"Bakı Türkiyə-İsrail xəttindəki uğurlu təcrübəni İran-İsrail münasibətlərində də tətbiq etməyə çalışır" -RƏY

Son zamanlar Azərbaycanın diplomatik fəaliyyətində yeni və dinamik bir mərhələ müşahidə olunmaqdadır. Regional və qlobal səviyyədə baş verən siyasi proseslər fonunda Azərbaycan beynəlxalq münasibətlərdə öz mövqeyini daha da möhkəmləndirmək məqsədilə fəal və çoxşaxəli xarici siyasət xətti yürüdür. Bu strategiya ölkənin həm qonşu dövlətlərlə, həm də daha geniş beynəlxalq ictimaiyyətlə əlaqələrinin inkişaf etdirilməsinə xidmət edir.
Xüsusilə, İran Prezidenti Məsud Pezeşkianın Bakıya planlaşdırılan səfəri və İsrail Baş naziri Benyamin Netanyahunun Azərbaycana mümkün səfəri barədə yayılan məlumatlar regionda siyasi proseslərin fəallaşdığını göstərir. İran dövlət başçısının səfəri Bakı və Tehran arasında münasibətlərin normallaşdırılması və əməkdaşlığın dərinləşdirilməsi istiqamətində atılan mühüm addım kimi qiymətləndirilir.
Azərbaycan xarici siyasətində daim balans prinsipinə sadiq qalaraq, müxtəlif tərəflər arasında dialoq və əməkdaşlıq mühitinin təşviq edilməsinə xüsusi önəm verir. Bakı tərəflər arasında münasibətlərin gərginləşməsinin qarşısını almağa, qarşılıqlı anlaşma və etimadın möhkəmləndirilməsinə çalışır. Bu yanaşma Azərbaycanın regional sabitliyə və beynəlxalq təhlükəsizliyə töhfə verən mühüm aktor kimi çıxış etməsinə şərait yaradır.
Mövzu haqqında politoloq Turan Rzayev Crossmedia.az-a daha ətraflı danışıb. O bildirib ki, İsrail Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri gözlənilir: "Israel Hayom" saytının yaydığı məlumata görə, Netanyahunun yaxın zamanda Azərbaycana rəsmi səfəri planlaşdırılır. Hərçənd bu məlumat hələ rəsmi təsdiqlənməyib, ehtimallar kifayət qədər yüksək qiymətləndirilir. Qeyd edək ki, belə bir iddianın məhz indiki mərhələdə ortaya çıxması təsadüfi deyil. Xatırladaq ki, bu məlumat İran Prezidenti Məsud Pezeşkianın Bakıya gözlənilən səfəri ilə bağlı xəbərin yayımlanmasından qısa müddət sonraya təsadüf edir. İranın "Tasnim" agentliyinin məlumatına əsasən, Prezident Pezeşkianın Azərbaycana səfəri aprelin 28-nə planlaşdırılıb. Əgər Benyamin Netanyahunun Azərbaycana səfəri baş tutarsa, bu ehtimal ki, Pezeşkianın səfərindən dərhal sonra gerçəkləşəcək".
Müsahibimiz söyləyib ki, son dövrlərdə Azərbaycan və İran rəsmiləri arasında qarşılıqlı səfərlərin intensivləşməsi müşahidə olunur: "Tehran Bakı ilə münasibətləri normallaşdırmaq və əvvəlki gərginliyi aradan qaldırmaq niyyətindədir. Bu vəziyyət isə Təl-Əvivi narahat etməyə bilməz. İsrail tərəfi anlayır ki, Bakı ilə Tehran arasında hərbi münaqişə ehtimalı azdır, lakin diplomatik əlaqələrin zəifliyi və davam edən gərginlik iqtisadi və siyasi münasibətlərə mənfi təsir göstərir. Bununla yanaşı, İran Azərbaycan vasitəsilə Avropa bazarına çıxış əldə edir və Şimal-Cənub nəqliyyat dəhlizindən istifadə imkanı qazanır. Bakı-Tehran münasibətlərindəki gərginlik İran üçün ciddi iqtisadi zərərlərlə nəticələnə bilər. Azərbaycan dəfələrlə İsrail və İran arasında balanslı mövqe sərgiləyib və heç bir tərəfin xeyrinə mövqe tutmayıb. Hətta gərginliyin ən yüksək səviyyədə olduğu dövrlərdə belə, Bakı Tehrana qarşı fəaliyyət göstərməkdən çəkinib. Azərbaycan tərəfi tərəf tutmaq əvəzinə balansı qorumağa və tərəfləri uzlaşdırmağa üstünlük verir. Bu siyasətin bariz nümunəsi kimi Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin İsrailə, Baş nazir Əli Əsədovun isə İrana səfəri göstərilə bilər".
Onun sözləroinə görə, Azərbaycan prosesi diqqətlə izləyir və risk amillərini qiymətləndirir: "İndiki şəraitdə İranla İsrail arasında gərginliyin dərinləşməsi və sərhədyanı ölkələrin müharibəyə sürüklənməsi Azərbaycanın maraqlarına uyğun deyil. Bakı, eyni zamanda, tərəflərin mövqelərini öyrənməyə və xüsusilə Təl-Əvivi müşahidə etməyə çalışır. Qeyd etmək lazımdır ki, Azərbaycanın Türkiyə-İsrail münasibətlərinin normallaşmasında da mühüm rolu olub. Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” beynəlxalq forumda çıxışı zamanı Türkiyə ilə İsrail arasında münasibətlərin bərpasında Azərbaycanın vasitəçilik etdiyini vurğulamışdı. Bu diplomatik təmasların nəticəsi olaraq, qısa müddət öncə Bakıda keçirilən görüşdə Türkiyə və İsrail Suriyada gərginliyin azaldılması üçün mexanizm yaradılması barədə razılığa gəldilər. Hazırkı mərhələdə Bakı Türkiyə-İsrail xəttindəki uğurlu təcrübəni İran-İsrail münasibətlərində də tətbiq etməyə çalışır. Bununla belə, İsrail Tehranın qarşılaşdığı mövcud vəziyyəti tarixi fürsət kimi qiymətləndirir. İsrailin məqsədi İranı daha böyük gərginliyə sürükləyərək, sonradan beynəlxalq koalisiyanın müdaxiləsini təmin etməkdir. Bütün bu məqamlar nəzərə alındıqda, Azərbaycanın üzərinə düşən diplomatik missiyanın bu dəfə daha mürəkkəb olduğu görünür".
Ləman Həsənova
12:44 28.04.2025
Oxunuş sayı: 952