.05.2025
Oxunuş sayı: 524