Yüksək Liqanın mükafatları uğrunda oyunlar keçirilib
Bu gün GİN-in Voleybol Mərkəzində Yüksək Liqanın mükafatları uğrunda oyunlar keçirilib. İlk olaraq üçüncülük qarşılaşmasında “Milli Aviasiya Akademiyası” və “Gəncə” komandaları üz-üzə gəliblər. Bu matçda “Gəncə” komandası 3:0 hesabı ilə qalib gələrək Yüksək Liqanın bürünc medalını qazanıb.
Crossmedia.az xəbər verir ki, ardınca baş tutan final oyununda “Turan” və “DH Volley” komandaları üz-üzə gəliblər. Gərgin keçən qarşılaşmada rəqibini 3:1 hesabı ilə məğlub edən “Turan” çempion adını qazanıb.
Final
qarşılaşmasından sonra mükafatlandırma mərasimi keçirilib.
Çıxış edən Azərbaycan
Voleybol Federasiyasının prezidenti Şahin Bağırov Yüksək Liqada çıxış edən
bütün idmançılara federasiya adından təşəkkürünü bildirib. Qeyd edib ki, çempionat
boyu komandalar əzmkar mübarizə aparıblar və maraqlı oyunlar nümayiş etdiriblər.
O, hər bir komandanı, xüsusilə finalda qalib gələn “Turan”ı təbrik edib.
Ş.Bağırov ölkəmizdə
idmanın daim inkişafda olmasını sevindirici hal kimi dəyərləndirib və bu nailiyyətlərin
dövlət dəstəyinin nəticəsi olduğunu söyləyib: "Bu dəstəyə görə də ölkə rəhbərliyinə
minnətdarlığımızı bildiririk. Yaradılan şərait sayəsində voleybol inkişaf edir,
yeni oyunçular yetişir və komandaların sayı artır".
AVF rəhbəri Gənclər
və İdman Nazirliyinə, eləcə də aidiyyəti qurumlara, azarkeşlərə, media nümayəndələrinə
və sponsorlara dəstəklərinə görə təşəkkür edib.
O, bir daha
bütün komandaları təbrik edib, idmançılara uğurlar arzulayıb.
Daha sonra
AVF-nin vitse-prezidenti Bəhruz Quliyev və baş katib Faiq Orucov çempionatda fərqlənən
voleybolçulara “Ən yaxşı oyunçu” mükafatlarını təqdim ediblər. Avropa Voleybol
Konfederasiyasının İdarə heyətinin üzvü, AVF prezidentinin müşaviri Cəlil Cəfərov
Yüksək Liqa oyunlarının keçirilməsində göstərdiyi dəstəyə görə GİN-in Voleybol
Mərkəzinə təşəkkürnamə təqdim edib. Ardınca qaliblərə kubok və medallar
verilib. Çempiona kuboku gənclər və idman naziri Fərid Qayıbov və AVF-nin
prezidenti Şahin Bağırov təqdim ediblər. Medalları isə Azərbaycan Voleybol
Federasiyasının vitse-prezidenti Faiq Qarayev, “Demirören Yatırım Holdinq”in
prezidenti Yıldırım Demirören və “Turan” voleybol klubunun prezidenti Həsən
Zeynalov təqdim ediblər.
Beləliklə,
qadın voleybolçuların Yüksək Liqasının qalibi “Turan” komandasına qızıl medal və
kubok, “DH Volley” klubuna gümüş, “Gəncə”yə isə bürünc medallar təqdim olunub.
Sonda qaliblərlə xatirə şəkilləri çəkdirilib.
Oyunların nəticələri
19 aprel
Yüksək Liqa (qadınlar)
Final
“Turan” - “DH Volley” 3:1 (15:25, 25:21, 25:19,
25:23)
Üçüncü yer uğrunda oyun
“Milli Aviasiya Akademiyası” - “Gəncə” 0:3 (18:25,
21:25, 21:25)
23:57 19.04.2026
Oxunuş sayı: 360