TDT-nin Yaşıl Maliyyə Şurası əməkdaşlıq üzrə gündəliyini genişləndirib
Türk Dövlətləri Təşkilatının Yaşıl Maliyyə Şurasının ikinci iclasının yekunlarına əsasən, tərəflər dayanıqlı maliyyələşdirmə sahəsində əməkdaşlıq üzrə gündəliyin genişləndirilməsini nəzərdə tutan Birgə Kommunike imzalayıblar.
Crossmedia.az xəbər verir ki, görüş “Astana Finance Days 2026” IX Beynəlxalq Maliyyə Forumu çərçivəsində keçirilib.
Görüşdə Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev, ABMM-in nümayəndələri, habelə TDT-yə üzv və müşahidəçi ölkələrin maliyyə tənzimləyicilərinin, iqtisadi və maliyyə qurumlarının, inkişaf institutlarının və fond birjalarının rəhbərləri və nümayəndələri iştirak ediblər.
İştirakçılar yaşıl maliyyə sahəsində əməkdaşlığın möhkəmləndirilməsi, karbon bazarlarının daha da inkişaf etdirilməsi, şəriət prinsiplərinə əsaslanan yanaşmalar da daxil olmaqla, dayanıqlı maliyyələşdirmənin idarə olunması, habelə institusional potensialın artırılması üzrə prioritetlər və region ölkələrinin təhsil ehtiyacları ilə bağlı tədbirləri müzakirə ediblər.
Görüşün yekunlarına əsasən imzalanmış kommunike şuranın gündəliyinin genişləndirilməsini təsbit edib. Onun fəaliyyəti yaşıl maliyyə ilə yanaşı, dayanıqlı maliyyələşdirmənin inkişafı və təşviqi ilə bağlı daha geniş məsələləri də əhatə edəcək.
Türk Dövlətləri Təşkilatının Yaşıl Maliyyə Şurası 2024-cü ilin noyabrında yaradılıb və TDT çərçivəsində yaşıl və dayanıqlı maliyyələşdirmənin inkişafı sahəsində sənaye əməkdaşlıq mexanizmi kimi fəaliyyət göstərir. Onun daimi katibliyi ABMM-in bazasında fəaliyyət göstərir, sədrliyi isə hər üç ildən bir rotasiya olunur.
Şuranın növbəti iclası 2027-ci ildə Astanada keçiriləcək.
Xatırladaq ki, AZƏRTAC “Astana Finance Days 2026” forumunun rəsmi media tərəfdaşıdır.
13:46 09.09.2026
Oxunuş sayı: 53