AHİK sədri Sahib Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyanın (AHİK) sədri Sahib Məmmədov Mentorluq Proqramı çərçivəsində V “Yüksəliş” müsabiqəsinin qalibi Qoşqar Daşdıyevlə görüşüb.
Crossmedia.az xəbər verir ki, görüşdə “Yüksəliş” müsabiqəsinin ölkədə insan kapitalının inkişafına xidmət edən mühüm təşəbbüslərdən biri olduğu vurğulanıb. Qeyd olunub ki, bu layihə kadrların idarəçilik bacarıqlarının təkmilləşdirilməsinə, liderlik keyfiyyətlərinin formalaşmasına, gənc mütəxəssislərin karyera inkişafına önəmli töhfə verir.
Konfederasiya sədri həmkarlar ittifaqlarının vətəndaş cəmiyyətinin inkişafında rolu, AHİK-də son illər həyata keçirilən islahatlar, reallaşdırılan layihələr, idarəetmədə tətbiq olunan innovativ yanaşmalar, elektron xidmətlərin tətbiqi barədə geniş məlumat verib.
Qoşqar Daşdiyev qalibi olduğu “Yüksəliş” müsabiqəsinin onun şəxsi və peşəkar inkişafında rolundan danışıb, müsabiqənin idarəçilik bacarıqlarının formalaşmasına və liderlik keyfiyyətlərinə mühüm təsirini, Mentorluq Proqramının təcrübə mübadiləsinin aparılması, idarəçilikdə yeni yanaşmaların mənimsənilməsi baxımından əhəmiyyətini diqqətə çatdırıb.
Görüşdə əmək bazarında mövcud tendensiyalar, rəqəmsal transformasiya prosesləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
17:29 07.05.2026
Oxunuş sayı: 39