Sosioloji

Akademik dürüstlük

Akademik dürüstlük ali təhsilin təməl daşıdır. O, yalnız fərdi elmi işlərin etibarlılığını təmin etmir, eyni zamanda akademik müəssisələrin nüfuzunu möhkəmləndirir. Rəqəmsallaşmanın bilik mübadiləsinin genişliyini və dərinliyini artırdığı bir dövrdə, xüsusilə də Geniş Dil Modelləri (məsələn, ChatGPT) kimi süni intellekt alətlərinin meydana çıxması ilə akademik etika standartlarının qorunması daha çətin və bi o qədər də vacib olmuşdur. Akademik dürüstlüyün əsas elementlərindən biri əqli mülkiyyətin qorunması, daha doğrusu plagiata yol verilməməsidir. Plagiatla mübarizə məqsədilə dünyada sınaqdan çıxmış müxtəlif proqram təminatları mövcuddur. Ölkəmizdə fəaliyyət göstərən bir çox universitetlər Plagiat.pl, bəzən isə Turnitin kimi plagiat yoxlama proqramlarından istifadə edərək akademik dürüstlüyü gücləndirmək üçün ilkin addımlar atmışlar.

Bununla bağlı ciddi irəliləyişlər əldə edilmişdir. Məsələn, məlum olduğu kimi hər il ölkəmizdə Doktorantların və gənc tədqiqatçıların Respublika Elmi Konfransı keçirilir və bu konfransa yüzlərlə elmi iş təqdim olunur. Əvvəlki illərin müqayisəsi göstərir ki, 2024-cü ilin dekabrında Sumqayıt Dövlət Universitetində keçirilmiş 27-ci Respublika Elmi Konfransına təqdim edilmiş materiallarda plagiat hallarına demək olar ki, rast gəlinməmişdir. Bu, bir tərəfdən mövcud anti-plagiat alətlərindən istifadənin səmərəli nəticəsi, digər tərəfdən isə tədqiqatçıların fərdi məsuliyyətinin və dürüstlüyünün nəticəsi kimi qiymətləndirilə bilər.

Lakin, qeyd etmək lazımdır ki, akademik dürüstlüyün qorunmasına yönəlmiş səylər çox vaxt qeyri-sabit şəkildə tətbiq olunur və texnologiyanın intellektual dürüstlüyü qorumaq potensialından tam şəkildə istifadə olunmur. Mövcud vəziyyətin təhlili aşağıdakıları üzə çıxarır:

1. Maliyyə və texniki baxımdan mümkün olmasına baxmayaraq ali təhsil müəssisəsində heç də bütün növ tədqiqat işləri anti-plagiat proqramları vasitəsilə yoxlanılmır. Məsələn, bütün magistr işləri deyil, yalnız bir qismi və ya bütün bakalavr işləri deyil, yalnız bir hissəsi yoxlanılır. Plagiatın yoxlanılması yalnız nəzarət xarakterli yoxlama konsepsiyası çərçivəsində həyata keçirilir.

2. Anti-plagiat proqramlarının ən mühüm elemntlərindən biri yoxlanılan tədqiqat işinin başqa işlərlə oxşarlılığının yoxlanılmasıdır. Yoxlama nəticəsində “oxşarlıq hesabatı” hazırlanır. Oxşarlıq hesabatı mətnin ya da sənədin sistemin məlumat bazasında, onlayn mənbələrdə və ya əvvəlki təqdim olunan işlərdəki digər məzmunla uyğunluğunu təhlil etdikdən sonra yaradılan ətraflı bir sənəddir. Bu hesabat, plagiat hallarını və ya düzgün istinad olunmamış məzmunu aşkarlamaq və sənədin orijinallığını qiymətləndirmək üçün istifadə olunur.Bir çox universitetdə müəllimlər oxşarlıq hesabatını təhlil etmək səlahiyyətinə malik deyillər və bu səbəbdən də onlar tələbələrə işdə nəyi və necə düzəltməli olduqlarını tövsiyə edə bilmirlər.

Haşiyədən kənara çıxaraq qeyd etmək lazımdır ki, ölkədə istisnasız olaraq təqdim olunan bütün tədqiqat işlərinin plagiata qarşı yoxlanılmasını təmin edən demək olar ki, yeganə qurum Ali Attestasiya Komissiyasıdır. Burada, təqdim olunmuş dissertasiya işləri müvafiq anti-plagiat proqramı vasitəsi ilə yoxlanılır. Lakin nəzərə alınmalıdır ki, həmin tədqiqat işləri AAK-a qədər Müdafiə Şuralarının fəaliyyət göstərdikləri müəssisələr, eləcə də elmi rəhbərlər tərəfindən yoxlanılmalı və müvafiq düzəlişlərə ehtiyac olarsa müəllifə bununla bağlı geri dönüş edilməlidir. Əslində AAK elmi dərəcə verilməsi üçün dissertasiya şurası tərəfindən təqdim edilməli olan sənədlərin siyahısında plagiatın aşkar edilməməsinə dair arayış tələb edir. Lakin, təəssüf ki, bundan sonra da plagiat hallarına rast gəlmək mümkündür. Eyni zamanda, qeyd etmək lazımdır ki, AAK tərəfindən hazırlanmış oxşarlıq hesabatları da bəzən mübahisələr doğura bilir. 

3. Anti-plagiat sistemi işlərin düzgün tərtibatını, istinadvermə, parafraz etmə və s. kimi bacarıqları artırmaq, yəni müəllimin tələbəyə kompetensiya ötürməsi üçün bir alət kimi istifadə edilmir. Hazırda bütün universitetlər oxşarlıq əmsalı (OƏ) üçün müəyyən edilmiş həddən göstərici kimi istifadə edirlər. Lakin nəzərə almaq lazımdır ki, bu, sadəcə kəmiyyət göstəricisidir və işin plagiat olması barədə qəti fikir bildirmir. 
Yəni, əgər hər hansı işdə, tutalım, OƏ 40%-dən yüksəkdirsə iş qəbul edilmir və düzəliş üçün geri qaytarılır, amma nəyin necə düzəldilməsi izah edilmir. Əslində faizlər yalnız esse kimi işlərdə (müəllifin öz adından tamamilə müstəqil şəkildə yazdığı mətnlərdə) istifadə olunmalıdır. Digər tip işlərdə isə əsas meyar işdə plagiatın olmaması – yəni müəllifə doğru istinadverilmə qaydalarının gözlənilməsidir. Buna görə də işləri müəllimlər təhlil etməli və plagiat aşkarlandıqda tələbəyə nəyi və necə dəyişməli olduğunu izah edə bilməlidirlər.

4. Bəzi universitetdə yoxlama prosesi son dərəcə mərkəzləşdirilib. Məsələn, bakalavr və magistr işlərini yalnız bir nəfər və ya bir şöbə yoxlayır ki, bu da riskləri artırmaqla yanaşı tələbə və tədqiqatçıya dəstək imkanlarını məhdudlaşdırır.

5. Demək olar ki, bütün universitetlərdə sənədlərin verilənlər bazasına yüklənməsi ilə bağlı problemlər var və bu, müəlliflərin işlərinin surətinin çıxarılmasının və təkrar istifadənin (məsələn, müəllimlər – “ghostwriter”lər tərəfindən) qarşısını almaq istiqamətində müəllif mənafelərinin qorunmasını çətinləşdirir. 

Akademik dürüstlüyün gücləndirilməsi (anti-plagiat) üçün tövsiyələr:

Məcburi yoxlamalar: Bütün dissertasiya, tədqiqat və əsas layihələr təsadüfi deyil, sistematik olaraq proqram təminatı vasitəsilə yoxlanılmalıdır. Bu, ədalətliliyi və sabitliyi təmin edir.

Fakültə səviyyəsində inteqrasiya: Fakültələr proqram təminatının istifadəsini standart prosedurlarına daxil etməli, proqramın işləməsinə və nəzarətinə cavabdeh təlim keçmiş heyət və ya komitələr təyin etməlidirlər.

LMS ilə inteqrasiya: Anti-plagiat proqramlarının Öyrənmənin İdarəedilməsi Sistemi (LMS: Moodle, Blackboard və ya universitetlərin özləri tərəfindən hazırlanmış milli məhsul) proqramlarına inteqrasiya edilməsi.

Desentralizasiya: Tədqiqat işinin plagiata qarşı təhslil edilməsi vahid mərkəz tərəfindən deyil professor-müəllim heyəti tərəfindən həyata keçirilməlidir. Mərkəzləşdirilmiş yoxlama yalnız nəzarət xarakterli olmalı, fərdi yoxlayıcıların sui-istifadəyə yol verməsinin qarşısını almaq məqsədilə həyata keçirilməlidir.

Sistemin zənginləşdirilməsi: Bütün yazılmış işlər məcburi qaydada anti-plagiat sistemi proqramlarının bazasına əlavə edilməlidir. Bu, həmin tədqiqat işlərinin təkrar istifadəsinin qarşısının alınması üçün zəruridir. 

Şəffaf qaydalar: Universitetlər təqdimat prosesi, son tarixlər və plagiat hallarının nəticələri ilə bağlı aydın qaydalar işləyib hazırlamalıdır. Bu qaydaların əvvəlcədən paylaşılması hesabatlılıq mədəniyyətini inkişaf etdirir.

Müəllimlər üçün inkişaf: Müəllimlərə Plagiat.pl (və ya bənzər proqram təminatı) hesabatlarının təhlili, çətin hallarla iş və tələbələri plagiatdan necə uzaq tutmaq barədə təlimlər təşkil olunmalıdır.

Tələbə təhsili: Tələbələr üçün sitat vermə praktikaları, parafraz etmə üsulları və istinad stilləri haqqında məcburi seminarlar keçirilməlidir. Tələbələrə aşkarlama proqramının iş prinsiplərinin göstərilməsi qeyri-dürüst praktikaların qarşısını ala bilər.

Akademik dürüstlük yalnız bir dəfə verilən siyasət qərarı deyil, davamlı etik tədqiqat öhdəliyidir. Azərbaycanda Plagiat.pl kimi texnologiyaların yayılması akademik dürüstlüyü qorumaqda dəyərli vasitə təmin edib, lakin tətbiqdəki qeyri-sabitlik onun effektivliyini məhdudlaşdırır.

Gələcəkdə universitetlər sistematik yanaşmaya fokuslanmalıdır: plagiat yoxlamalarını bütün əsas təqdimatlar üçün məcburi etmək, müəllim və tələbələri proqram təminatından istifadə haqqında tam məlumatlandırmaq, aşkarlama vasitələrini diversifikasiya etmək və proqram istifadəsini daha geniş mədəni və siyasət islahatları ilə uyğunlaşdırmaq. Akademik dürüstlüyün həm qorunduğu, həm də qeyd olunduğu mühit yaradaraq, Azərbaycan universitetləri məzunlarının, müəllimlərinin və tədqiqat işlərinin həm yerli, həm də beynəlxalq səviyyədə hörmət edilməsini təmin edə bilər.

Nicat Məmmədli

Cross Media Təhlil Mərkəzinin analitiki

09:20 10.01.2025

Oxunuş sayı: 20951

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR