Azərbaycanda kollektiv şüuru işğal etmək istəyən qüvvələr fəallaşıb - TƏHLÜKƏ VAR

Azərbaycan son illərdə həm daxili, həm də xarici siyasətində daha prinsipial və müstəqil mövqe nümayiş etdirir. Dövlət artıq xarici təsirlərə və müxtəlif təşkilatların ölkə daxilində müdaxiləsinə qarşı sərt addımlar ataraq, suverenliyini qorumaq istiqamətində yeni bir mərhələyə keçib. Xüsusilə, ölkəmizdə fəaliyyət göstərən bəzi xarici təşkilatların milli maraqlara zidd fəaliyyət göstərməsi ilə bağlı aparılan araşdırmalar nəticəsində Azərbaycan dövləti konkret qərarlar qəbul edir.
Bu çərçivədə, ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Rusiyanın Azərbaycandakı “Rus Evi” təşkilatının fəaliyyətinə xitam verilməsi ilə bağlı mühüm addımlar atılıb. Bu qərarlar Azərbaycanın milli təhlükəsizliyini, ideoloji müstəqilliyini və dövlət suverenliyini qorumaq məqsədinə xidmət edir. Ölkənin beynəlxalq münasibətlərində tarazlı və müstəqil siyasət yürütməsi, eyni zamanda daxili işlərinə xarici müdaxilələrə qarşı prinsipial mövqe tutması Azərbaycanın artan gücünü və qətiyyətini bir daha nümayiş etdirir.
Ötən illərdə bəzi xarici qüvvələr müxtəlif təşkilatlar vasitəsilə Azərbaycanda ideoloji təsir yaratmağa, milli şüuru və cəmiyyətin dəyərlərini dəyişdirməyə cəhd edirdi. Xüsusilə, “humanitar yardım”, “mədəniyyətin inkişafı”, “qeyri-hökumət təşkilatlarının dəstəklənməsi” kimi fəaliyyətlər adı altında milli maraqlara zidd addımlar atıldığı aşkar olunub. Lakin Azərbaycan dövlətinin artan siyasi və iqtisadi gücü, həmçinin öz milli maraqlarını qətiyyətlə qorumaq iradəsi bu kimi təsirlərə imkan vermir.
Azərbaycan artıq həm siyasi, həm iqtisadi, həm də hərbi baxımdan öz müstəqil siyasətini həyata keçirə bilən güclü dövlətdir. Ölkəmiz keçmişdə müxtəlif beynəlxalq təzyiqlərlə qarşılaşsa da, bu gün həmin qüvvələrin təsir imkanlarını minimuma endirmək üçün konkret addımlar atır. Azərbaycanın bu qərarları ölkə daxilində milli birliyi gücləndirəcək, xarici təsirlərə qarşı davamlı müdafiə mexanizmləri yaradacaq və dövlətin müstəqil siyasətini daha da möhkəmləndirəcək.
Milli Məclisin deputatı Hikmət Babaoğlu məsələ ilə bağlı Crossmedia.az-a açıqlamasında Azərbaycanın artıq öz milli maraqlarını qətiyyətlə qorumaq gücünə sahib olduğunu vurğulayıb: “Yalnız güclü dövlət öz milli maraqlarını qətiyyətlə qoruya bilər. Azərbaycan torpaqlarının 20%-i işğal altında olduğu dövrdə və ölkədə 1 milyondan çox qaçqın və məcburi köçkün olduğu zaman bəzi güc mərkəzləri bu problemlərdən istifadə edərək Azərbaycana təzyiq göstərməyə çalışırdı. Keçmiş münaqişənin həlli ilə bağlı ölkəmizdən güzəştlər tələb edən qonşu dövlətlər də mövcud idi. Lakin Azərbaycan məhz güclənərək, milli gücünə, iqtisadiyyatına və ordusuna arxalanaraq 2020-ci ildən sonra yeni bir reallıq yaratdı. 2023-cü ildə isə bu reallıq tarixi bir hadisə ilə tamamlandı”.
Azərbaycanın son illərdə güclənməsi nəticəsində ölkə daxili və xarici təhdidlərə qarşı daha sərt mövqe ortaya qoyur. Deputatın sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünü tam təmin etməsi ilə yeni bir mərhələ başlayıb: “Artıq Azərbaycan ərazisində separatçılar və terrorçular mövcud deyil. Beləliklə, ölkəmiz milli gücünün bütün resurslarını milli maraqlara yönəltməyə nail oldu. İndiki mərhələdə isə qarşıda duran əsas vəzifə təkcə ərazi bütövlüyünü təmin etmək deyil, eyni zamanda milli şüurun qorunmasıdır”.
Hikmət Babaoğlu bildirib ki, bəzi xarici qüvvələr Azərbaycanın torpaqlarını işğal edə bilmədiklərinə görə, ölkə daxilində ideoloji təsir yaratmağa çalışırlar: “Yəni, Azərbaycanın torpaqlarını işğal edə bilməyən bəzi qüvvələr xalqımızın düşüncəsini, şüurunu işğal etməyə çalışırlar. Bu xüsusilə müxtəlif xarici təşkilatların, o cümlədən USAID və “Rus Evi” kimi qurumların fəaliyyəti ilə özünü göstərir. Bu kimi təşkilatlar açıq şəkildə torpaqlarımızı deyil, insanlarımızın şüurunu işğal etməyə çalışaraq, onları bizə qarşı silaha çevirmək niyyətindədirlər”.
Deputat vurğulayıb ki, bu təşkilatlar Azərbaycan cəmiyyətində parçalanma yaratmağa çalışır və milli-mənəvi dəyərlərimizə qarşı yönəlmiş fəaliyyət göstərir: “USAID-in fəaliyyətini araşdırsaq, görərik ki, bu təşkilat bir çox ölkədə “rəngli inqilabları” dəstəkləməklə yanaşı, qeyri-ənənəvi dəyərləri təbliğ edərək milli-mənəvi dəyərlərimizə qarşı yönəlmiş fəaliyyət göstərir. Bununla da Azərbaycan cəmiyyətində parçalanmalar yaratmağa çalışırlar”.
Sonda Hikmət Babaoğlu Azərbaycanın bu cür xarici təsirlərə qarşı prinsipial mövqeyinin əhəmiyyətini qeyd edib:
“Ona görə də Azərbaycan dövlətinin bu cür təşkilatlara qarşı atdığı addımlar yalnız güclü və qətiyyətli bir dövlətin mövqeyi kimi qiymətləndirilməlidir. Bu qərarlar xalqımızın birliyini daha da möhkəmləndirəcək, dövlətimizi daha da gücləndirəcək və bizi böyük hədəflərə çatdırmaq üçün yeni imkanlar yaradacaq”.
Azərbaycanın qəbul etdiyi bu qərarlar ölkənin milli maraqlarını qorumaq istiqamətində qətiyyətli siyasət yürütdüyünü və xarici təsirlərə qarşı prinsipial mövqe tutduğunu bir daha sübut edir.
Maral Şahverdili
12:54 11.02.2025
Oxunuş sayı: 7487