Yol nişanları ləğv olunsa, nə baş verər? - “Shared Space” modeli Azərbaycanda işləyərmi?
Son illərdə bir sıra xarici ölkələrdə yol hərəkətinin tənzimlənməsi ilə bağlı maraqlı yanaşmalar tətbiq olunmağa başlanmışdır.
Bu yanaşmalardan biri də ənənəvi məlumat və yol nişanlarının minimuma endirilməsi, bəzi hallarda isə tamamilə aradan qaldırılmasıdır.
Məqsəd sürücülərin diqqətini yalnız nişanlara deyil, real yol şəraitinə yönəltmək, onların məsuliyyət hissini artırmaq və qarşılıqlı anlaşma mühitini gücləndirməkdir.
Aparılan müşahidələr və statistik göstəricilər göstərir ki, belə yanaşma tətbiq olunan ərazilərdə yol-nəqliyyat hadisələrinin sayında azalma müşahidə olunmuşdur.
Bu təcrübə nəqliyyat mədəniyyətinin və sürücü davranışlarının inkişaf səviyyəsinin yol təhlükəsizliyinə birbaşa təsir etdiyini bir daha sübut edir. Lakin bu modelin uğurla tətbiqi üçün yalnız texniki dəyişikliklər deyil, həm də ictimai şüurun formalaşması, qaydalara könüllü riayət etmə vərdişlərinin inkişafı vacib amil kimi çıxış edir.
Belə olan halda, bu təcrübənin Azərbaycan şəraitində tətbiqinin mümkünlüyü və effektivliyi xüsusi müzakirə mövzusu kimi diqqət çəkir.
Məsələ ilə bağlı nəqilliyyat üzrə ekspert Adil Nəbiyev Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Xarici ölkələrdə bəzi şəhərlərdə tətbiq olunan və “Shared Space” kimi tanınan yanaşma – yəni yol nişanlarının və sərt vizual nəzarətin minimuma endirilməsi – doğrudan da, maraqlı və müəyyən hallarda effektiv nəticələr verən modeldir. Çünki bu sistem sürücünü daha diqqətli, məsuliyyətli və qarşılıqlı anlaşmaya əsaslanan davranışa sövq edir.
Sürücü artıq “nişanlara baxaraq” yox, real mühitə və digər hərəkət iştirakçılarına uyğun qərar verir. Nəticədə sürətlər təbii şəkildə azalır və qəza riski bəzi şəhər mərkəzlərində hətta aşağı düşür. Lakin bu modelin uğurlu işləməsi üçün cəmiyyətin yol mədəniyyəti, qarşılıqlı hörmət səviyyəsi, piyadaların davranışı və ümumi intizam çox yüksək olmalıdır.
Azərbaycan reallığında isə vəziyyət bir qədər fərqlidir. Çünki hazırda sürücülərin əhəmiyyətli hissəsi qaydalara daha çox məcburiyyət və nəzarət vasitəsilə əməl edir, nəinki daxili məsuliyyət hissi ilə, piyadalar arasında da yol davranışı tam formalaşmayıb və bu şəraitdə bütün nişanların birdən-birə ləğvi ciddi xaosa və qəza riskinin artmasına səbəb ola bilər.
Buna görə də, bu modeli tam şəkildə tətbiq etməkdən daha çox mərhələli və selektiv yanaşma daha real görünür. Məsələn, ilk olaraq şəhərin mərkəzi, sürətin onsuz da aşağı olduğu, piyadaların üstünlük təşkil etdiyi küçələrdə pilot layihələr həyata keçirilə bilər.
Vizual mühit sadələşdirilərək sürücünün diqqəti daha çox real hərəkətə yönəldilə bilər. Paralel olaraq maarifləndirmə gücləndirilməli, sürücülük mədəniyyəti artırılmalı və nəzarət mexanizmləri tam ləğv edilmədən “yumşaldılmış nəzarət” modelinə keçid edilməlidir.
Eyni zamanda, infrastruktur da uyğunlaşdırılmalıdır. Daraldılmış yollar, səviyyəsiz keçidlər, səki genişləndirilməsi kimi fiziki həllər sürəti avtomatik aşağı salır və nişansız mühitdə təhlükəsizliyi təmin edir.
Nəticə etibarilə, Azərbaycanda bu cür sistem mümkündür, lakin ani və total keçid yox, tədrici, sınaq əsaslı və mədəni dəyişikliklərlə paralel aparılan islahatlar şəklində həyata keçirilməlidir ki, həm təhlükəsizlik qorunsun, həm də sürücülərdə əlavə stress deyil, daha şüurlu davranış formalaşsın".
Elmir Heydərli
14:45 23.04.2026
Oxunuş sayı: 61