Tehran geri çəkilmir - İranın sərt mövqeyi nə vəd edir?
İranın ABŞ ilə danışıqların ikinci raundundan imtina etməsi regionda onsuz da gərgin olan geosiyasi vəziyyəti daha da mürəkkəbləşdirib.
Artan iqtisadi sanksiyalar, beynəlxalq təzyiqlər və hərbi risklər fonunda Tehranın bu cür mövqe sərgiləməsi suallar doğurur.
Bir tərəfdən ölkə daxilində müxtəlif güc mərkəzləri arasında fikir ayrılıqları, digər tərəfdən isə strateji maraqlar və regional təsir imkanlarını qorumaq istəyi İranın qərarlarına təsir edən əsas amillər kimi qiymətləndirilir.
Mövcud şəraitdə İranın təzyiqlərə baxmayaraq geri addım atmaması münaqişənin gələcək inkişaf perspektivləri ilə bağlı yeni müzakirələrə yol açır.
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Crossmedia.az-a açıqlama verib:
"İran və ABŞ arasında sabaha nəzərdə tutulan danışıqların keçirilməməsi ehtimalı kifayət qədər yüksəkdir. Səbəb ondan ibarətdir ki, İran tərəfi dünən axşam bəyan edib ki, bu danışıqlarda iştirak etmək istəyir, lakin ABŞ tərəfindən tətbiq olunan blokadanın aradan qaldırılmasını tələb edir.

Şübhəsiz ki, İran tərəfinin ritorikasına baxdıqda müəyyən təhlükə elementləri görünür. İran hesab edir ki, hazırda psixoloji təzyiq onun tərəfindədir və vəziyyəti istədiyi kimi manipulyasiya edə bilər.
Amma düşünürəm ki, məsələ o qədər də sadə deyil. Belə ki, ABŞ-ın hazırda körfəzə tətbiq etdiyi blokada İran üçün kifayət qədər ciddi nəticələrə səbəb ola bilər.
Bu baxımdan, İranda məsələlərə yanaşmada müəyyən tərəddüdlərin olduğu görünür. Həmçinin qeyd olunur ki, Xameneinin ölümündən sonra yeni dini lider hələ tam şəkildə müəyyənləşməyib və onun mesajları əsasən yazılı formada çatdırılır.
Bu mesajların birbaşa onun tərəfindən verilib-verilməməsi də müəyyən suallar yaradır. Yəni faktiki olaraq İranda bir neçə güc mərkəzi mövcuddur və onların arasında ciddi rəqabət hiss olunur.
İranda daha rasional düşünən və islahatlara meyilli qüvvələr hesab edir ki, ölkə ABŞ ilə bir çox məsələlərdə razılığa gələ bilər. Lakin hazırda hakimiyyətdə əsas söz sahibi olan hərbi yönümlü qüvvələr – faktiki olaraq hərbi xunta – daha radikal mövqe tutur və qarşıdurmanın davam etməsində maraqlıdır.
Digər tərəfdən, nəzərə almaq lazımdır ki, tərəflərin resursları bərabər deyil. Xüsusilə də, Hörmüz boğazının ABŞ tərəfindən nəzarətə götürülməsi və İran limanlarına giriş-çıxışın məhdudlaşdırılması İran üçün ciddi və ağır nəticələrə gətirib çıxara bilər.
Bu baxımdan, İranda faktiki hakimiyyəti idarə edən qüvvələr hesab edir ki, onlar məğlub olmayıblar – rejim dəyişməyib və ölkə işğal olunmayıb.
Baxmayaraq ki, bir çox sahədə itkilər var, SEPAH-a bağlı qüvvələr özlərini qalib kimi təqdim edir və faktiki olaraq ölkə daxilində hakimiyyətin əsas hissəsinin onların nəzarətində olduğunu demək olar.
Nəticə etibarilə, həm daxili səbəblər, həm də mümkün ssenarilər baxımından İranın əsas tərəfdaşlarının prosesin uzanmasında maraqlı ola biləcəyi ehtimalı da var. Amma ümumi qiymətləndirmədə tərəflər arasında razılığın əldə olunmaması ABŞ-ın nüfuzuna müəyyən zərər vursa da, İran üçün daha ciddi və ağır nəticələr doğura bilər".
Ayhan
14:15 22.04.2026
Oxunuş sayı: 62