Bu halda jurnalistikadan söhbət belə gedə bilməz...

“Bizim dövr" qəzetinin və Aktualinfo.az saytının baş redaktoru Surxay Əliyev və onunla birgə həbs edilən müavini Hikmət Nəcəfli barəsində cinayət işi üzrə məhkəmə davam etdirilib. Surxay Əliyevin 9 il, Hikmət Nəcəflinin 9 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini təklif edib.
Onlar dələduzluqda və hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilirlər.
Son illərdə reket jurnalistlərin sayının artması media sahəsində ciddi narahatlıq doğurur. Qanuni və etik prinsipləri pozaraq şəxsi maraqlarını güdən bu şəxslər, jurnalistikanın əsas dəyərlərini gözdən salır, cəmiyyətin media orqanlarına inamını sarsıdırlar. Onlar şantaj, dezinformasiya və manipulyasiya kimi üsullarla həm vətəndaşları, həm də dövlət qurumlarını hədəf alaraq qanunsuz yollarla maddi və digər mənfəətlər əldə etməyə çalışırlar. Bu tendensiya media sahəsində nəzarət və tənzimləmə mexanizmlərinin gücləndirilməsini, eləcə də peşəkar jurnalistikanın inkişafına dəstək verilməsini zəruri edir.
Bu reket jurnalistlərin sayı niyə bu qədər artıb? Reketçiliyin qarşısını almaq üçün hansı hüquqi görülməlidir?
Mövzu ilə bağlı BDU Jurnalistika fakültəsinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri Xatirə Hüseynova Crossmedia.az saytına açıqlama verib:
“Jurnalistika insanların informasiya ehtiyacını ödəməyə xidmət edən yaradıcılıq sahəsidir. İnsanın xəbərə, yeniliyə olan tələbatı ən təməl ehtiyaclardan sayılır. “Harada nə baş verib?” sualı həmişə maraq doğurur. Jurnalistin birinci vəzifəsi də bu marağı nəzərə almaq, cəmiyyətin bu tələbatını zamanında yerinə yetirməkdir. Həm də obyektiv, tərəfsiz və vicdanla. O ki qaldı, məqsədli şəkildə kiməsə böhtan ataraq “qəzetimdə səni rüsvay edəcəm” zehniyyətində olanlara, düşünürəm ki, belə dələduzlarla qanun çərçivəsində rəfrar etmək vacibdir. Cəmiyyət özü də belə neqativ hallara sayıq yanaşmalıdır".
Onun sözlərinə görə, dərhal özünü “jurnalist” adlandırıb rüşvət tələb edən şəxs haqqında lazımi oqranlara məlumat verilməlidir: "Biz uzun illər jurnalistika fakültəsində gənclərin mətbuatımızın ənənələrinə uyğun obyektiv, məlumatlı, çevik jurnalistlər kimi yetişmələrinə çalışırıq. Amma belə neqativ nümunələr jurnalistikamıza xələl gətirir. Yeri gəlmişkən, bəzən media istəməyərəkdən də “reket”lər üçün münbit mühit formalaşdıra bilər. Məlumatsızlıq hərdən meydanı boş görənlər üçün fürsətə çevrilir. Jurnalistlər çevik və operativ şəkildə günün tələbinə uyğun informasiyanı yaymaqla böhtan xarakterli yazıları sıxışdıra bilərlər. Bütün hallarda böhtan atmaqla, hədə-qorxu yolu ilə kimdənsə rüşvət tələb etmək və bununçün mediadan istifadəyə cəhdin qarşısı birmənalı şəkildə hüquqi müstəvidə alınmalıdır. Çünki belə halda jurnalistikadan söhbət belə gedə bilməz”.
Ayhan Ağarzayev
16:06 10.02.2025
Oxunuş sayı: 6996