KTMT-dən gözlənilməz addım - region üçün nə dəyişəcək?
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Cənubi Qafqazda baş verən prosesləri diqqətlə izlədiyini və regionda davamlı sülhün bərqərar olunmasına ümid etdiyini bəyan edir.
Təşkilatın Baş katibi Talatbek Masadikov tərəfindən səsləndirilən fikirlər bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
Onun çıxışı göstərir ki, beynəlxalq və regional təşkilatlar Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını sabitlik üçün əsas amillərdən biri kimi qiymətləndirirlər.
Bu kontekstdə tərəflər arasında sülh müqaviləsinin imzalanmasına yönəlmiş son tendensiyalar müsbət dinamika kimi dəyərləndirilir.
Xüsusilə vurğulanır ki, dövlətlərarası münasibətlərin tənzimlənməsi yalnız ikitərəfli əlaqələrin deyil, bütövlükdə Cənubi Qafqaz regionunun təhlükəsizlik arxitekturasına mühüm təsir göstərə bilər.
Bu yanaşma, davamlı sülh və sabitliyin təmin olunmasının məhz qarşılıqlı anlaşma və siyasi iradədən asılı olduğunu bir daha ön plana çıxarır.
Məsələ ilə bağlı siyasi şərhçi Əhəd Məmmədli Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Məsələyə ümumi baxdıqda görünür ki, hazırda regionda baş verən proseslərdə müxtəlif güc mərkəzləri təşəbbüsü ələ almağa çalışır.
Xüsusilə, Donald Trump dövründə irəli sürülən təşəbbüslər və Vaşinqtonda atılan addımlar fonunda, Rusiya da geri qalmamaq üçün bu məsələdə fəallığını artırmağa çalışır.
Bu kontekstdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) də müəyyən mənada Rusiyanın təsir aləti kimi çıxış edir və regionda söz sahibi olmaq niyyətini nümayiş etdirir. Lakin nəzərə almaq lazımdır ki, KTMT mahiyyət etibarilə siyasi deyil, daha çox hərbi blok funksiyası daşıyır.
Eyni zamanda, KTMT-nin öz daxilində də ciddi problemlərin mövcudluğu diqqətdən kənarda qalmır. Təşkilata üzv olan Qırğızıstan və Tacikistan arasında vaxtaşırı baş verən silahlı toqquşmalar göstərir ki, bu qurum hətta üzv dövlətlər arasında sabitliyi tam təmin edə bilmir.
Bu baxımdan, KTMT-nin regionda sülhyaratma missiyası ilə çıxış etməsi daha çox geosiyasi rəqabətin tərkib hissəsi kimi qiymətləndirilə bilər. Yəni burada əsas məqsəd real nəticədən çox, prosesdə iştirak və təsir imkanlarını qorumaqdır.
Digər tərəfdən, Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi ilk növbədə bu iki ölkənin qarşılıqlı yanaşmasından asılıdır. Xarici təşəbbüslər ikinci dərəcəli rol oynayır və yalnız tərəflərin iradəsi olduğu halda nəticə verə bilər.
Bu mənada, istər “Tramp yolu”, istərsə də digər alternativ layihələr yalnız Azərbaycanın milli maraqlarına uyğun olduğu təqdirdə məqbul hesab edilə bilər.
Xüsusilə, Zəngəzur istiqamətində nəzərdə tutulan nəqliyyat xəttinin tam şəkildə Azərbaycanın nəzarətində olması əsas prioritet kimi qiymətləndirilir. Əks halda, irəli sürülən təşəbbüslərin heç biri praktik baxımdan qənaətbəxş hesab olunmur".
Elmir Heydərli
17:03 22.04.2026
Oxunuş sayı: 370