Boz ay gəldi: Çərşənbələr haqqında nə bilirik? – MÜTƏXƏSSİSLƏRDƏN MARAQLI AÇIQLAMA

Yurdumuza, elimizə-obamıza Novruz gəlir. Novruzun gəlişi ilə birlikdə, qışın soyuğu yerini yazın isti və xoş havasına buraxacaq. Hər tərəf bahar çiçəkləri ilə bəzənəcək, təbiət yenidən canlanacaq. Novruzun ilk qaranquşu, müjdəçisi isə çərşənbələrdir.
Məlumatlara görə Novruz insana həyat verən dörd ünsürün – suyun, odun, torpağın və yelin (havanın) isinməsi, “dirilməsi” istəyi ilə bağlı yaranıb. Novruz bayramınadək qalan 30 günlük müddət - Boz ay adlanır. Dörd çərşənbə də elə məhz Boz aya düşür. Köhnə inanclara görə, insana fayda verməyən hər şey “ölü” hesab olunub. Bu mənada, torpağın məhsul verməməsi və donması insanın ən zəruri həyat nemətlərindən məhrum olması kimi görülüb. Torpağın dirilməsi üçün isə su, istilik və yel lazım olub… Bu vəzifəni də Boz ay üzərinə götürüb… Böyük Çillə və Kiçik Çilləyə cavab olaraq bildirir ki, “Siz məni uzaqda görmüsünüz, sizin acığınıza mən də gedib buzları əridəcəyəm, torpağın donunu açacağam, əkinləri, çölləri, yamacları cücərdəcəyəm”. Beləliklə çərşənbələrin hər birində isə təbiətin bir ünsürü "dirilir", torpaq yavaş-yavaş canlanır.
Bəs çərşənbələrin sıralanması və tarixi nə ilə bağlıdır?
Crossmedia.az mövzu ilə bağlı AMEA Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Bəhmən Əliyevə müraciət edib.
Alim ilk olaraq vurğulayıb ki, hər şey aylara ad qoymaqdan başlayıb: “Bilirsiniz hər şey nədən başladı? Aylara ad qoymaqdan... Günləri aylara bölüşdürməkdən... Əfsanəyə görə, bir vaxtlar günlər sıra ilə düzülübmüş. Yəni ay-filan yoxmuş. Dədə-babalarımız görüblər ki, ilin günlərini qarışıq salmağa başlayıblar. Ona görə də ayları yaradırlar... Döl ayı, Dölardı, Qırovdüşən, Qarbasan, Böyük Çillə, Qaraqış, Kiçik Çillə, Yalquzaq, Körpə, Ağlar-güləyən, Əmlik, Yüz, Yaylaq, Qorabişirən, Küz...
Günləri aylara yığırlar. Hər aya 32 gün verirlər, boz aya 14 gün qalır. Görürlər ki, Boz ay inciyir, ayların payından bir neçə gün verirlər Boz aya. Onlar olur 31 gün, Boz ay olur 25 gün. Görürlər ki, Boz ay yenə razılaşmır. Qayıdıb aylardan yenə bir gün istəyir. Ayların yarısı deyir ki, daha 31 günümüz var, verə bilmərik. O biri yarısı isə boz aya 1-2 gün verir. Boz ay olur 31 gün. Qalan ayların bəzisi 31 gün, bəzisi 30 gün, biri isə 28 gün olur. Boz ay günlərin çoxunu o biri aylardan aldığı üçün havası da qarışıqdır. Çünki soyuq günləri qış aylarından, isti günləri yay aylarından, yağışlı günləri yaz və payız aylarından alıb”.
Onun sözlərinə görə, qışın verdiyi günlərin adı Ala Çalpo və ya Ala Çalpoy olub: “Küləkli, yağışlı qara, fırtına və çovğunlu havaya Ala Çalpo deyirmişlər. Ala Çalpoy adətən Kiçik Çillədən sonra, Boz ayın ilk günlərində özünü göstərir... Bu dəfə Ala Çalpoy tələsib Boz ayın gəldiyini xəbər verdi... Xalq təqviminə görə Ala Çalpoda (Kiçik Çillənin sonu - Boz ayın əvvəlinə düşən günlər) yazın birinci həftəsində əsən quru soyuq küləkləri “Xıdır Nəbi küləyi” adlandırılır. Həmin küləklərdən sonra ağaclar puçurlamağa, yəni açmağa başladığından ona bəzən “puçur yeli” də deyilir”.
Mütəxəssis həmçinin Ala Çalpoy barəsində də məlumat verib: “Bəs Ala Çalpoy nədir? Ala Çalpo rəngdir, bu rəng ağ rəngin başqa rənglərlə qarışığından ibarətdir, canlı və cansız dünyada rəng əlamətlərindən biridir. Bu söz və ya rəng alalıq, ala-bulalıq, ağ rəng ilə qarışıqlıq, adda-buddalıq, qeyri müəyyənlik və s. rəngləri, xassələri ifadə edir.
“Bir atı var, Alapaça, Aman vermir Qırat qaça”- deyən Koroğlunun Giziroğlunun atını tərifləməsini yəqin ki, xatırlayırsınız. Alapaça, yəni paçalarının arası ağ olan kəhər at; alanəm-qurumamış, yaş; alakölgə-həm işıqlı, həm kölgəli yer və s. Rəng və əlamətlə yanaşı, ala sözü “Kitabı Dədə Qorqud” dastanlarında hündür, böyük səmt, istiqamət, tərəf mənalarında işlədilir”.
B.Əliyev deyib ki, fevralın 21-22-dən martın 21- 22-nə qədər olan Boz ayı “Yazın qırxlı çağı” sayırlar. Əvvəllər bu ay “Boz çillə”, “Ala çillə”, “Ağlar-Gülər”, “Çıxçömbəl” adları ilə də tanınıb, bu sözlər indi də yaddaşımızın dərinliklərində ilişib qalıb: “Xalq təqvimində Boz ay Döl ayı kimi də tanınır. Bu ay fevralın 22-dən martın 22-dək davam edir... “Boz ayımız bozarsa da döl ayıdır ki, döl ayıdı”, - deyimi bununla bağlıdır. Bu ayda qoyunlar quzulayar, quzular mələyər, ata-babalarımız deyiblər ki, “Döl düşdü, bərəkətdən göl düşdü”. Bir də belə vaxtda söyləyərlər ki, “Quzuların səsindən qış səksənər, köynək-köynək ət tökər”.
“Düz 30 gün, yəni Novruz bayramına qədər hava gah bozaracaq, gah qaralacaq, gah da gün çıxacaq. “Boz ay bozara-bozara keçər” - məsəli təsadüfi deyilmir.
Boz ay hər biri 7 gündən ibarət 4 həftəyə - çilləbeçəyə bölünür. Üç “doğru çərşənbə” (“doğru çərşənbə”, “doğru buğ”, “doğru üskü”) və İlaxır çərşənbə “Boz ay”dadır. Boz ayımızda salamatlıq olsun!”, - deyə o fikrini yekunlaşdırıb.
Mövzu ilə bağlı açıqlama verən AMEA Folklor İnstitunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Şakir Albalıyev bildirib ki, Novruzun tarixi bəşəriyyətin yaşı ilə ölçülür: “Yazın gəlişi və bahar fəslinin gəlişi ilə metaforik və rəmzi yanaşmalar hansı ilkin ibtidai mədəniyyət formalaşıbsa, Novruz bayramı o çağdan başlayır. Bəzi tədqiqatçılar Novruzun tarixini Şumerlərlə, bəziləri Zərdüştilərlə, bəziləri İslamla əlaqələndirir. Əgər qəbul etsək ki, tarix Şumerdən başlanır ifadəsi var o zaman Novruz bayramının tarixi də elə bəşər tarixi ilə bir arada, bir sırada götürülməlidir. Bu nöqteyi-nəzərdən Şumerlərdən başlama versiyasını hardasa ağlabatan hesab etmək olar. Şumerlər ilkin sivilizasiyanın yaradıcılarıdırsa bir sıra mədəniyyət abidələri ilə yanaşı, Novruz bayramı da yaranmasında iştirakı məntiqə uyğun görünür”.
Onun sözlərinə görə, Novruz bayramı həm İslam dünyasında, həm də müəyyən mənada xristian dünyasında geniş qeyd olunur: “Bu bayram təkcə türk dünyasında deyil, eyni zamanda Şərq dünyasında, ərəblərdə, farslarda və başqa xalqlarda da keçirilir. Bu səbəbdəndir ki, Novruzun tarixini Şumerlərlə bağlamaqda müəyyən narazılıqlar yaranır. Bugünkü yanaşmada Novruz bayramı ortaq coğrafiyada və iqlim şəraitində yaşayan xalqlar tərəfindən müştərək bayramı kimi qeyd edilir.
O ki qaldı, Novruz bayramının Zərdüştlüklə və Atəşpərəstliklə bağlılığına bu barədə tədqiqatçılar, folklörşünaslar, o cümlədən, mərhum professor Azad Nəbiyev bu məsələyə aydın münasibətini ortaya qoyub. O bildirib ki, tarixin müəyyən dövrlərində atəşlə bağlı ayinlər, məsəllər, adətlər Zərdüşlüklə bağlı uyğunluq təşkil etdiyindən bu tarix Zərdüşlüklə bağlıdır. Halbuki Novruzun tarixi atəşpərəstlikdən çox-çox əvvələ gedib çıxır”.
Folklorşünasın sözlərinə görə, zaman-zaman müsəlman dünyasında Novruz bayramı haqqında ziddiyyətli fikirlər ortaya çıxıb: “Vaxtilə bəzi dini təriqətlər Novruz bayramını qəbul etmir və onu atəşpərəstliyin izləri kimi küfrlə, odla əlaqələndirirdilər. Ancaq sonradan Novruz bayramının həyat, yaradılış fəlsəfəsi olduğunu, eyni zamanda dünyaya baxış tərzi, sülh və ədalət mücəssəməsi olduğunu gördükdən sonra, təbii ki, Zərdüştlük kimi digər inanclara yanaşı, İslam dünyası da Novruz bayramını öz mədəniyyətlərinə uyğunlaşdırmağa çalışıb. İslam dünyasında bu bayramı çox vaxt Həzrəti Əlinin taxta çıxdığı gün kimi qələmə verirlər. Bununla bağlı müxtəlif dini rəvayətlər də mövcuddur. Bəzi rəvayətlərə görə, Həzrəti Əlinin al qırmızı geyinib taxta çıxdığı gün Novruz bayramını günüdür. Bu yöndə yanaşanda Novruz bayramı İslam dini ilə də əlaqələndirilir.
Novruz bayramının tarixi, qeyd etdiyim kimi, çox qədimlərə gedib çıxır və bunun bariz göstəricisi odur ki, İslam dünyasındakı bütün bayramlar qəməri təqvimi ilə götürüldüyünə görə hər il qeyd etdiyimiz tarixdən 10 gün geriyə çəkilir. Amma Novruz bayramı hər il eyni vaxtda martın 21-də qeyd olunur. Bu da Novruzun tarixinin İslamdan əvvəl olmasının bariz sübutudur”.
Ekspert çərşənbələrin sıralanmasına da aydınlıq gətirib: “Dörd yaradılış ünsürü var: su, od, hava və torpaq. Bu ünsürlərin birləşməsi yeni həyatın yaranmasını stimullaşdırır və Novruz bayramında dörd çərşənbə bu yaradıcı ünsürlərin sıralanması ilə əlaqədardır: su çərşənbəsi, od çərşənbəsi, yel çərşənbəsi və torpaq çərşənbəsi”.
Onun fikrincə, çərşənbələrin sıralanmasında fəlsəfi baxışlar öz sözünü deyir: “Birinci çərşənbə olaraq su çərşənbəsi götürülür. Bu, dinə görə, hər bir canlıyı sudan yaratdıq inancına əsaslanır. Belə ki, ənənəvi olaraq ilk çərşənbə su çərşənbəsi kimi qeyd edilir. İkinci çərşənbə od çərşənbəsidir. Od, ruhun ifadəsi olaraq qəbul edilir və ona hörmət göstərilir. Üçüncü çərşənbə yel çərşənbəsi, dördüncü çərşənbə isə torpaq çərşənbəsidir”.
Tədqiqatçılar arasında bu düzüm haqqında müxtəlif baxışlar mövcuddur. Bəzi tədqiqatçılar üçüncü çərşənbəni torpaq çərşənbəsi, dördüncünü isə yel çərşənbəsi olaraq qəbul edirlər, digərləri isə əksinə: “Bir qrup tədqiqatçılar qeyd edir ki, torpaq çərşənbəsinin sonuncu olaraq qeyd edilməsinin səbəbi budur ki, yaz gəlir və torpaq məhsuldarlıq rəmzi olaraq canlanır. Qışın çətinliklərini yaşayan insanlar, yazın gəlməsi ilə torpağın məhsuldarlığından faydalanırlar və əkinçilik işlərinə başlayırlar. Digər qrup tədqiqatçılar isə yel çərşənbəsini sonuncu olaraq qəbul edirlər. Onlar bunu belə əsaslandırır ki, su, od və torpaq -yaradılış ünsürlərinin cəmlənməsi ilə həyat yaranır, lakin onun “cana gəlməsi” üçün yel, yəni nəfəs lazımdır. Yel hava ünsüru olaraq sonda yaradılmışlara verilir və torpaq cana gəlir. Ancaq artıq çərşənbələr illərdir ki, su, od, yel və torpaq çərşənbəsi kimi sıralanır”.
Nəzrin Salmanova
09:58 22.02.2025
Oxunuş sayı: 21251