Ceyhun Bayramov: Ermənistan XİN rəhbəri ilə yaxın zamanda görüş keçirilə bilər
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanın xarici işlər naziri ilə yaxın zamanda görüş keçirilməsinin mümkün olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “2026 Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026)” çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
“Biz Ermənistanın xarici işlər naziri ilə mütəmadi təmaslar saxlayırıq və görüşlər keçiririk. Yaxın zamanda da belə bir görüşün keçirilməsi istisna deyil”, - deyə C.Bayramov bildirib.
Nazir qeyd edib ki, son həftələrdə Bişkekdə keçirilən tədbirlər çərçivəsində Azərbaycan və Ermənistan arasında müəyyən fikir mübadiləsi aparılıb.
“Bişkekdə ŞƏT+ formatında Prezident İlham Əliyev iştirak edib və çoxsaylı ikitərəfli görüşlər keçirilib, o cümlədən Ermənistanın Baş naziri ilə görüş olub”, - deyə o qeyd edib.
C.Bayramovun sözlərinə görə, həmin təmas zamanı növbəti imkan yarandıqda görüş keçirilməsi və müəyyən məsələlərin müzakirə olunması barədə razılıq əldə edilib.
“Orada da razılığa gəldik ki, növbəti imkan düşdükdə belə bir görüş keçirib müəyyən məsələləri müzakirə edəcəyik. Yaxın zamanda belə bir görüş baş tuta bilər”, - deyə nazir əlavə edib.
C.Bayramov həmçinin Azərbaycanın BMT Baş Assambleyasının yeni sessiyasının açılışında böyük nümayəndə heyəti ilə iştirak edəcəyini bildirib.
O qeyd edib ki, sessiya çərçivəsində həm beynəlxalq səviyyədə, həm də ikitərəfli formatda çoxsaylı tədbirlərin keçirilməsi planlaşdırılır.
“Bu həftə ərzində çoxsaylı tədbirlər həyata keçirilir – həm beynəlxalq səviyyəli tədbirlər, həm də ikitərəfli görüşlər. Nümayəndə heyətimiz buna hazırlaşır və bütün həmin tədbirlərin gündəliyi kifayət qədər zəngin olacaq”, - deyə C.Bayramov vurğulayıb. (TREND)
14:14 09.09.2026
Oxunuş sayı: 48