Soçidə neft bazasında yenidən yanğın baş verə bilər
Rusiyanın Soçi şəhərindəki “Rosneft-Kubannefteprodukt” neft bazasında ehtimal olunan yeni yanğın qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, OSINT-analitik ASTRA-nın təhlilində bu barədə məlumat verilib.
Məlumata görə, Adler rayonunda yerləşən neft bazası sentyabrın 4-nə keçən gecə də hücuma məruz qalıb.
Yanğın barədə yerli hakimiyyət orqanları rəsmi məlumat yaymayıb. Hadisə ilə bağlı məlumatlar, o cümlədən “Supernova+” Telegram kanalı vasitəsilə yayılıb. Bununla belə, yanğının məhz neft bazasında baş verdiyi hələlik rəsmi şəkildə təsdiqlənməyib.
Yanğın barədə məlumat yayılana qədər pilotsuz uçuş aparatlarının hücumu və hava həyəcanı ilə bağlı məlumat da verilməyib.
“Rosneft-Kubannefteprodukt” Soçinin Adler rayonunda, Aviasiya küçəsi, 17/10 ünvanında yerləşir. Neft bazası neft məhsullarının saxlanmasını və tədarükünü təmin edir və Soçi Beynəlxalq Hava Limanının yaxınlığında yerləşir.
Bundan əvvəl sentyabrın 4-nə keçən gecə Soçidəki “LUKOYL-Yujnefteprodukt” neft bazasında da yanğın baş vermişdi. ASTRA-nın məlumatına görə, hadisə şahidlərinin görüntüləri OSINT-analitik tərəfindən geolokasiya edilib.
Həmin gecə Abxaziya sərhədində, Psou çayı yaxınlığında, Sirius qəsəbəsi ərazisində yerləşən hava hücumundan müdafiə diviziyasının da hücuma məruz qaldığı bildirilmişdi.
Hazırda Soçidəki “Rosneft-Kubannefteprodukt” neft bazasında ehtimal olunan yanğının səbəbi və hadisənin mümkün dron hücumu ilə əlaqəsi barədə rəsmi açıqlama yoxdur.
12:54 07.09.2026
Oxunuş sayı: 64