Bayıl, Beygöy
Dördüncü hissə: Bayıl, Beygöy
Tarix elmləri doktoru Həsən Həsənov özünün “Qız qalası” adlı monoqrafiyasında Bakının qədim tarixi, onun müxtəlif dövrlərdə daşıdığı adlar və bu adların mənşəyi ilə bağlı geniş tədqiqat aparıb. Saytımız həmin araşdırmanı 7 hissə şəklində təqdim edirik.
Türkiyədə nəşr olunan İslam Ensiklopediyası müəlliflərinin fikrincə, Bakının adı “Bey-Göy” formasında təqdim olunur və “Baş şəhər” mənasını verir. Bu yanaşma müəyyən qədər əsaslı hesab edilir. Lakin əlavə etməliyəm ki, bu sözlərin daha dərin – sakral mənası da mövcuddur. Mahmud Qaşqarlı və Yusif Balasaqunluya görə: “bey” və ya “bay” qədim türk düşüncəsində yalnız titul deyil, həm də “Bayat” şəklində tanrı” mənasında işlədilə bilər. “Göy” isə bəzi hallarda “yaşayış məntəqəsi”, “yurd” anlamı daşıyır. Bu baxımdan “Beygöy” anlayışı “İlahi şəhər” kimi şərh olunur.
Bu semantika Bakının daxilində yerləşən Bayıl toponimində də əks olunur. Bəzi tədqiqatçılar “Bayıl” sözünü “bayır” (şəhərin kənarı) kimi izah etməyə çalışsalar da, bu yanaşma mənə görə, sözün dərin mənası ilə uyğun gəlmir. “Bayıl” iki komponentdən ibarət hesab olunur. “Bay” – dediyim kimi “tanrı” mənasını verir. “İl isə qədim türk dillərində “ölkə”, “yurd” deməkdir. Bu iki komponent birlikdə “İlahi ölkə” və ya daha geniş mənada “İlahi Ana ölkəsi” kimi izah olunur. Burada “bay” komponentinin bəzi dialektlərdə “ana” mənasında işlənməsi də bu izahı gücləndirir.
Araşdırmaya əsasən, “Beygöy” və “Bayıl” kimi adlar Bakının sadəcə coğrafi məkan olmadığını, qədim dövrlərdə sakral – ilahi məna daşıyan bir mərkəz kimi qəbul edildiyini göstərir.
Beləliklə, Bakı toponimi yalnız “şəhər adı” deyil, həm də qədim türk və ümumilikdə qədim dünya dünyagörüşündə “ilahi məkan”, “müqəddəs yurd” anlayışlarını özündə birləşdirən çoxqatlı semantikaya malikdir.
11:00 07.05.2026
Oxunuş sayı: 361