Bakıda tıxacları azaltmaq üçün yeni addım: iş saatları dəyişdirilə bilər – ŞƏRH

Bakıda nəqliyyat sıxlığının qarşısını almaq üçün iş saatlarının dəyişdirilməsi məsələsi gündəmə gəlib. Dünyada bu təcrübə artıq bir sıra ölkələrdə tətbiq olunub və müsbət nəticələr verib. Belə ki, iş gününün fərqli saatlarda başlaması yol infrastrukturuna düşən yükü azaltmağa və tıxacları minimuma endirməyə kömək edə bilər.
Bəs iş saatlarının dəyişdirilməsi tıxac problemini nə dərəcədə həll edə bilər?
Mövzu ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov Crossmedia.az-a verdiyi açıqlamasında bildirib ki, iş vaxtlarının dəyişdirilməsi sıxlıqların aradan qaldırılmasına müsbət təsir edə bilər:
"Lakin bu prosesin uğurla həyata keçirilməsi üçün insanların yeni iş saatlarına uyğunlaşması vacibdir. Ümumilikdə prinsip etibarilə bu iş mümkündür, lakin nəzərə alınmalı olan subyektiv amillər də mövcuddur. Bu amillərdən biri vətəndaşların prosesə necə cəlb olunması və bu yeni sistemə necə uyğunlaşacağıdır. Yəni, onlar bu rejimə necə uyğunlaşacaq? İşə gedib-gəlmə qaydaları necə tənzimlənəcək? Marşrut sistemləri necə təşkil olunacaq?
Bu səbəbdən vətəndaşların yeni sistemə alışması, ictimai nəqliyyatın uyğunlaşdırılması və ümumi yol infrastrukturunun bu sistemə adaptasiya edilməsi də önəmli faktorlardır".
Ekspert vurğulayır ki, iş saatlarının dəyişdirilməsi tıxacların azaldılmasına kömək edə biləcək addımlardan biridir. Bu məsələlər kompleks yanaşma tələb edir və davamlı olaraq müvafiq tədbirlər görülməlidir.
Elnurə Kərimova
09:30 11.02.2025
Oxunuş sayı: 4031