Dünya yeni nüvə qarşıdurması mərhələsinə yaxınlaşır
Dünyada nüvə silahlarına beynəlxalq nəzarət sistemi zəifləyir və dövlətlər yeni nüvə silahlanışı mərhələsinə daxil olmaq riski ilə üzləşir. “The Washington Post”un analitik məqaləsində qeyd olunur ki, silahların məhdudlaşdırılması ilə bağlı müqavilələrin qüvvədən düşməsi qlobal təhlükəsizlik risklərini artırır.
Crossmedia.az xəbər verir ki, "The Washington Post" da qeyd olunur ki, ABŞ və Rusiya arasında strateji nüvə silahlarının məhdudlaşdırılmasını nəzərdə tutan Yeni START müqaviləsinin qüvvədən düşməsi ilə iki ölkə 1972-ci ildən bəri ilk dəfə müvafiq ikitərəfli razılaşma olmadan qalıb.
ABŞ və Rusiyanın dünya üzrə nüvə arsenalının təxminən 86 faizinə sahib olduğu bildirilir. Eyni zamanda Çin nüvə arsenalını sürətlə genişləndirir, Şimali Koreyanın isə təxminən 50 hazır nüvə başlığına malik olduğu və daha bir neçə onlarla başlıq hazırlamaq üçün kifayət qədər materiala sahib olduğu qeyd edilir.
Məqalədə Cənubi Koreya və Yaponiyada da nüvə silahı məsələsinə münasibətin dəyişdiyi vurğulanır. Cənubi Koreyada əhalinin təxminən 70 faizinin ölkənin öz nüvə silahına sahib olmasını dəstəklədiyi bildirilir.
Ekspertlər yeni nüvə dövlətlərinin meydana çıxmasının müəyyən mənada güc balansı yarada biləcəyini düşünsələr də, nəşr bunun nüvə silahından istifadə və səhv hesablamalar riskini artıracağı barədə xəbərdarlıq edir.
Müəlliflər tam nüvə tərksilahı ilə bağlı genişmiqyaslı danışıqların hazırkı şəraitdə çətin göründüyünü bildirərək, raket sınaqları və hərbi təlimlər barədə əvvəlcədən məlumatlandırma, nüvə arsenallarının şəffaflığı, beynəlxalq müfəttişlərin fəaliyyətinə imkan yaradılması və nüvə dövlətləri arasında birbaşa hərbi əlaqə kanallarının qorunmasını təklif edirlər.
20:27 16.08.2026
Oxunuş sayı: 60