Yeni metapnevmovirus Azərbaycanda yayıla bilər
"Bu yeni virus deyil. Bu, kəskin respirator virus infeksiyalarının bir növüdür. Bu virus uzun illərdir ki, məlumdur və müxtəlif illərdə müxtəlif səviyyəli xəstəliklər törədir".
Bu sözləri Crossmedia.az-a açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-infeksionist Təyyar Eyvazov deyib. Onun sözlərinə görə, keçən il də bu virus müəyyən ölkələrdə mövcud olmuşdur:
"Xəstəlik əlamətləri qrip infeksiyasına oxşayır, amma müqayisə etsək, deyə bilərik ki, qrip daha təhlükəli infeksiya sayılır.
Hər il soyuq aylarda qriplə yanaşı, qeyd etdiyim digər respirator viruslar da dövran edir. Bu virusların növləri ilbəil dəyişir. Belə ki, hazırda 200-ə qədər bu cür virus məlumdur. Hər epidemioloji dövrdə onların bir qismi xəstəlik hallarına səbəb ola bilər.
Qeyd etmək lazımdır ki, hava-damcı yolu ilə yayılan infeksiyalara sərhəd yoxdur. Bunlar qısa müddət ərzində əvvəlcə qonşu ölkələrə, ordan isə digər uzaq ölkələrə yayıla bilərlər. Qış dövrü ərzində bu virusun ümumiyyətlə Azərbaycana gəlmə ehtimalı, təbii ki, vardır. Bunu istisna etmək olmaz. Ancaq bu, xüsusi təşviş doğurmamalıdır. Çünki bu, adi infeksiyadır və əksər hallarda insanlarda ağır xəstəlik halları törətmir. Sağlam immun sistemi olan insanlar bu virusdan qısa müddətdə tamamilə sağalır. Yalnız risk qrupuna daxil olan insanlar üçün xəstəlik fəsadlı keçə bilər. Ona görə də bu şəxslər diqqətli olmalıdırlar. Və həmçinin bu virus ölkəyə gəlsə belə, xüsusi tədbirlərin görüləcəyini düşünmürəm".
Elnurə Kərimova
15:34 07.01.2025
Oxunuş sayı: 5278