Yeni texnologiya məxfilik narahatlığı yaradır
Ağıllı eynəklərin gündəlik həyatda istifadəsi sürətlə artır. Bu texnologiya istifadəçilərə əllər sərbəst vəziyyətdə zəng etmək, süni intellektlə qarşılıqlı əlaqə qurmaq, eləcə də çərçivəyə toxunmaqla foto və video çəkmək imkanı verir.
Crossmedia.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Lakin eynəklərin ictimai yerlərdə istifadəsi məxfiliklə bağlı ciddi suallar doğurur. Böyük Britaniyada təxminən 800 pub işlədən “Wetherspoons” şəbəkəsi məkanlarında bu eynəklərlə çəkiliş aparılmasını qadağan edib, qadın hüquqları müdafiəçiləri isə onların təqib və narahatlıq yaratmaq məqsədilə istifadəsindən ehtiyatlandıqlarını bildiriblər.
Bununla belə, TikTok və Instagram kimi platformalarda kontent yaradıcılarının videolarına marağın artması ağıllı eynəklərin populyarlığını daha da artırır. Belfastın qərbində yerləşən Ballimurfi rayonundan olan 31 yaşlı Pirs Velli də “Meta Ray-Ban” ağıllı eynəklərindən istifadə edən kontent yaradıcılarındandır.
Velli əsasən küçədə gəzərkən eynəyin kamerasından çəkilən görüntüləri paylaşır və yoldan keçən insanları qafiyəli ifadələrlə salamlayır. Belfast şəhər mərkəzində çəkdiyi videolardan biri TikTok-da 600 min baxış toplayıb.
Ağıllı eynəklərin ictimai yerlərdə necə və hansı qaydalarla istifadəsi ilə bağlı müzakirələrin isə yaxın gələcəkdə daha da genişlənəcəyi gözlənilir.
04:33 14.09.2026
Oxunuş sayı: 52