Roma imperatorunun qurduğu qədim şəhərdə qazıntılar başladı
Türkiyənin Bursa vilayətinin Orhaneli rayonunda Roma imperatoru Hadrianusun 123-cü ildə qurduğu Hadrianoi şəhərinin izlərini üzə çıxarmaq üçün arxeoloji qazıntılara başlanılıb.
Crossmedia.az xəbər verir ki, Anadolu Ajansı bu barədə məlumat yayıb.
Qazıntılar Mədəniyyət və Turizm Nazirliyinin icazəsi ilə Bursa Muzeyinin rəhbərliyi altında, Bursa Uludağ Universitetinin Ədəbiyyat və Elmlər fakültəsinin Arxeologiya kafedrasının müəllimi professor Derya Şahinin elmi məsləhətçiliyi ilə təxminən 5 dönümlük ərazidə aparılır.
Araşdırmaların əsas məqsədi qədim Hadrianoi şəhərinin dəqiq yerini müəyyənləşdirmək və bölgənin tarixi əhəmiyyətini ortaya çıxarmaqdır.
Bursa Muzeyinin direktoru Ahmet Türkmenoğlu bildirib ki, Orhaneli rayonunda Roma dövründən etibarən yaşayışın olduğu məlumdur. Tarixi mənbələrdə bu ərazidə Hadrianoi adlı şəhərin mövcudluğu barədə məlumatlar yer alır.
Onun sözlərinə görə, Roma imperatoru Hadrianus zəlzələdən sonra Anadolunu araşdırmaq məqsədilə bölgəyə gəlib. O, Mysia və Bitiniya ərazilərinə səfər edib, İzmit və İznikdən keçərək Erdek istiqamətinə gedib. Daha sonra Uludağın ətəklərində yerləşən əraziyə gəlib və ehtimal olunur ki, burada öz adını daşıyan Hadrianoi şəhərini salıb.
Türkmenoğlu şəhərin məhz bu ərazidə salınmasının səbəblərindən birinin Hadrianusun ovçuluğa marağı olduğunu bildirib. Onun sözlərinə görə, bölgə imperatorun ov fəaliyyəti üçün əlverişli olub.
Ərazidən Roma dövründən etibarən istifadə edilən yolun keçdiyi də müəyyənləşdirilib. Bu yol Harmancıktan keçərək Kütahya və Balıkesir istiqamətinə uzanır və hazırda da istifadə olunur. Bölgədə termal su mənbələrinin olması da şəhərin burada salınmasına təsir edən amillərdən biri hesab edilir.
Monumental tikilinin izləri aşkarlanıb
Bursa Muzeyinin direktoru qazıntılara başlamazdan əvvəl ərazidə uzun müddət təmizlik işlərinin aparıldığını bildirib. Daha sonra böyük monumental tikilinin qalıqları üzə çıxarılıb.
Tikilinin qədim agora, yəni bazar meydanı, yaxud gymnasium, təhsil kompleksi ola biləcəyi ehtimal edilir. Onun dəqiq funksiyasının qazıntılar davam etdikcə müəyyənləşdirilməsi gözlənilir.
Hazırda 5 nəfərlik heyətin çalışdığı qazıntılarda əsas məqsəd tikilinin girişinə və əsas divarına yaxın hissədə araşdırma apararaq onun döşəməsinə çatmaqdır. Buradan əldə ediləcək məlumatların tikilinin quruluşunun müəyyənləşdirilməsinə kömək edəcəyi bildirilir.
Mütəxəssislər qazıntılar dərinləşdikcə tikilinin aşağı hissələrində heykəltəraşlıq nümunələrinin də aşkarlanmasının mümkün olduğunu düşünürlər.
Tikilinin bəzi divar və memarlıq elementləri ilkin vəziyyətində, yəni in situ şəkildə qorunub. Xarici divarların bir hissəsi dağılsa da, bir sıra memarlıq qalıqları ərazidə aydın şəkildə müşahidə olunur.
Ahmet Türkmenoğlu qazıntıların və sonrakı tədqiqatların Türkiyənin mədəni turizmi baxımından əhəmiyyətli bir məkanın formalaşmasına imkan verəcəyini bildirib.
08:25 08.09.2026
Oxunuş sayı: 55