Azərbaycan USAID-ə qapını bağladı – AÇIQLAMA

Azərbaycan hökuməti ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ölkədə fəaliyyət göstərməsi üçün hüquqi əsasın olmadığına dair rəsmi bildiriş göndərib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə məlumat verib. 1 iyun 2024-cü ildən etibarən USAID-in Azərbaycanda fəaliyyət göstərməsi üçün hüquqi əsas qalmayacaq. Agentliyin Azərbaycandakı təmsilçiliyi qanuni deyil və USAID-in fəaliyyətinin tam dayandırılmasının vaxtı çatıb.
Milli Məclisin deputatı Vüqar Rəhimzadə USAID-in fəaliyyətinin dayandırılmasını müsbət addım kimi qiymətləndirib: “Çünki USAID-in fəaliyyəti heç vaxt şəffaf olmayıb. Bu qurum hər zaman müstəqil dövlətləri hədəfə alaraq, heç bir əsas olmadan məqsədli təbliğatlar aparıb və çirkin məqsədlər üçün pulların yuyulması ilə məşğul olub. Onun demokratiya və inkişafa dəstək pərdəsi adı altında əslində müstəqil siyasət yürüdən ölkələrdə ‘beşinci kolon’lar formalaşdırmaq və onları maliyyələşdirməklə məşğul olduğu hər kəsə məlumdur.”
Deputat USAID-in Qarabağla bağlı dezinformasiyalar yaydığını, Əfqanıstanda heroin istehsalına maliyyə dəstəyi verdiyini, Misir və Ukraynadakı inqilablarda iştirak etdiyini, Gürcüstanda destruktiv fəaliyyətlə məşğul olduğunu vurğulayıb. “Bu faktlar belə bir təşkilatın fəaliyyətinə və ‘yardımlarına’ ehtiyac olmadığını təsdiqləyir”, – deyə o əlavə edib.
Vüqar Rəhimzadə bildirib ki, Azərbaycan qrantların qeyri-şəffaf şəkildə bölüşdürülməsinə icazə verməyəcək: “Dövlətimizin başçısı İlham Əliyev ötən ilin dekabrında Dmitri Kiselyova müsahibəsində bu məsələyə xüsusi diqqət yönəldərək bildirmişdi ki, ölkəmizdə qrantla qidalananların və qrant verənlərin özlərini ağa kimi apardıqları dövr var idi, amma biz bunun qarşısını aldıq. Ona görə də istənilən qurumun, istər yerli, istərsə də xarici, verdiyi qrant qeydiyyatdan keçməli və müvafiq orqanların icazəsindən asılı olmalıdır.”
Deputatın sözlərinə görə, Qərbdəki bəzi dairələr USAID kimi təşkilatlardan müxtəlif ölkələrin daxili işlərinə müdaxilə üçün istifadə edirlər, lakin “bu cəhdlər Azərbaycan kimi müstəqil və şəffaflıq prinsiplərinə önəm verən ölkədə uğursuzluğa məhkumdur”.
O, həmçinin ABŞ-nin prezidenti Donald Trampın USAID-i ləğv etməklə bağlı planlarını xatırladıb: “Tramp administrasiyası USAID-in layihələrini dayandırıb. Eyni zamanda, Soros xətti ilə maliyyələşmə də dayandırılıb. USAID-də audit keçiriləcək və bu təşkilatın əsl çirkin siması bəlli olduqca o, ölkələrdən qovulacaq”.
USAID-in bağlanmasının Azərbaycan-ABŞ münasibətlərinə təsir göstərəcəyinə dair sualı cavablandıran deputat bildirib: “Bu mümkün deyil. ABŞ-nin bundan əvvəlki Bayden administrasiyası, o cümlədən keçmiş dövlət katibi Antoni Blinken dünyada xaos və anarxiyanın, böhran və siyasi-iqtisadi kataklizmlərin, milyonlarla insanın faciəsinin, qlobal diktatın və onun dünya xalqları üçün acı nəticələrinin müəllifləri, riyakarlıq və xəyanət nümunələri kimi tarixdə qalacaqlar. Bayden administrasiyası Azərbaycana Ermənistan-Azərbaycan, eyni zamanda, Amerika-Ermənistan münasibətlərinin prizmasından yanaşırdı. Lakin Tramp administrasiyası yeni vəziyyət yaratmaqla etimad mühitinin formalaşmasına səy göstərəcək”.
Vüqar Rəhimzadə həmçinin USAID-in fəaliyyətinin artıq dayandırıldığını vurğulayıb: “Agentliyin veb-saytı artıq işləmir, Vaşinqtondakı baş qərargahından lövhəsi çıxarılıb, ‘X’ platformasındakı hesabı ləğv olunub. Tramp yaxın günlərdə USAID-i Dövlət Departamenti ilə birləşdirmək və işçiləri ixtisar etmək planını elan edəcək.”
O, dünyada yeni bir geosiyasi düzənin formalaşdığını və bunun Azərbaycan üçün yeni imkanlar yaratdığını bildirib: “Yeni dünya nizamı ABŞ üçün də mühüm yeniliklərə yol açacaq. Əgər hər iki tərəf maraqlı olsa, Azərbaycan-ABŞ münasibətləri strateji səviyyəyə yüksələ bilər”.
Maral Şahverdili
18:28 06.02.2025
Oxunuş sayı: 5613