Nazir: “Süni intellekt təhsildə yeni dövr açır”

Azərbaycanda süni intellektin (Sİ) təhsil və elmi araşdırmalara inteqrasiyası sürətlə davam edir. Təhsil naziri Emin Əmrullayev bu texnologiyanın dünya miqyasında köklü dəyişikliklərə səbəb olduğunu vurğulayaraq, onun təhsil, elm və innovasiyalara təsirinin qısa müddətdə daha da güclənəcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 6-da keçirdiyi brifinqdə deyib.
“Bizim tərəfimizdən konkret addımlar atılır və hazırda bu proses maraqlı bir inkişaf mərhələsindədir. Ən vacib məsələ uyğunluq və tətbiq imkanlarıdır, yəni bu, konseptual səviyyədə dəyərləndirilməlidir. Süni intellekt bir alətdir və ondan düzgün istifadə etməklə bacarıqlarımızı inkişaf etdirə bilərik”. - deyə nazir qeyd edib.
E. Əmrullayev Azərbaycan dilində süni intellektin şifahi nitqə təsirini təhsil sisteminin bir hissəsinə çevirməklə bir sıra problemlərin həll olunacağını vurğulasa da, hazırda tətbiq baxımından müəyyən çətinliklərin mövcud olduğunu bildirib. O əlavə edib ki, süni intellektin tətbiqi üçün mütləq rəsmi tənzimləmə sənədinə ehtiyac yoxdur.
Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova bildirib ki, bu təşəbbüs sayəsində elmi tədqiqatçılar və mütəxəssislər dünyanın ən müasir süni intellekt həllərinə çıxış əldə ediblər: “Biz elmi araşdırmalar vasitəsilə süni intellektin yaratdığı imkanlardan istifadə edirik. Dövlət, xüsusilə də Təhsil Nazirliyi tərəfindən bunun üçün ödəniş edilib və artıq bütün elmi tədqiqat mərkəzləri süni intellekt həllərindən faydalana bilirlər”.
Elmi araşdırmalar sahəsində də süni intellektin imkanlarından geniş istifadə edilir. Təhsil Nazirliyinin dəstəyi ilə ölkədə fəaliyyət göstərən elmi mərkəzlər və ailə təhsili üzrə mütəxəssislər Scopus AI platformasından yararlanmaq imkanı əldə ediblər.
Bundan əlavə, elmi tədqiqatçılar üçün silsilə tədbirlər və təlimlər təşkil olunur ki, onlar süni intellektdən səmərəli şəkildə istifadə edərək elmi məqalələrini daha yüksək səviyyədə hazırlaya bilsinlər.
Bu addımlar Azərbaycanda süni intellektin təhsil və elm sahəsinə inteqrasiyasını daha da sürətləndirərək, müasir texnologiyaların səmərəli istifadəsinə imkan yaradacaq.
Nihat Tahirov
17:48 06.02.2025
Oxunuş sayı: 7324