Çin bazarı “Audi”ni çətin vəziyyətə saldı
Almaniyanın “Volkswagen Group” konserninə məxsus “Audi” markasının dünya üzrə avtomobil satışları ilin üçüncü rübündə 19,7 faiz azalaraq 314,9 min ədəd təşkil edib.
Crossmedia.az xəbər verir ki, satışlardakı azalmanın əsas səbəblərindən biri Çin avtomobil bazarında tələbatın zəifləməsi və yerli istehsalçılarla rəqabətin güclənməsidir.
Məlumata görə, şirkətin satışları ikinci rübdə də 8 faiz azalmışdı. Üçüncü rübdə isə azalma daha da sürətlənib.
“Audi”nin tam elektrikli avtomobillərinin dünya üzrə satışları da illik müqayisədə 21,5 faiz azalaraq 48,7 min ədədə düşüb.
Ümumilikdə, ilin ilk doqquz ayında şirkətin qlobal avtomobil tədarükü 11,4 faiz azalaraq 1,04 milyon ədəd təşkil edib.
Çin bazarında isə vəziyyət daha mürəkkəb olub. Yerli avtomobil istehsalçıları ilə güclü rəqabət və zəif tələb nəticəsində “Audi”nin bu ölkədə satışları doqquz ay ərzində təxminən 25 faiz geriləyib.
Qeyd edək ki, “Volkswagen Group”un rəsmi məlumatları da “Audi”nin qlobal satışlarındakı azalmanı təsdiqləyir.
14:34 12.10.2026
Oxunuş sayı: 77