Hacı İsmayılov: Aleksandr Şarovskinin yaratdığı obrazlar və tamaşalar daim yaşayacaq
Aleksandr Şarovskinin vəfatı Azərbaycan mədəniyyəti və incəsənəti üçün ağır itkidir. Böyük sənətkarın yetişməsi üçün istedad, zəka, bacarıq və şəxsiyyət kimi xüsusiyyətlərin vəhdəti vacibdir.
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov Aleksandr Şarovski ilə vida mərasimində deyib.
Hacı İsmayılov bildirib ki, bəzən belə keyfiyyətlər Aleksandr Şarovskidə olduğu üçün o, Azərbaycan cəmiyyətinin, ictimaiyyətinin, teatrının, mədəniyyətinin və dövlətinin sevgisini, məhəbbətini, qayğısını qazanıb”.
Qeyd olunub ki, Aleksandr Şarovski gənclik illərində teatr və mədəniyyət sahəsinə gəlməyi planlaşdırmayıb. Başqa təhsil alsa da, sonradan teatra böyük maraq göstərib və 1967-ci ildə Azərbaycan Gənc Tamaşaçılar Teatrında aktyor kimi fəaliyyətə başlayıb.
Hacı İsmayılov qeyd edib ki, Aleksandr Şarovski 1976-cı ildən Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında fəaliyyət göstərib və ömrünün böyük hissəsini bu səhnəyə, teatr sənətinə və mədəniyyətə həsr edib.
Onun sözlərinə görə, sənətkar teatrda 50-dən çox müxtəlif obraz yaradıb. Bu rollar dünya klassikası, Qərb və Azərbaycan dramaturgiyasının nümunələrini əhatə edib. “Şeyx Sənan” tamaşasında Şeyx Sənan obrazını canlandıran Aleksandr Şarovski, eyni zamanda Səməd Vurğunun “Fərhad və Şirin” əsərinin də səhnə quruluşunda iştirak edib.
Hacı İsmayılov bildirib ki, Aleksandr Şarovskinin quruluş verdiyi tamaşaların sayı 54-dən çoxdur. Onun son səhnə işlərindən biri isə dünya dramaturgiyasının şah əsərlərindən olan “Hamlet” tamaşası olub.
“Hamlet” tamaşasının Aleksandr Şarovskinin son sənət işi olduğunu qeyd edən Hacı İsmayılov bu əsərin rejissor üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Xalq artisti Aleksandr Şarovski ilə son görüşünü də xatırlayıb:
“Mən təsəvvür etməzdim ki, o, bizdən belə tez ayrılacaq. Ağlıma gətirə bilmirdim, qəbul edə bilmirdim ki, belə bir yaradıcı, böyük sənətkar artıq aramızda yoxdur”.
Hacı İsmayılov Aleksandr Şarovskinin yaradıcılığı ərzində bir sıra yüksək dövlət və beynəlxalq mükafatlara layiq görüldüyünü bildirib. Onun “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif olunduğunu, Rusiya tərəfindən “Dostluq” ordeni və Puşkin medalı ilə təltif edildiyini qeyd edib.
“Onun bir gözəl xüsusiyyəti də ondan ibarət idi ki, o, xalqlar arasında dostluğun təməlini qoyan və onu inkişaf etdirən insanlardan biri olub. Təsadüfi deyil ki, o, Rusiyanın “Dostluq” ordeni ilə təltif olunub”, – deyə Hacı İsmayılov vurğulayıb.
O qeyd edib ki, Aleksandr Şarovskinin Azərbaycan dövlətinin diqqət və qayğısı ilə əhatə olunması, yaradıcılığının yüksək qiymətləndirilməsi onun xidmətlərinin göstəricisidir.
“Belə bir sənətkarın yetişməsi, böyüməsi və gəlib bu səviyyəyə çatması çətindir. Amma onun yaratdıqları, əziz xatirəsi bizim həmişə qəlbimizdə yaşayır və yaşayacaqdır. Allah rəhmət eləsin!” – deyə Hacı İsmayılov bildirib.
Nigar Xəlilli
15:06 09.09.2026
Oxunuş sayı: 47