CROSSMEDIA - BRİKS:Dünyada yeni güc mərkəzi?
Sosium

BRİKS: Dünyada yeni güc mərkəzi?

Dünyada iqtisadi və siyasi qüvvə mərkəzləri sürətlə dəyişir və qlobal sistem yeni çoxqütblü düzənə doğru irəliləyir. Ənənəvi qlobal institutlar yeni güc mərkəzlərinin yaranması ilə qarşı-qarşıya qalır. Bu prosesin əsas aktorlarından biri olan BRICS ittifaqı dünya nizamını dəyişdirmək üçün bir araya gəlmiş inkişaf etməkdə olan ölkələrdən ibarət çoxşaxəli təşkilatdır və dəyişən qlobal arxitekturanın əsas sütunlarından birinə çevrilməkdədir. BRICS-in yaranması qlobal iqtisadi balansın yenidən formalaşdırılması istiqamətində atılan mühüm addım kimi qiymətləndirilir.

BRICS-in yaranmasının kökləri 2000-ci illərin əvvəllərinə Qərb mərkəzli dünya sisteminin qeyri-bərabərliyinin artıq aşkar şəkildə hiss edildiyi dövrə dayanır və qlobal güc balansında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu dövrdə inkişaf etmiş ölkələrin üstünlük təşkil etdiyi beynəlxalq ticarət və maliyyə sistemləri, iqtisadi cəhətdən daha zəif, lakin potensialı olan inkişaf etməkdə olan ölkələr üçün əlverişli şərait yaratmırdı. BRICS bu vəziyyəti dəyişdirmək və iqtisadi gücün tarazlığını yenidən formalaşdırmaq məqsədilə yaranmışdır.

Əsası 2006-cı ildə qoyulan BRICS-in daha güclü təsisat kimi formalaşması 2009-cu ildə təşkil edilən ilk rəsmi sammitdən sonra baş verdi. İlkin olaraq öz iqtisadi əlaqələrini gücləndirmək istəyən dörd ölkə - Braziliya, Rusiya, Hindistan və Çindən ibarət olan bu birlik 2010-cu ildə Cənubi Afrikanın qoşulması ilə BRICS adını aldı. Bu ittifaqın əsasında yatan əsas ideya, inkişaf etməkdə olan ölkələrin, xüsusilə Qərb mərkəzli iqtisadi və maliyyə sistemlərinə qarşı alternativlər təqdim etmək və bu ölkələr arasında koordinasiyanı artırmaq idi.

2008-ci ildə baş verən qlobal maliyyə böhranı inkişaf etməkdə olan ölkələrin müstəqil və özlərinə məxsus maliyyə strukturlarına ehtiyaclarını daha da artırdı. Bu böhran Qərbin dominant olduğu maliyyə və ticarət sisteminə qarşı etirazı və yeni bir nizam qurmaq istəyini qidalandırdı. BRICS bu vəziyyətdən faydalanaraq, ticarət və iqtisadi əlaqələri daha güclü bir şəkildə qurmağı hədəflədi.

2024-cü ildən sonra isə təşkilat genişlənərək Misir, İran, Efiopiya, BƏƏ və İndoneziyanın qoşulması ilə daha da böyüdü. Bu yeni üzvlər ilə birlikdə BRICS artıq dünyanın ümumi ÜDM-nin 37%-inə, qlobal ticarətin isə 20%-nə nəzarət edir, bu da onun təsir dairəsinin daha da genişləndiyini və dünyanın müxtəlif regionlarını əhatə etdiyini göstərir.

BRICS üzvləri bir çox cəhətdən müxtəlif olsa da, onların ortaq xüsusiyyətləri böyük iqtisadi potensial, geniş bazar imkanları və sürətli inkişaf tempi ilə bağlıdır. Hər bir üzv ölkənin özünəməxsus gücü və regional liderliyi təşkilatın ümumi potensialını artırır.

Braziliya: Cənubi Amerikanın ən böyük iqtisadiyyatına malik olan Braziliya, xüsusilə kənd təsərrüfatı və sənaye istehsalında liderdir. Bu ölkə qlobal bazarda təbii sərvətlərə olan tələbatın artmasından faydalanır.

Rusiya: Dünyanın ən böyük enerji resurslarına sahib olan Rusiya, xüsusilə neft və qaz ixracında dünya liderlərindəndir. Bununla yanaşı, ölkə böyük hərbi gücə malikdir və geosiyasi vəziyyətə təsir edən bir aktordur.

Hindistan: 1.4 milyardlıq əhalisi və inkişaf edən texnologiya sektoru ilə qlobal iqtisadiyyatın mühüm aktorlarından biridir. Həmçinin, Hindistan dünyada ən sürətli inkişaf edən böyük bazara malikdir.

Çin: Dünyanın ikinci ən böyük iqtisadiyyatı olan Çin, həm istehsal, həm də texnologiya sahəsində dünya səviyyəsində hegemon rolunu oynayır. Qlobal iqtisadiyyatda böyük təsirə malik olan Çin, həmçinin ən böyük istehsal bazarlarından birini təşkil edir.

Cənubi Afrika: Afrikanın ən inkişaf etmiş iqtisadiyyatlarından biri olan Cənubi Afrika, xüsusilə mədən sənayesində böyük paya sahibdir və bu səbəbdən BRICS daxilində strateji əhəmiyyətə malikdir.

BRICS qlobal güc mərkəzi olmaq yolunda daha irəli addımlar atmaqdadır. İran və Rusiya kimi enerji nəhəngləri, Hindistan və Çin kimi texnologiya mərkəzləri, BƏƏ və Misir kimi ticarət və nəqliyyat qovşaqları bu birliyin strateji əhəmiyyətini daha da artırır. BRICS üzvləri aşağıdakı əsas hədəflərə yönəlir: 

Qlobal iqtisadi balansın dəyişdirilməsi: BRICS, ABŞ və Avropa İttifaqının liderliyində olan maliyyə sistemlərinə qarşı yeni bir iqtisadi model təqdim etmək məqsədilə Yeni İnkişaf Bankı (NDB) yaradıb. Bu bank vasitəsilə təşkilat, üzv ölkələr üçün infrastruktur layihələrini maliyyələşdirir.

Dollar Hegemoniyasının Zəiflədilməsi: BRICS üzvləri ticarəti milli valyutalarla həyata keçirmək üçün yeni mexanizmlər yaradaraq qlobal rezerv valyuta kimi ABŞ dollarının beynəlxalq bazarda təsirini minimuma endirməyə çalışırlar. 

Qərb mərkəzli dünya nizamına alternativ qurmaq: BRICS beynəlxalq siyasətdə Qərbin dominantlığını balanslaşdırmaq və inkişaf etməkdə olan ölkələrin səsini gücləndirmək üçün fəaliyyət göstərir. Bu, qlobal qərar qəbuletmə prosesində yeni və bərabərhüquqlu bir mühit yaratmağı hədəfləyir.

BRICS-in nüfuzu artdıqca, birliyə qoşulmaq istəyən ölkələrin sayı da artır. Hal-hazırda Argentina, Səudiyyə Ərəbistanı, Nigeriya, Türkiyə və bir sıra digər dövlətlər təşkilata üzv olmaq üçün maraq göstərirlər. Bu ölkələr BRICS-in təqdim etdiyi iqtisadi və diplomatik imkanlardan yararlanmaq niyyətindədirlər.

BRICS-in genişlənməsi qlobal siyasi və iqtisadi münasibətlərdə yeni dinamikalar yaradır. Təşkilatın üzvlük şərtləri və gələcəkdə qəbul olunacaq ölkələr hələ tam müəyyən edilməsə də, bu istiqamətdə intensiv danışıqlar davam edir.

Azərbaycanın BRICS-lə əməkdaşlıq məsələsi son illərdə aktual mövzulardan birinə çevrilib. BRICS-in Azərbaycana marağı da təsadüfi deyil. Təşkilat üçün Qafqazda strateji dayaqların yaradılması vacibdir, Azərbaycan isə bu prosesdə açar rol oynaya bilər.  Ölkəmizin geostrateji mövqeyi, enerji ehtiyatları və beynəlxalq ticarət yollarına çıxışı BRICS üçün maraqlı tərəfdaş olmasını şərtləndirir. Azərbaycan xüsusilə Orta Dəhliz vasitəsilə Çin və Avropa arasında iqtisadi əlaqələrin qurulmasında mühüm rol oynayır. BRICS-in Azərbaycanla əməkdaşlığı, həm iqtisadi, həm də siyasi sahələrdə yeni imkanlar açır: 

Yeni investisiya imkanları: BRICS-in Yeni İnkişaf Bankı Azərbaycan üçün infrastruktur layihələrinin maliyyələşdirilməsinə dəstək göstərə bilər.

Texnologiya və ticarət transferi: Çin, Hindistan və Rusiya ilə əlaqələrin möhkəmlənməsi, yeni bazarların açılmasına və texnoloji inkişafın sürətlənməsinə səbəb ola bilər.

Beynəlxalq siyasi mövqeyin gücləndirilməsi: BRICS-lə əlaqələrin inkişafı Azərbaycanın qlobal arenada daha balanslı xarici siyasət yürütməsinə kömək edə bilər.

Azərbaycanın BRICS-lə əməkdaşlığı həm siyasi, həm də iqtisadi baxımdan mühüm strateji addımdır və ölkənin xarici siyasətinin çoxvektorlu strategiyasına tam uyğun gəlir. Bu əməkdaşlıq çərçivəsində Azərbaycan yeni qlobal güc balansında daha güclü mövqe tuta və öz milli maraqlarını effektiv şəkildə müdafiə edə bilər. BRICS-in genişlənməsi və beynəlxalq təsirinin artması gələcəkdə bu təşkilatın daha da güclənəcəyini və qlobal səhnədə əsas aktorlarından birinə çevriləcəyini göstərir. Hazırkı dövrdə düzgün strategiya müəyyən olunarsa, BRICS-lə əməkdaşlığın genişləndirilməsinə paralel olaraq Qərblə strateji tərəfdaşlıq əlaqələri qorunub saxlanarsa, uzunmüddətli perspektivdə bu birlik Azərbaycanın iqtisadi və diplomatik imkanlarını genişləndirə və bu sahədə ciddi nailiyyətlər əldə edə bilər.

Onu da qeyd etmək lazımdır ki, BRICS öz valyutasını formalaşdıraraq ABŞ-ni tam bazardan çıxarmaq istəyirdi. Lakin Donald Tramp hakimiyyətə gəldikdən sonra Çinlə müharibə və Rusiya ilə yaxınlaşma yürüdür. Rusiya-Ukrayna müharibəsinə ABŞ-nin təsirindən asılı olaraq BRICS-in gələcək fəaliyyəti də müəyyənləşə bilər.

Nigar Yahyazadə

10:55 24.02.2025

Oxunuş sayı: 747

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR