ABŞ İranı Hörmüz boğazı ilə bağlı tələbindən imtina etməyə çağırıb
ABŞ Dohada keçirilən danışıqlar zamanı İranı Hörmüz boğazından tranzitə nəzarət ideyasından imtina edərək diqqəti hərtərəfli nüvə sazişinin imzalanmasına yönəltməyə çağırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Axios" nəşri məlumat yayıb.
Vaşinqton hesab edir ki, sanksiyaların ləğvi və İranın qlobal enerji bazarına qayıdışı Tehrana tranzit rüsumlarından əldə edilə biləcək gəlirdən daha böyük iqtisadi fayda verə bilər.
Bildirilib ki, danışıqlarda Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi, İranın dondurulmuş aktivlərindən istifadə və Livandakı vəziyyət əsas müzakirə mövzuları olub. ABŞ və İranın texniki qrupları arasında danışıqlar Qətərin vasitəçiliyi ilə aparılıb.
Məlumata görə, tərəflər qarşılıqlı Anlaşma Memorandumunun mümkün pozuntularını operativ şəkildə həll etmək üçün fövqəladə rabitə kanalının yaradılması barədə razılığa gəliblər. Bununla belə, Hörmüz boğazının statusu və gələcək nüvə sazişinin şərtləri ilə bağlı əsas fikir ayrılıqları hələ də qalır.
08:38 02.07.2026
Oxunuş sayı: 42