Dünyanı ikiyə bölən adam - Rəsulzadənin gözündən Lenin
Bu gün bəşəriyyəti qan gölündə boğanlardan biri olan Leninin doğum günüdür.
“Yeni Kafkasya” jurnalında Məhəmməd Əmin Rəsulzadənin “Leninin vəfatı” adlı məqaləsi XX əsrin ən ziddiyyətli simalarından biri olan Leninin siyasi şəxsiyyətini dərindən təhlil edir.
Bu yazıda Rəsulzadə inqilabla başlayan, lakin diktatura ilə davam edən bir rejimin qurucusu olan Leninin portretini təqdim edir. Tarixin axarını dəyişən, təkcə Rusiyanı deyil, bütün dünyanı sarsıdan ideoloji bir dalğanın lideri kimi Lenin burada bir dövlət başçısından çox, cahanşümul diktator obrazında canlanır.
Rəsulzadənin qələmində bu portret həm tarixi hadisələrin fonunda, həm də azadlıq və ədalət uğrunda aparılan mübarizənin prizmasında oxucuya təqdim olunur.
“Bir vaxtlar bir tərəfə ümid, digər tərəfə qorxu yayan Lenin adı, artıq əvvəlki təsirini itirmişdir. Məsələn, vaxtilə uşaqlarına “Lenin” adını qoyan İtalyan fəhlələri sonradan faşizmə yönəldilər. Hətta kommunizmin ən sərt əleyhdarlarından biri olan faşist lider Mussolini belə sonradan Sovet Rusiyasını tanımaq tərəfdarı oldu.
Leninin apardığı təcrübə Rusiya imperiyasına çox baha başa gəldi. Bu, həm imperiyanın əsasını təşkil edən ruslar, həm də digər xalqlar üçün saysız-hesabsız itkilərə səbəb oldu. Amma bütün bu fəlakətlərə baxmayaraq, dünya tarixi çox önəmli bir şey qazandı: "Rusiya təcrübəsi".
Leninin ölümü xəbəri artıq əvvəlki qədər səs salmasa da, hələ də dünyanı iki yerə ayırır: sevinc hissi keçirənlər və qismən kədərlənənlər. Necə ki, məşhur bir boksçunun məğlubiyyəti tərəfdarlarını kədərləndirər, əleyhdarlarını sevindirər, Lenin də dünya siyasətində belə bir fiqur idi. O, tarix səhnəsində mühüm bir şəxsiyyət idi – qəhrəmanlar müsbət də ola bilər, mənfi də. Lenin hansı idi? Bu suala cavabı gələcək tarixçilər verəcək.
Birinci Dünya müharibəsinin yaratdığı xaos Avropa kapitalizminin böhranını göstərirdi. Mülkiyyətə əsaslanan sistem zəifləyirdi. İnsanlar bu böhranın həllini “ortaq mülkiyyət” prinsipində – yəni sosializmdə görürdülər.
Rusiya inqilabının uğuru və ya uğursuzluğu bütün dünyanın sosial və iqtisadi sisteminə təsir göstərəcəkdi. İnqilab ilk vaxtlar Avropa fəhlələrinə böyük ümid vermişdi. Moskva radiosunun fəhlələrə ünvanladığı çıxışlar hər yerdə coşqu doğururdu. Hətta Macarıstanda bu təcrübəni təkrarlamağa çalışanlar da oldu.
Amma bu gün bir şeyi aydın şəkildə söyləyə bilərik: Leninin şəxsiyyəti müsbət idi ya mənfi, bu ayrıca mövzudur. Əsas olan onun həyata keçirdiyi təcrübədir. Leninin tətbiq etdiyi sistem idi əsas məsələ. Çünki bolşevizmin müdafiə etdiyi nəzəriyyələrin heç biri əslində onun icad etdiyi fikirlər deyildi.
Belə maddi gücdən məhrum olan xalqlar, xüsusilə də şərq xalqları, kommunizm istilasının ağır zülmü altında əzab çəkdilər və hələ də əziyyət çəkirlər. Leninin idealları onları xilas edə bilmədi.
“Qırmızı sosialistlərin” qurduğu diktatura, “Ağ çarların” yaratdığı imperializm kimi, müqaviməti zəif olan xalqların üzərinə getdi: Qafqaz işğal edildi, Türküstan yandırıldı, İran istismar olundu.
Demək ki, Lenin Rusiyanı dəyişə bilmədi, əksinə, Rusiya Lenini dəyişdirdi. Millətlərə geniş azadlıq və müstəqillik vədi ilə yola çıxan bu adam, nəticədə onları ən ağır və zalım bir əsarətə məhkum edib getdi.
Şərq xalqları onun 1918-ci ildə “İslam aləminə” ünvanladığı bəyanatı oxuyarkən buna “peyğəmbərcəsinə bir fikir” deyirdilər.
Leninin cəmiyyət sahəsindəki siyasətini ümumiləşdirsək, “inqilabla başladı, irica ilə ilə bitirdi” demək daha doğru olar. Kommunistlərin millətlərə qarşı apardıqları siyasəti isə “hüriyyətlə başladılar, əsarətlə tamamladılar” kimi təsvir etmək mümkündür”.
Məhəmməd İsrafiloğlu
15:40 22.04.2026
Oxunuş sayı: 1017