Hakan Fidan Bakıya gəlir
Türkiyənin xarici işlər naziri Hakan Fidan oktyabrın 15-də Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında iştirak edəcək.
Crossmedia.az xəbər verir ki, Fidan zirvə toplantısına Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təmsil etmək üçün qatılacaq.
Azərbaycanın sədrliyi ilə keçiriləcək toplantı “Asiyada daha güclü AQEM, bağlantılılıq, rəqəmsallaşma və dayanıqlı inkişaf” mövzusuna həsr olunacaq. Tədbirdə üzv və müşahidəçi dövlətlərin, eləcə də beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcəklər.
Zirvə toplantısının yekununda “Bakı Bəyannaməsi”nin və “Əməyin təhlükəsizliyi və sağlamlığı sahəsində əməkdaşlığa dair Bəyanat”ın qəbul edilməsi, həmçinin Laosun AQEM-ə yeni üzv kimi qoşulmasının elan olunması gözlənilir.
Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrin məlumatına görə, Hakan Fidan çıxışında Qəzzadakı vəziyyətə xüsusi diqqət ayıracaq. O, İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatları və İordan çayının qərb sahilindəki məskunlaşma siyasətini tənqid edərək, iki dövlətli həllin təmin olunması üçün beynəlxalq ictimaiyyətin İsrailə təzyiqləri artırmasının vacibliyini vurğulayacaq.
Türkiyəli nazir regional iqtisadi inteqrasiya məsələlərinə də toxunacaq. O, Orta Dəhliz və İnkişaf Yolu layihələrinin strateji əhəmiyyətini, həmçinin Orta Dəhliz təşəbbüsünün Çinin “Bir kəmər, bir yol” layihəsi ilə əlaqələndirilməsinin regional ticarətə verə biləcəyi töhfələri diqqətə çatdıracaq.
Fidanın çıxışında rəqəmsal transformasiya və süni intellekt texnologiyalarının inkişafı da əsas mövzulardan olacaq. Nazir yeni texnologiyaların insan hüquqlarına, dövlətlərin suverenliyinə və bərabər çıxış imkanlarına əsaslanan hüquqi çərçivədə inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayacaq.
Bundan əlavə, Türkiyənin COP31 iqlim konfransına ev sahibliyi və sədrlik etməsi fonunda iqlim diplomatiyası, dayanıqlı inkişaf və qlobal ekoloji çağırışlarla mübarizə məsələlərinin də gündəmə gətirilməsi gözlənilir.
Məlumata görə, Hakan Fidanın zirvə çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirməsi də nəzərdə tutulur.
15:16 14.10.2026
Oxunuş sayı: 140