Azərbaycan–Hindistan əlaqələri və Şimal-Cənub nəqliyyat dəhlizi
Azərbaycan-Hindistan münasibətləri iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, nəqliyyat-logistika imkanları və s. kimi istiqamətləri əhatə edir. İki ölkə arasında diplomatik münasibətlər 28 fevral 1992-ci ildə qurulmuş, sonrakı dövrdə iqtisadi və humanitar əlaqələrin inkişafı üçün institusional mexanizmlər formalaşdırılmışdır. Bununla yanaşı, münasibətlərin gələcək inkişafı təkcə mövcud əlaqələrin qorunmasından deyil, həm də yeni əməkdaşlıq sahələrinin müəyyənləşdiril-məsindən və regional geosiyasi fərqlərin idarə olunmasından asılıdır.
2026-cı ilin oktyabrında baş tutan yüksək səviyyəli təmaslar ikitərəfli münasibətlərin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Sentyabr ayında Şanxay Əməkdaşlıq Təşkilatının Bişkek sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Hindistanın Baş naziri Narendra Modi arasında keçirilmiş görüş, oktyabrın 23-də isə Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarın Bakıda Azərbaycan rəhbərliyi ilə danışıqlar aparması qarşılıqlı münasibətlərin pers-pektivləri üçün əsas yaradır. Mətbuatdan da aydın olduğu kimi, adı çəkilən görüşlərdə siyasi dialoqun, ticarət-iqtisadi əlaqələrin, investisiyaların, enerji əməkdaşlığının və nəqliyyat bağlantı-larının genişləndirilməsi məsələləri əsas müzakirə obyekti olub.
Azərbaycan–Hindistan münasibətlərinin perspektivli istiqamətlərindən biri qarşılıqlı ticarətin həcminin artırılması və əmtəə dövriyyəsinin şaxələndirilməsidir. Hindistanın böyük istehlak bazarı, sənaye potensialı və texnoloji imkanları, Azərbaycanın isə əlverişli coğrafi mövqeyi, enerji ehtiyatları və tranzit infrastrukturu iqtisadi əməkdaşlıq üçün əlavə imkanlar yaradır. Hindistanın Bakıdakı səfirliyinin məlumatına görə, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 401 milyon ABŞ dolları təşkil etmişdir. Bunun 226 milyon dolları Hindistandan Azərbaycana ixracın, 175 milyon dolları isə Azərbaycandan Hindistana idxalın payına düşmüşdür ki, burada da xam neft mühüm yer tutur. Bu göstəricilər əməkdaşlığın inkişafı üçün mövcud bazanı əks etdirsə də, ticarət əlaqələrinin daha geniş məhsul və xidmət qruplarını əhatə etməsi zərurətini də göstərir.
Araşdırmalar göstərir ki, Azərbaycan–Hindistan iqtisadi münasibətlərinin əsas istiqamətlərindən birini energetika sahəsi təşkil edə bilər. Hindistan şirkəti ONGC Videsh Limited Azərbaycanın Azəri-Çıraq-Günəşli neft yataqları blokunda və Bakı-Tbilisi-Ceyhan neft kəmərində iştirak payına malikdir. Hindistanın Bakıdakı səfirliyinin məlumatına əsasən, şirkətin bu aktivlərə yatırdığı investisiyaların həcmi ümumilikdə 1.2 milyard ABŞ dollarını ötür. Gələcəkdə isə günəş və külək enerjisinin əldə edilməsi, enerji avadanlıqlarının istehsalı və texniki xidmət sahəsində birgə müəssisələrin yaradılması, enerji saxlama sistemləri və rəqəmsal monitorinq texnologiyalarının tətbiqi layihələri üzrə Hindistan şirkətlərinin təcrübəsindən istifadə edilməsi nəzərdən keçirilə bilər.
Azərbaycan–Hindistan əlaqələrinin perspektivlərini müəyyən edən mühüm amillərdən biri nəqliyyat dəhlizləri üzrə əməkdaşlıqdır. Azərbaycanın əlverişli coğrafi mövqeyi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu və digər tranzit infrastrukturu Hindistanın Avrasiya bazarlarına çıxış imkanları baxımından əhəmiyyətlidir. 2000-ci il sentyabrın 12-də Sankt-Peterburq şəhərində Rusiya, İran və Hindistan arasında imzalanmış müqavilə əsasında təşəkkül tapan Şimal-Cənub dəhlizinə, Azərbaycan Respublikası 2005-ci ildə qoşulubdur. Sonrakı mərhələlərdə digər dövlətlər də bu təşəbbüsə qoşularaq müvafiq sazişi imzalamış və ratifikasiya etmişlər. Dəhlizin əsas məqsədi Hindistan və digər Asiya ölkələrini İran, Azərbaycan və Rusiya üzərindən Avropa bazarları ilə əlaqələndirmək, beynəlxalq yükdaşımaların coğrafiyasını genişlən-dirmək və tranzit əməliyyatlarının səmərəliliyini yüksəltməkdir.
23 oktyabr 2026-cı ildə Bakıda keçirilən danışıqlarda tərəflər Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə koordinasiyanın gücləndirilməsi barədə razılığa gəlmişlər. Bu dəhliz Hindistanı İran və Xəzəryanı region vasitəsilə Rusiya və daha geniş Avrasiya bazarları ilə əlaqələndirmək məqsədi daşıyır. Təbii ki, bu əlaqələr bütün dəhliz iştirakçıları üçün əlverişlidir və müəyyən dividendlər vəd edir. İlk növbədə Hindistan mənşəli yüklərin Azərbaycan ərazisindən daşınması logistika, liman, dəmir yolu və anbar xidmətlərinə tələbatı yüksəldə, ölkəmizin tranzit gəlirlərinin artıra bilər. Eyni zamanda, yüklərin artması Ələt Azad İqtisadi Zonası ətrafında yüklərin çeşidlənməsi, qablaşdırılması, emalı və yenidən ixracı üzrə xidmətlərin genişləndirilməsinə təkan verəcəkdir. Bütün bunlarla yanaşı, dəniz, dəmir yolu və avtomobil nəqliyyatının əlaqələndirilməsi Hindistan-Azərbaycan-Avropa istiqamətində alternativ logistika zəncirlərinin formalaşmasına şərait yarada bilər.
Ümumiyyətlə, görünən odur ki, Ukraynada baş verən hadisələr “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Rusiya üçün strateji və iqtisadi əhəmiyyətini daha da artırıbdır. Bu nəqliyyat marşrutu Rusiyaya neft və qaz məhsullarını Asiya bazarlarına çatdırmaq üçün əlavə imkanlar yaradır. Bununla yanaşı, dəhlizin əhəmiyyəti yalnız Rusiya ilə məhdudlaşmır. Keçmiş SSRİ respublikaları, o cümlədən Latviya, Litva, Estoniya, Belarus, Ermənistan, Gürcüstan və Azərbay-can, eləcə də İran və Türkiyə bu marşrutdan istifadə etməklə Asiya ölkələri ilə iqtisadi və ticarət əlaqələrini genişləndirə bilərlər. İran ərazisində Rəşt-Astara dəmir yolu xəttinin tikintisinin tamam-lanması və istismara verilməsi Hindistanın Mumbay limanından başlayaraq Finlandiya limanlarına-dək uzanan nəqliyyat marşrutunun fəaliyyət imkanlarını əhəmiyyətli dərəcədə genişləndirə bilər.
Hindistan və Rusiya arasında yükdaşımaların təşkili baxımından Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xətti perspektivli istiqamətlərdən biri hesab olunur. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin tərkib hissəsi olan bu marşrut yüklərin daha az xərc və qısa müddət ərzində daşınmasına şərait yaradır. Bu istiqamət üzrə nəzərdə tutulan logistika sxeminə əsasən, Hindistanın Mumbay limanından göndərilən yüklər İranın Çabahar limanına çatdırıldıqdan sonra dəmir yolu və digər nəqliyyat əlaqələri vasitəsilə Rusiyaya, o cümlədən Moskva və Sankt-Peterburq şəhərlərinə daşına bilər. Belə bir marşrutun səmərəliliyi onun ayrı-ayrı hissələrinin infrastruktur hazırlığından və nəqliyyat növləri arasında koordinasiyanın səviyyəsindən asılıdır.

Şimal-Cənub və Şərq-Qərb (Orta dəhliz) nəqliyyat dəhlizləri Hindistanın Şimal–Cənub istiqa-mətində bağlantısını, digəri isə Xəzər dənizi vasitəsilə, Çin və Mərkəzi Asiya ilə Avropa arasında daşımaları təmin edir. Azərbaycanın əsas üstünlüyü isə nəqliyyat dəhlizlərinin kəsişməsində əlve-rişli coğrafi mövqedə yerləşməsindən, hər iki istiqamət arasında logistika əlaqələrinin qurulmasında iştirak imkanından və bütün bunları təmin etməyə qadir müasir infrastruktur təminatından irəli gəlir.
Statistik məlumatlara əsasən, 2025-ci ildə Azərbaycana Hindistandan 166.9 min turist gəlib və Hindistan ölkəmizə turist göndərən ölkələr arasında dördüncü yeri tutur. Eyni zamanda, Hindistan və Azərbaycan arasında Bakı–Dehli və Bakı–Mumbay istiqamətlərində birbaşa hava əlaqəsi mövcuddur. Onu da qeyd edək ki, oktyabrın 23-də Bakıda keçirilən Azərbaycan-Hindistan xarici işlər nazirlərinin geniştərkibli görüşündə birbaşa aviareyslərin sayının artırılması imkanları da müzakirə edilib və gələcəkdə yeni aviareyslərin açılması da mümkündür. Bu isə, öz növbəsində, turizmin inkişafına kömək edə bilər. Nəzərə alsaq ki, Hindistan əhali sayına görə dünyanın birinci ölkəsidir və bu ölkədən turist cəlb etmək imkanları daha genişdir, o zaman Hindistanın iri şəhər-lərində, müvafiq mərkəzlərində Azərbaycan turizminin tanıdılması tədbirləri də əlverişli ola bilər.
Beləliklə, aparılan təhlil və müşahidələr belə nəticəyə gəlməyə əsdas verir ki, Hindistan Şimal-Cənub Dəhlizinin tam gücü ilə fəaliyyətə başlamasına xüsusi maraq göstərir. Bu maraq ölkənin beynəlxalq ticarət əlaqələrinin genişləndirilməsi, Avrasiya bazarlarına çıxışının asanlaşdırılması və logistika xərclərinin azaldılması ilə bağlıdır. Dəhlizin imkanlarının beynəlxalq səviyyədə tanıdıl-ması məqsədilə, hələ 2018-ci ilin may ayında Hindistandan İran, Azərbaycan və Rusiyaya doğru avtomobil yürüşü təşkil edilmişdir. Bu təşəbbüsün də əsas məqsədi marşrutun potensialının nümayiş etdirilməsi, iştirakçı ölkələr arasında nəqliyyat əməkdaşlığının möhkəmləndirilməsi və yeni tranzit imkanlarının təşviq edilməsi olmuşdur. Bununla belə, qarşılıqlı əlaqələrin inkişafı hər iki ölkə üçün əhəmiyyətlidir. Bütün hallarda isə, Azərbaycan–Hindistan əlaqələrinin perspektivləri ənənəvi siyasi və iqtisadi münasibətlərin yeni texnoloji, logistika və investisiya əməkdaşlığı ilə tamamlanması ilə bağlıdır. Energetika sahəsində formalaşmış təcrübə, Hindistanın geniş istehlak bazarı, Azərbaycanın tranzit potensialı və turizm əlaqələrinin inkişafı ikitərəfli tərəfdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır. 2026-cı ilin payızında keçirilmiş yüksək səviyyəli görüşlər siyasi dialoqun yenidən intensivləş-dirilməsi və iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətlidir. Bununla belə, bu təmasların uzunmüddətli nəticələri konkret layihələrin həyata keçirilməsindən, qarşılıqlı etimadın möhkəmləndirilməsindən və regional siyasi fərqlərin konstruktiv dialoq vasitə-silə idarə edilməsindən asılı olacaqdır.
13:00 27.10.2026
Oxunuş sayı: 58