Gec-tez Qərbi Azərbaycana qayıdış baş verəcək - AÇIQLAMA

Qərbi Azərbaycana qayıdış mövzusu Azərbaycan ictimai-siyasi proseslərinin əhəmiyyətli bir hissəsi olmaqla yanaşı, hazırda ən aktual məsələlərdən birinə çevrilib. 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunan torpaqlarda yenidən məskunlaşmağa başlayandan qarşıda duran ən mühüm məsələlərdən biri də gecikmiş ədaləti bərpa etmək və Qərbi Azərbaycana soydaşlarımızı qaytarmaqdır.
Bu məsələ hüquqi və siyasi tərəfləri, həmçinin Azərbaycan xalqının tarixi haqlarının bərpası baxımından böyük əhəmiyyət kəsb edir. Belə ki, azərbaycanlıların Ermənistan SSR-dən birinci deportasiyası 1948-1953-cü illərdə, ikinci deportasiyası isə 1988-1991-ci illərdə həyata keçirilib. SSRİ Nazirlər Soveti 1947-ci il dekabrın 23-də "Ermənistan SSR-də kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" 4083 saylı qərar qəbul etdi. Bu qərara əsasən Ermənistanda yaşayan azərbaycanlılar Saatlı, Göyçay, İmişli, Əlibayramlı, Salyan, Zərdab, Kürdəmir, Sabirabad, Yevlax, Ucar və digər Aran rayonlarında yerləşdirilib. 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindən zorla köçürülməsi - deportasiyası nəticəsində Ermənistan SSR-də azərbaycanlıların sayı xeyli azalıb, köçürülənlərin üçdə bir hissəsi məhv edilib. 1988-ci ilin yanvarından etibarən Ermənistandan Qərbi Azərbaycanlıların sonuncu deportasiyası başlanılıb. Azərbaycan ərazisinə ilk qaçqınlar isə 1988-ci il yanvarın 25-də Qafan və Mehri rayonlarından gəlib. 1988-ci ilin fevralın 28-də ermənilər "Paşa" ləqəbli E.Qriqoryanın başçılığı ilə azərbaycanlıların adı ilə öz millətlərinə qarşı qırğını, Sumqayıt fitnəkarlığını törətdilər. Mərkəzi hökümətin cinayətin əsl səbəbkarlarını araşdırmaması və hadisəyə düzgün siyasi qiymət verməməsi azərbaycanlılara qarşı informasiya müharibəsinin və ədalətsizliyinin başlanğıcını qoyub. 1988-1991-ci illərdə Ermənistanda 185 yaşayış məntəqəsindən 230 min azərbaycanlı zorakılıqla çıxarılıb, çoxlu sayda əhali öldürülüb.
Ermənilər deportasiya planını həyata keçirməzdən əvvəl bu məqsədə çatmaq üçün xüsusi strategiya müəyyən ediblər. Həmin dövrdə azərbaycanlılar isə ermənilərin bu gizli niyyətlərini tam olaraq dərk edə bilməyiblər. Çar Rusiyasının dəstəyi ilə İrəvana köçürülən ermənilər öncə məskunlaşdıqları kənd, rayon, qəsəbə və digər yaşayış məntəqələrinin adlarını dəyişdirərək onları erməniləşdiriblər. Azərbaycan mənşəli yer adları erməni adları ilə əvəz olunub. Tarixi mənbələrə əsasən, hazırkı Ermənistan ərazisində yerləşən 34 rayonun adı dəyişdirilib.
Məsələn, Qəmərli Artaşat, Arpaçay Axuryan, Kəvər Kamo, Basarkeçər Vardenis, Allahverdi Tumanyan, Aşağı Qaranlıq Martuni, Qarakilsə Sisian, Hamamlı isə Spitak adlandırılıb.
Bundan sonra bölgədə mövqelərini gücləndirən ermənilər azərbaycanlılara qarşı sıxışdırma və məcburi köçürmə siyasətinə başlayıblar. Hər il Azərbaycan dövləti ermənilərin törətdiyi soyqırımı, zorakılıq və vəhşiliklər barədə Birləşmiş Millətlər Təşkilatına, YUNESKO-ya, Avropa Şurasına, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına və dünya ictimaiyyətinə müraciətlər ünvanlasa da, hələ də gözlənilən nəticə əldə olunmayıb.
Crossmedia.az mövzu ilə bağlı Milli Məclisin deputatı Hikmət Babaoğluna müraciət edib. Deputat ilk olaraq bildirib ki, Qərbi Azərbaycana qayıdış Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir: “Azərbaycanın xarici siyasətinin əsas məqsədlərindən biri Qərbi Azərbaycana qayıdışdır. Eyni zamanda, bu hazırkı tarixi mərhələdə qarşımızda duran milli vəzifələrdəndir. Qərbi Azərbaycana qayıdış konsepsiyası qayıdışın hüquqi və beynəlxalq yollarını göstərməklə bərabər, Ermənistanda ermənilər və azərbaycanlıların birgə yaşayış formasını nəzərdə tutur”.
H.Babaoğlunun sözlərinə görə, gec-tez bu hadisə baş verəcək: “Fikrimcə, hazırkı mərhələni Ermənistan cəmiyyətinin və Ermənistanın dövlət institutlarının buna hazırlıq mərhələsi kimi qiymətləndirilə bilərik. Bu qaçılmaz sonluqdur və Ermənistanda bunu nə qədər tez tərk edərlərsə, bir o qədər yaxşı olar. Məsələ ilə bağlı keçirilən konfranslara, tədbirlərə gəldikdə isə, əlbəttə ki, bunlar çox vacibdir. Həm beynəlxalq ictimai rəyin məlumatlandırılması, həm də məsələnin hüquqi bazasının gücləndirilməsi baxımından bütün bunlar olduqca aktualdır”.
Nəzrin Salmanova
11:51 05.03.2025
Oxunuş sayı: 22762