Avropalı nazirlər Suriyada: Görüşlərin nəticəsi olacaqmı?
Fransa və Almaniyanın xarici işlər nazirləri Dəməşqə səfər edərək, Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriya ilə yeni münasibətlər qurmaq və dinc, əhatəli keçid prosesi təşviq etmək istədiklərini bildirmişdilər. Bu, Suriyaya yüksək səviyyəli qərb nümayəndələrinin ilk səfəri idi.
Dekabrın 8-də üsyançılar paytaxtı nəzarətə aldıqdan sonra Avropa İttifaqının ilk xarici işlər nazirləri olan Jan-Noel Barrot və Annalena Berbok Dəməşqdə ölkənin faktiki lideri Əhməd əl-Şaraa ilə görüşüblər. Görüş zamanı Suriyanın yeni hökuməti ilə dialoq və azlıqların hüquqlarına hörmət məsələləri müzakirə olunub.
Diplomatlar səfər çərçivəsində Sednaya həbsxanasına da baş çəkiblər. Bu həbsxana, Bəşər Əsəd rejimi dövründə baş vermiş işgəncə və zorakılıqlarla tanınır. Onlar həmçinin vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşərək, 13 il davam edən vətəndaş müharibəsindən sonra Suriya cəmiyyətində barışıq və yenidənqurma üçün atılacaq addımları müzakirə ediblər.
Nazirlərin səfərinin əsas məqsədi, Avropanın Suriyada yeni yaranan hakimiyyətlə əlaqələr qurmaq istəklərini göstərmək idi. Bununla yanaşı, bütün əhalinin və azlıqların hüquqlarına hörmət edilməsi, qisas aktlarından çəkinilməsi və siyasi keçid prosesinin ədalətli şəkildə aparılması vurğulandı. Aİ-nin xarici siyasət rəhbəri Kaja Kallas bildirib ki, Suriyanın yeni rəhbərliyi azad seçkilər keçirmək, məhkəmə və təhsil sistemlərini dinin təsirindən qorumaq istiqamətində çalışmalıdır.
Berbok deyib ki, Almaniya və Avropa İttifaqı Suriyanın bütün xalqları üçün təhlükəsiz və sabit bir ölkə qurulmasına dəstək verməyə hazırdır. O, Suriyanın müstəqil və beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilən bir dövlət kimi fəaliyyət göstərməsi üçün çalışacaqlarını qeyd edib.
Fransanın xarici işlər naziri Barrot isə Suriyada demokratik keçidin mümkün olduğunu, lakin prosesin çox həssas olduğunu bildirib. O, Fransa səfirliyinə baş çəkərək, diplomatik nümayəndəliyin bərpası üçün işlərin davam etdiriləcəyini vurğulayıb.
HTS (Heyət Təhrir əl-Şam) qrupuna gəlincə, bu təşkilat hələ də bir çox dövlətlər tərəfindən terror təşkilatı kimi tanınır. Buna baxmayaraq, onlar Suriyanı bütün vətəndaşlar adından idarə etmək məqsədində olduqlarını bildiriblər. Yeni hökumətin intiqam aktlarından çəkinməsi və tezliklə azad seçkilər keçirməsi tələb olunub.
Səfər zamanı nazirlər həmçinin Rusiyanın Suriyadakı hərbi bazalarını tərk etməsinin vacibliyini vurğulayıblar. Berbok, Sednaya həbsxanasını ziyarət etdikdən sonra, beynəlxalq ictimaiyyətin keçmişdə bu cəhənnəm həbsxanasında əziyyət çəkən insanların hüquqlarını qorumaq üçün məsuliyyət daşıdığını qeyd edib. O, bu insanlara ədalətin bərpa olunması üçün çalışacaqlarını bildirib.
Gülay Qəribova
15:19 03.01.2025
Oxunuş sayı: 4665