Zelenskinin UPA ilə bağlı qalmaqal planları dəyişməyib
Ukrayna Prezidenti Volodimir Zelenski iyunun 25-26-da Polşanın Qdansk şəhərində keçiriləcək Ukraynanın Bərpası Konfransında iştirak edəcək.
Crossmedia.az bu barədə˝Rzeczpospolita˝ nəşrinə əsasən məlumat verir ki, Ukrayna tərəfi Zelenskinin tədbirə qatılacağını artıq rəsmi şəkildə Polşa Xarici İşlər Nazirliyinə təsdiqləyib.
Bundan əvvəl Polşa mətbuatında Ukrayna Xüsusi Əməliyyat Qüvvələrinin bölmələrindən birinə UPA Qəhrəmanları adına fəxri ad verilməsi ilə bağlı yaranmış diplomatik qalmaqal səbəbindən Zelenskinin səfərinin sual altında olduğu barədə xəbərlər yayılmışdı.
Lakin Polşa hökumətindəki mənbələrin bildirdiyinə görə, bu məsələ nə konfransın keçirilməsinə, nə də Ukrayna prezidentinin tədbirdə iştirakına təsir göstərib.
Qeyd edək ki, Ukraynanın Bərpası Konfransı ilk dəfə Polşada keçiriləcək. Tədbirdə dövlət və hökumət başçıları, Avropa İttifaqının rəsmiləri, nazirlər, səfirlər və biznes nümayəndələri də daxil olmaqla 5 minə yaxın iştirakçının qatılması gözlənilir.
Konfransın yekununda Ukraynanın bərpası ilə bağlı onlarla saziş və müqavilənin imzalanacağı gözlənilir.
19:50 17.06.2026
Oxunuş sayı: 50