Milli yumorumuzun zirvəsi – Nəsibə Zeynalova
Azərbaycan mədəniyyətinin və teatr tariximizin elə nəhəng simaları var ki, onların yaradıcılığından bəhs etmək, əslində bir xalqın gülüş fəlsəfəsini, daxili dünyasını və səhnə fədakarlığını təhlil etmək deməkdir. Bu gün doğum gününü böyük ehtiramla qeyd etdiyimiz Azərbaycan teatr sənətinin parlaq və bənzərsiz siması, milli gülüş mədəniyyətimizin əlçatmaz zirvəsi Nəsibə xanım Zeynalova da məhz belə sənətkarlardandır.
Onun yaradıcılığından söz açmaq əslində musiqili teatrımızın bir əsrlik salnaməsini vərəqləmək, o möhtəşəm sənət ocağının çiyinlərində daşıdığı repertuar ağırlığını və ləyaqətini hiss etməkdir. Nəsibə xanım elə bir fitri istedad idi ki, tale ona əsl səhnə ustası üçün lazım olan bütün rəngləri, geniş diapazonu və əlvan xarakter cizgilərini bolluca bəxş etmişdi.
O, sadəcə aktrisa kimi yetişməmişdi, sanki dünyaya elə artist olaraq göz açmışdı. Onun hər bir hərəkəti, səhnədəki hər bir addımı Azərbaycan milli realist aktyor məktəbinin banisi olan atası Cahangir Zeynalovun sənət genlərinin ən kamil təzahürü idi. Atası sənət məktəbinin banisi idi, övladı da həmin məktəbin ümummilli məhəbbət zirvəsinə çevrildi.
Cahangir Zeynalovun yeganə qız övladı dünyaya gələndə yaxınlarına vəsiyyəti – qızının onun sənət yolunu davam etdirməsini arzulaması – əslində Azərbaycan teatrının gələcək taleyinin həll olunması idi.
Hələ iki yaşında ikən ailəsi ilə birgə Bakıdakı qırğınlardan qaçıb İrana pənah aparan, sonra səhnə xiffəti ilə geri dönən atasını vaxtsız itirən balaca Nəsibənin taleyi heç də asan olmadı. O, on dörd yaşından zəhmətə qatlaşaraq laboratoriyalarda, tramvay parklarında, anbarlarda işləyərək həyatın ən sərt üzünü gördü. Bəlkə də elə buna görə idi ki, sonralar yaratdığı hər bir obrazda həyatın özü, sadə insanların ruhu, onların dərdi və sevinci bu qədər qabarıq hiss olunurdu.
Nəsibə Zeynalovanın yaradıcılıq yolunu izləyərkən maraqlı bir nüans diqqəti çəkir: o, sənətə rəqqasə kimi gəlmiş, lakin aktyorluq eşqi onu addım-addım zirvəyə aparmışdı. Hətta bir vaxtlar ona “rəqs etmək istedadın yoxdur” deyənlər də olmuşdu, “aktyorluq bacarığın yoxdur” deyib teatrdan uzaqlaşdıranlar da. Amma daxili enerjisi və sənətə olan sarsılmaz bağlılığı onu Musiqili Komediya Teatrına gətirdi və o gündən bu sənət ocağı özünün ən böyük sütununu tapdı.
Böyük dramaturq Cəfər Cabbarlının “Aktyor necə olmalıdır” məqaləsindəki kriteriyaları xatırlasaq, Nəsibə xanımın bu tələblərə tam cavab verən, hətta onları aşan bir fiqur olduğunu görərik. C.Cabbarlı aktyordan sadəcə rolu ifa etməyi yox, o obrazın ruhuna girməyi, onun hər bir jestini və hərəkətini həyatdakı kimi təbii təqdim etməyi tələb edirdi. Nəsibə xanım səhnəyə çıxdığı andan etibarən artıq aktrisa deyildi; o, Cənnət xala idi, Fatmanisə idi, Züleyxa idi. Onun improvizasiya gücü o qədər yüksək idi ki, ən zəif yazılmış ssenariləri belə öz duzlu-məzəli deyimləri, təbii hərəkətləri ilə xilas edirdi.
Əgər C.Cabbarlı Nəsibə Zeynalovanın səhnədəki o möhtəşəm çevrilmələrini, improvizasiya gücünü və tamaşaçını bir anda ələ almaq qabiliyyətini görsəydi, heç şübhəsiz ki, öz yazılarında təsvir etdiyi, arzuladığı “kamil aktyor” obrazının məhz o olduğunu fəxrlə vurğulayar, “budur mənim axtardığım sənət fədaisi” deyərdi. Çünki Nəsibə xanım obrazın xarici görünüşündən tutmuş, onun ən dərin daxili qatlarına qədər hər şeyi təbii və inandırıcı təqdim edirdi. Nəsibə xanım gülüşü gülüş xatirinə deyil, insan xarakterinin dərinliklərini açmaq, cəmiyyətdəki eybəcərlikləri ifşa etmək üçün vasitə kimi istifadə edirdi. O, səhnədə sadəcə güldürmür, həm də düşündürürdü.
Nəsibə xanım üçün rolun böyük-kiçiyi yox idi. O, ən kiçik epizodu belə öz improvizasiyası ilə tamaşanın və ya filmin şah əsərinə çevirməyi bacarırdı. Onun yaradıcılığında xalq yumoru, qaravəlli estetikası və lətifə söyləmə mədəniyyəti vəhdət təşkil edirdi. Nəsibə xanım hər hansı bir rola hazırlaşarkən xalqın içindən gələn ifadələri, yaddaşlarda qalan deyimləri sənətkarlıqla ssenariyə əlavə edirdi. Bu da onun obrazlarının bu qədər “canlı” və “bizdən biri” olmasını təmin edirdi.
Onun çəkildiyi hər bir film, oynadığı hər bir tamaşa Azərbaycan mədəniyyətinin qızıl fondunu bəzəyir. Aktrisanın, xüsusilə kino dünyasındakı fəaliyyəti isə bütöv bir dövrün tarixidir. “Ögey ana” filmindəki Fatmanisə obrazını xatırlayaq. Cəmi qırx yaşında ikən elə bir qoca qarı surəti yaratmışdı ki, hətta tanınmış gürcü kinodramaturqu Georgi Mdivani bu obrazı canlandıran gənc qadını görəndə heyrətini gizlədə bilməmişdi.
Yaxud “Ulduz”un Züleyxası, “Bizim Cəbiş müəllim”in Suğra xalası, “Bəyin oğurlanması”nın Əsli xalası... Hər biri Azərbaycan qadınının xarakterik xüsusiyyətlərinin müxtəlif çalarlarıdır. Lakin “Qayınana” filmindəki Cənnət xala obrazı Nəsibə Zeynalovanı sadəcə bir aktrisa olmaqdan çıxarıb, hər bir Azərbaycan ailəsinin doğmasına, simvoluna çevirdi.
Bu roldakı hökmlülük, eyni zamanda gizli mehribanlıq, milli adət-ənənələrimizə olan bağlılıq aktrisanın ifasında o qədər koloritli idi ki, ondan sonra bu rola müraciət edən hər kəs istər-istəməz onu xatırladırdı. Amma özünün də dediyi kimi: “Mənim çəkmələrimi geyinmək olar, amma mənim yerişimi yeriyə bilmərsən”.
Nəsibə Zeynalovanın doğum günü Azərbaycan ruhunun, xalqın təbii yumorunun və səhnə fədakarlığının bayramıdır. Bu gün hər birimiz üçün milli mənəviyyatımızın, bədii zövqümüzün və sarsılmaz xalq məhəbbətinin təntənəsidir.
Bu gün Azərbaycan sənətsevərləri Nəsibə xanımı sadəcə alqışlarla yox, həm də sonsuz ehtiram və səmimi təbəssümlə xatırlayırlar. O, Azərbaycan səhnəsində elə bir iz qoyub ki, illər, qərinələr keçsə də, o gülüş solmayacaq. Çünki Nəsibə Zeynalova Azərbaycan səhnəsinin əvəzolunmaz “Gülüş Kraliçası”dır və hər zaman Azərbaycan xalqı üçün təbəssüm, səmimiyyət və milli qürur rəmzi olaraq qalacaqdır.
09:30 20.04.2026
Oxunuş sayı: 60