Rusiya Ukraynaya 800 reaktiv dron göndərib
Rusiya son dörd gün ərzində Ukraynaya təxminən 800 reaktiv mühərrikli dron göndərib.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Ukrayna Prezidenti Volodimir Zelenskinin sözlərinə görə, həmin müddətdə Rusiyanın müxtəlif tipli təxminən 1 500 pilotsuz uçuş aparatı ilə hücumlar həyata keçirdiyi, onların 800-ə yaxınının reaktiv mühərrikli olduğu bildirilir.
Yeni “Shahed” modellərinin maksimal sürətinin saatda 200-250 milə çatdığı qeyd olunur. Bu, əvvəlki porşenli mühərriklə təchiz edilmiş versiyalardan təxminən iki dəfə yüksək sürətdir və Ukraynanın ucuz hava hücumundan müdafiə vasitələri üçün onları daha çətin hədəfə çevirir.
Zelenski bildirib ki, hazırda bu dronların vurulmasında əsasən döyüş təyyarələrindən istifadə edilir. Ukrayna ordusu isə reaktiv “Shahed”ləri məhv edə biləcək daha sürətli və ucuz ələkeçirici dronların hazırlanması üzərində işləyir.
Son günlər Kiyev və digər bölgələrdə gündüz saatlarında da dron hücumları intensivləşib. Paytaxt Kiyevdə bazar ertəsi günorta saatlarına qədər səkkiz dəfə hava hücumu xəbərdarlığı elan edilib.
Məlumata görə, avqust ayında Ukraynaya ən azı 2 500 reaktiv mühərrikli dron buraxılıb. Bu rəqəm iyul ayındakı təxminən 1 500 dronla müqayisədə əhəmiyyətli artımdır.
Reaktiv “Shahed”lərin İranda hazırlanmış texnologiya əsasında istehsal edildiyi və daha sonra Rusiyada istehsalına başlanıldığı bildirilir. Rusiyanın hazırda Geran-4 və Geran-5 adlı iki reaktiv mühərrikli model istehsal etdiyi qeyd olunur.
Ukrayna daha əvvəl porşenli mühərriklə işləyən “Shahed”lərə qarşı ucuz ələkeçirici dronlar hazırlayıb və onların vurulma səviyyəsini 90%-dən yuxarı qaldıra bilib. Lakin daha sürətli yeni modellərin qarşısını almaq üçün daha çevik sistemlərə ehtiyac yaranıb.
04:30 01.09.2026
Oxunuş sayı: 43