Quarterbək olmaq Amerikan futbolunda ən ağır vəzifələrdən biridir
Kollec futbolunda quarterback olmaq yalnız meydanda topu dəqiq ötürməkdən ibarət deyil. Bu mövqedə oynayanlar daim diqqət mərkəzində olur, dedikləri hər söz, meydandakı hər səhv və uğur azarkeşlər və media tərəfindən ciddi şəkildə təhlil edilir.
Crossmedia.az xəbər verir ki, CNN quarterback mövqeyinin üzərinə düşən böyük məsuliyyət və təzyiqdən yazıb. Texas Universitetinin quarterbacki Arch Manning bunun əyani nümunələrindən biridir. O, iyul ayında SEC media günündə mövsümlərarası fasilədə qolf oynadığını və həftəsonları mütəmadi olaraq meydançaya çıxdığını deyib.
Manning həmin vaxt ilk dəfə 80 zərbədən aşağı nəticə göstərdiyini və mövsüm başlayacağı üçün qolfu dayandırmalı olacağını bildirib. Jurnalistin “Yanvara qədər?” sualına isə əvvəlcə mövsümün bitməsini nəzərdə tutduğunu deyib. Mövsümün yanvarın sonunda başa çatacağı xatırladıldıqda Manning gülümsəyərək fevralda yenidən qolf oynayacağını söyləyib.
Bu sadə dialoq belə quarterbacklərin üzərindəki təzyiqi göstərir. Çünki bu mövqedə oyunçuların demək olar ki, hər sözü müxtəlif mənalarda şərh oluna bilər. Onlardan güclü qol, iti düşüncə, sərt psixologiya və uğursuzluqları tez unutmaq bacarığı tələb olunur.
Ohio State-in quarterbacki Julian Sayin də bu təzyiqi belə ifadə edib: qələbə qazandıqda insanlar onlar haqqında yaxşı, məğlub olduqda isə pis danışırlar. Ardınca isə zarafatla əlavə edib ki, bəzən qələbədən sonra da onlar haqqında pis danışırlar.
Buna baxmayaraq, quarterback idmanda ən arzuolunan mövqelərdən biri olaraq qalır. Onlar komandanın əsas siması, azarkeşlərin qəhrəmanı və böyük şirkətlərin reklam siması ola bilirlər. Lakin şöhrətlə tənqid, heyranlıqla təzyiq arasında çox incə bir xətt var.
07:30 14.09.2026
Oxunuş sayı: 58