Yaxın Şərqlə bağlı gözlənilməz ssenari: 60 gün içində... - Qum saatı işləməyə başlayıb
Müxtəlif sahələrdə aparılan hesablamalar göstərir ki, ABŞ-İran müharibəsi qlobal iqtisadiyyata 1 trilyon dollara başa gəlib.
Belə ki, ABŞ tərəfindən başladılan və "Epik Qəzəb" adlandırılan 15 həftəlik ABŞ-İsrail müharibəsi ərzində minlərlə insan ölüb, İran 250 milyard dollara qədər ziyan çəkib. Amerikanın itkiləri və xərcləri 150 milyard dollardan çox qiymətləndirilir. Təkcə artan yanacaq qiymətləri amerikalılara təxminən 60 milyard dollar zərər vurub.
Hörmüz boğazının blokadası səbəbindən Brent markalı xam neft müharibədən əvvəlki 65 dollardan 126 dollara qədər yüksəlib. Bu, dünya üzrə benzin, hava səyahətləri, qida və sənaye məhsullarının qiymətlərinə təsir edib. Mart ayında ABŞ-da inflyasiya 4,2 faizə çatıb.
Kpler analitiklərinin fikrincə, böhran zamanı qlobal bazar təxminən 1,1 milyard barel neft itirib və bir neçə ölkədə strateji ehtiyatlar çoxillik minimum səviyyəyə düşüb.
Nəticə etibarilə, minlərlə ölüm, qlobal iqtisadiyyata trilyonlarla itki və bir neçə aylıq müharibədən sonra hər iki tərəf təxminən başladıqları yerə qayıdıb.
Bəşəriyyət son onilliklərin ən böyük paradoksu ilə üz-üzədir: bir tərəfdə milyardlarla dollar hərbi sənayeyə və müharibə alovunun sönməməsinə xərclənir, digər tərəfdə isə qlobal aclıq, təmiz su çatışmazlığı və humanitar böhranlar dünyanı iflic edir. Yaxın Şərqdə bitmək bilməyən hərbi gərginlik fərqli tərəflərin qələbə iddiaları ilə davam etsə də, rəqəmlər yeganə bir məğlubun olduğunu göstərir-qlobal rifah və sıravi insanlar. Dünyanın ən böyük güclərindən tutmuş region ölkələrinə qədər hər kəsin bu və ya digər şəkildə iqtisadi zərbə aldığı bu proses, qloballaşan dünyada heç bir dövlətin, o cümlədən xaricə açıq iqtisadiyyata malik olan Azərbaycanın da bu fırtınadan sığortalanmadığını sübut edir.

Məsələ ilə bağlı Milli Məclisin dörd çağırış deputatı (III, IV, V, VI), iqtisad elmləri doktoru, professor Rüfət Quliyev Crossmedia.az-a açıqlama verib: "Yaxın Şərqdəki müharibə hələ tam yekunlaşmayıb, amma onun itkiləri barəsində artıq mətbuatda kifayət qədər rəqəmlər səslənir. Bu müharibə tam bitməyib, sadəcə olaraq müəyyən diplomatik addımlar atılır. Həm İran, həm ABŞ, həm də Hizbullah və İsrail tərəfindən müharibəni müəyyən bir formada yekunlaşdırmaq üçün cəhdlər edilir. Amma hələ ki bunun sonu görünmür. ABŞ Prezidenti Donald Trampın son çıxışları, onun 60 gün içində yenidən güc siyasətinə qayıda biləcəyini göstərir. İsrail rəhbərliyinin "biz Livandan çıxmayacağıq" deməsi də onu sübut edir ki, müharibənin tam dayandırılmasına, hətta sülh müqaviləsinin bağlanılması ehtimalı o qədər də çox deyil".
O, müharibənin iqtisadi təsirlərindən də danışıb: "ABŞ müharibə naziri Pit Heqsetin sözlərinə görə, savaş ölkəyə birbaşa 40 milyard dollardan çox başa gəlib. Hələ bu da tam rəqəm deyil: başqa strukturlarda bir milyard dollara qədər artıq xərclər qeyd olunub. Sözün düzü, burada söhbət tək müharibəyə gedən xərclərdən getmir, həm də ABŞ hərbi bazalarının bombalanması nəticəsində yaranan ziyanlardan gedir. Müharibəni ABŞ başlatsa da, bu, ona baha başa gəldi. ABŞ-də benzinin qiymətində 25-30 faiz artım müşahidə olundu. Ümumi inflyasiya isə 4,2 faizə çatdı. ABŞ üçün ortalama 1-1,5 faiz inflyasiya normal sayılır, bu göstərici ABŞ vətəndaşlarının maliyyə vəziyyətinin pisləşməsindən xəbər verir. Ümumi logistika və nəqliyyat xərcləri qalxıb, iqtisadiyyatın bir neçə sektorunda 25-30 faiz inflyasiya və qiymət artımı qeydə alınıb. ABŞ üçün bu, tarixin ən dəhşətli inflyasiyası deyil. 1970-1980-ci illərdə Amerikada inflyasiya 12-14 faiz civarında olub. Amma nəzərə almaq lazımdır ki, o vaxtlar ABŞ vətəndaşlarının qazancının artım tempi inflyasiyanın artım tempini üstələyirdi. Ona görə də amerikalılar o qədər də etiraz etmirdilər. Halbuki bu gün gəlirlərin artım tempi inflyasiyadan kifayət qədər aşağıdır. Bu isə ABŞ-də böyük sosial narazılıqlara gətirib çıxarır və siyasi istablişmenti sarsıdır. Hətta Respublikaçıların öz siyasətçiləri arasında, Trampın öz partiyasında böyük narazılıqlar var. Noyabrda Konqresə seçkilərin keçiriləcəyini nəzərə alan Tramp tələm-tələsik elan etdi ki, biz bu müharibəni udmuşuq, İran artıq diz çöküb və kapitulyasiya olunur. Amma bu, heç də belə deyil. Maraqlısı odur ki, hər iki tərəf-həm ABŞ həm də İran qələbə çaldığını iddia edir. Burada daha çox İranın üstünlüyü görünür. İran bu günə qədər öz prinsiplərinin üstündə durub və iqtisadiyyatı tam çökməyib. Təbii ki, böyük ziyanlar çəkib. ABŞ-nin hərbi qüvvələrinin Hörmüz boğazını tam blokadaya alması nəticəsində İranın hər gün təxminən 500 milyon dollar (yarım milyard dollar) ziyan çəkdiyinə dair rəqəmlər var. Ölkə öz neft və qazını ixrac edə bilmir. Təlafatlar da mövcuddur. Düzdür, biz bu müharibəni nə Vyetnam, nə Koreya, nə İraq, nə də Əfqanıstanla müqayisə edə bilərik, çünki oralarda itkilər kifayət qədər çox olub. Tramp ilk günlərdən bilirdi ki, əgər ABŞ dünyasını dəyişmiş əsgərlərin tabutları çox gəlsə, bu, onun üçün böyük bir siyasi fiyasko olacaq".
Professor xatrırladıb ki, İran 47 ildir ki, tam sanksiyalar altındadır: "Demək olmaz ki, bu 47 ildə İran iqtisadiyyatı tamamilə iflic vəziyyətinə düşdü. Amma kifayət qədər geriləmə, şiddətli inflyasiya və dolların yüzlərlə faiz devalvasiyası baş verdi. Bu da onu göstərir ki, sanksiyalar tətbiq olunanda, birinci növbədə xalq əziyyət çəkir, nəinki xalqı idarə edən dövlət və ya biznesmenlər. Vaxtı ilə İrandan ən varlı insanlar ya ABŞ-yə qaçdılar, ya da Körfəz ölkələrinə-Dubaya, Qətərə milyardlarla dollar investisiya qoyaraq öz vəsaitlərini vaxtında çıxara bildilər. Amma bu beynəlxalq sanksiyalar birinci növbədə xalqın rifahına mənfi təsir göstərir. Qlobal miqyasda götürəndə zərərçəkənlərin içində İsrail də var, Livan da. Bütün dünya bu müharibə nəticəsində həm maliyyə, həm də yanacağın bahaşlaşması səbəbindən böyük itkilərə məruz qalıb. İstənilən müharibənin, harada getməsindən asılı olmayaraq, bəşəriyyətin iqtisadiyyatına mənfi təsiri var. Bu təsir onun coğrafi və iqtisadi faktorlarından asılıdır. Artıq bu müharibə nəticəsində qlobal ümumi daxili məhsulun (ÜDM) 0,5 faiz bəndi səviyyəsində enməsi müşahidə olunur və ilin sonuna qədər bu geriləmənin artacağı gözlənilir. Bunun tam fəsadlarını hələ tam hesablamaq mümkün deyil. Körfəz ölkələrində, o cümlədən Qətər, Səudiyyə Ərəbistanı, BƏƏ və hətta Omanda belə iqtisadi və maliyyə itkiləri var. Bu da ABŞ-nin regiondakı reytinqini heç də qaldırmır. Çünki onilliklər öncə ABŞ təminat vermişdi ki, onların ərazisinə heç bir hərbi təcavüz ola bilməz. Amma həyat göstərdi ki, verilən vədlərin hamısı yerinə yetirilmədi".
O, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasından da danışıb: "Dünya iqtisadiyyatındakı bu mənfi təsirlərdən Azərbaycan da yan keçə bilməz. Azərbaycan iqtisadiyyatı da kifayət qədər sürətlə qloballaşır, biz xaricə açıq ölkəyik. Bu hərbi münaqişələrin Azərbaycana təsiri ondan ibarətdir ki, idxal etdiyimiz malların xaricdə maya dəyəri və qiyməti artır. İdxal inflyasiyası hesabına Azərbaycandakı real inflyasiyaya da ciddi təsir göstərir. Məsələn, nəqliyyat xərclərinin artımını götürək: 2014-2015-ci illərdə Ukraynadan bura bir tırın gəlməsi 2500 dollar xərc tələb edirdisə, bu gün Bakıdan Ukraynaya və ya əksinə bir tırın gediş-gəlişi ən azı 5500-6000 dollara başa gəlir. Qiymətlər iki dəfədən də çox artıb ki, bu da birbaşa məhsulun maya dəyərinə və inflyasiyaya təsir edir. Artan hərbi xərclər avtomatik olaraq qlobal inflyasiyanı sürətləndirir və ümumi iqtisadi artımın qarşısını alır. Qərb ölkələri əvvəllər hərbi xərclərin ÜDM-in 1,5-2 faizi səviyyəsində olmasını qəbul etmirdilərsə, indi ABŞ-nin təzyiqi ilə Avropa ölkələri, Yaponiya bu xərcləri 5 faizə qədər qaldırmaq ərəfəsindədirlər. Burada xüsusilə Almaniya, Polşa və Yaponiyanı qeyd etmək lazımdır. Ekspertlər bu hərbi xərclərin iqtisadiyyata vurduğu ziyanları hesablayırlar. Ümumi fikir ondan ibarətdir ki, bəşəriyyət müharibələrin qarşısını almaq üçün son qərar verməlidir".
R. Quliyev onu da bildirib ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) öz üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirmir: "Digər tərəfdən, BMT son 30-40 ildə heç bir mühüm beynəlxalq məsələləri faktiki olaraq həll edə bilmir. BMT təşkilatının illik xərclərini ödəmək üçün hər bir ölkə öz ÜDM-inə uyğun vəsait keçirməlidir. Lakin bu gün Amerika özü belə ödənişdən imtina edir və BMT büdcəsinə 4,5 milyard dollar borcu var. Çinin isə yarım milyard dollardan çox borcu yaranıb. 193 ölkənin daxil olduğu bu beynəlxalq qurumun üzvlərinin bir çoxu borclarını ödəyə bilmir. Azərbaycan isə hər ilin əvvəlində öz üzvlük haqqını tam ödəyir və maliyyə nizam-intizamını nümayiş etdirir. Dünyada 850 milyona qədər insanın ac olduğu, təmiz içməli sudan və səhiyyə xidmətlərindən məhrum qaldığı bir dövrdə bu problemlərlə mübarizə aparmaq üçün maliyyə mənbəyi yalnız və yalnız hərbi xərclərin və müharibələrin azaldılması ola bilər".
Turqut Ansari
12:46 23.06.2026
Oxunuş sayı: 66