Oksforda gedən yol necə başlayır? – Şəbnəm Tağıyevanın hekayəsi – Müsahibə
Şəbnəm Tağıyeva hüquqşünaslıq ixtisası üzrə bakalavr təhsilini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Prezident təqaüdçüsü kimi fərqlənmə ilə başa vurmuş, daha sonra Bakı Dövlət Universitetində kommersiya hüququ üzrə magistratura təhsilini ingilis dilində fərqlənmə ilə tamamlamışdır.
Peşəkar fəaliyyətində həm dövlət, həm də özəl sektorda doqquz ilə yaxın müddətdə çalışaraq hüquq və ictimai siyasət sahəsində geniş təcrübə qazanmışdır.
2024/2025-ci tədris illərində “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyanın Oksford Universitetində “İctimai siyasət” ixtisası üzrə magistr təhsili almışdır.
Şeffild Universitetinin “Center for Machine İntelligence” mərkəzində xüsusi təhsil (SEND) siyasətində süni intellektin təhsil siyasətində etik və məsuliyyətli tətbiqi istiqamətində akademik tədqiqat fəaliyyətini davam etdirir.
Müasir dövrdə qlobal təhsil imkanlarının genişlənməsi gənclər üçün yeni perspektivlər açır və onların fərdi inkişafı ilə yanaşı, ölkənin insan kapitalının güclənməsinə də mühüm töhfə verir.
Xüsusilə, dövlət proqramları vasitəsilə xaricdə təhsil almaq həm bilik və təcrübənin artırılması, həm də beynəlxalq mühitdə formalaşmaq baxımından əhəmiyyətli imkanlar yaradır.
Bu proqramlar gənclərə yalnız akademik bilik qazandırmır, eyni zamanda onları gələcəyin peşəkarları kimi yetişdirərək ölkəni beynəlxalq arenada təmsil etməyə şərait yaradır.
Bu baxımdan, xaricdə təhsil təcrübəsi əldə etmiş bir mütəxəssislə aparılan bu müsahibə dövlət proqramının üstünlükləri, müraciət prosesinin incəlikləri və uğura aparan yol barədə dəyərli fikirləri əhatə edir.
Müsahibədə həm şəxsi təcrübə, həm də gənclər üçün praktik tövsiyələr təqdim olunur, xaricdə təhsilin yalnız arzu deyil, düzgün yanaşma və planlama ilə reallaşa bilən bir məqsəd olduğu vurğulanır.
- Azərbaycandan Oksforda uzanan yolunuz necə formalaşdı?
Düşünürəm ki, məni Oksford Universitetinə aparan yol uzun illər ərzində formalaşan bir akademik və peşəkar inkişaf prosesinin nəticəsi olub.
Təhsil yolunda keçdiyim hər bir mərhələ həm şəxsi, həm də peşəkar inkişafıma əhəmiyyətli töhfələr vermişdir. Əvvəlcə özəl sektorda, daha sonra isə dövlət sahəsində ölkəmizin bir sıra mötəbər qurumlarında fəaliyyətim təhsil dövründə əldə etdiyim bilik və bacarıqları təcrübədə tətbiq etməyimə imkan yaratdı.
Bununla yanaşı, mən hər zaman xaricdə təhsil alaraq biliklərimi daha da dərinləşdirmək və fərqli perspektivlər qazanmaq arzusunda olmuşam. Zamanla peşəkar fəaliyyətimdə daha da irəlilədikcə diqqətim daha çox işə yönəldi və bu mövzu müəyyən qədər arxa plana keçdi. Lakin xaricdə təhsil almaq arzusu mənim üçün uzun illər boyunca əhəmiyyətli və dəyərli olaraq qalırdı.
Eyni zamanda, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Hüquq şöbəsində çalışdığım müddətdə gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramının uzadılması və onun əhatə dairəsinin genişləndirilməsi üzrə görülən hüquqi işlərin icrasında iştirak etmək şansım oldu. Elə həmin dövrdə ömürboyu öyrənmə prinsipimə sadiq qalaraq doqquz ilə yaxın peşəkar fəaliyyətimdən sonra Proqramın yaratdığı bu imkandan yararlanaraq təhsilimi xaricdə davam etdirmək qərarına gəldim.
Bu məqsədlə Proqramın şərtləri ilə yaxından tanış oldum, prioritet ixtisaslar əsasında seçim etdim və bir sıra nüfuzlu xarici ali təhsil müəssisələrinə müraciət etdim. Müraciət etdiyim universitetlərdən müsbət cavablar aldıqdan sonra isə akademik və peşəkar məqsədlərimə ən uyğun olan seçimi etdim.
Belə ki, Oksford Universiteti həm beynəlxalq akademik mühiti, həm zəngin ənənələri, həm də yüksək təhsil səviyyəsi ilə mənim üçün ən uyğun seçim oldu. Dünyanın ən qədim və nüfuzlu ali təhsil ocaqlarından biri kimi Oksford yalnız akademik bilik deyil, eyni zamanda düşüncə və ideyaların formalaşdığı unikal bir mühit təqdim edir. Bu mühitdə olmaq və belə bir akademik ənənənin bir hissəsinə çevrilmək mənim üçün xüsusi əhəmiyyət daşıyırdı.
- Bu yolda sizə ən çox dəstək olan şəxslər kim olub?
Düşünürəm ki, bu yolda daxili inamım və əzmkarlığımla yanaşı, ailəmin, yaxın dostlarımın, müəllimlərimin və peşəkar fəaliyyətim zamanı qazandığım dəyərli həmkarlarımın rolu danılmazdır. Bəzən sadəcə doğru zamanda deyilən bir söz belə insanın qərarlarına çox böyük və müsbət təsir göstərə bilir.
Eyni zamanda, xaricdə təhsil almış dostlarımın və xüsusilə Dövlət Proqramı məzunlarının təcrübəsi və səmimi məsləhətləri bu prosesi daha düzgün istiqamətləndirməyimdə mənə çox kömək edib.
Düşünürəm ki, bu yolda ilk addımı atdıqdan sonra qarşıma çıxan insanlar və onların tövsiyələri mənim daha inamla və qətiyyətlə irəliləməyimə müsbət təsir göstərdi. Bu, həm də çox dəyərli bir xatırlatmadır ki, əgər bir şeyi həqiqətən istəyirsənsə, dəstək mütləq gələcək.
Sözsüz ki, həyat hər zaman planlaşdırdığımız kimi getmir. Lakin qarşılaşdığımız çətinliklər, tərəddüdlər və gözlənilməz vəziyyətlər də bu yolun ayrılmaz hissəsidir. Məhz bu təcrübələr insanın düşüncə tərzini formalaşdırır və onu inkişaf etdirir. Bu baxımdan məncə nəticə qədər prosesin özü də dəyərlidir.
Geriyə baxdıqda anlayıram ki, bu yolda göstərdiyim səylər, həmçinin mənə verilən dəstək və məsləhətlər qərarlarıma və inkişafıma mühüm təsir göstərib və bunların hər birini bu gün də yüksək qiymətləndirirəm.
- Dövlət Proqramı ilə xaricdə təhsil almağın hansı üstünlükləri var?
Dövlət Proqramı ilə xaricdə təhsil almaq, ilk növbədə, böyük bir imtiyazdır. Çünki bu cür genişmiqyaslı və sistemli dəstək mexanizmləri hər ölkədə mövcud deyil və bu, dövlətimizin gənclərə yaratdığı çox dəyərli bir fürsətdir.
Bu baxımdan, Proqramın ən nəzərəçarpan üstünlüklərindən biri maliyyə təminatıdır. Bir çox hallarda tələbələrin nüfuzlu xarici universitetlərdə təhsil almasına mane olan əsas amillərdən biri məhz maliyyə məsələsi olur. Bu Proqram isə həmin maneəni aradan qaldıraraq tələbələrə xaricdə keyfiyyətli təhsil almaq, yeni bilik və bacarıqlar qazanmaq üçün real imkan yaradır.
Eyni zamanda, təqaüd sayəsində tələbə maddi çətinlikləri düşünmədən bütün diqqətini təhsilinə yönəldə bilir ki, bu da çox böyük bir üstünlükdür.
Onu da qeyd edim ki, xaricdə təhsil aldığım müddətdə digər ölkələrdən olan tələbələr Dövlət Proqramına böyük maraq göstərir, onun necə tətbiq olunduğu ilə bağlı suallar verirdilər.
Bu da bir daha göstərir ki, bir çox ölkələrdə bu səviyyədə dəstək mexanizmləri geniş yayılmayıb və Proqram gənclərin bilik və bacarıqlarını beynəlxalq mühitdə inkişaf etdirməsinə şərait yaradan mühüm bir fürsətdir.
Bununla yanaşı, əlbəttə ki, Proqramın dəyəri yalnız maliyyə ilə məhdudlaşmır. Bu imkan tələbələrə beynəlxalq akademik mühitdə inkişaf etmək, fərqli yanaşmalarla tanış olmaq və bu təcrübə vasitəsilə həm peşəkar, həm də şəxsi inkişaf baxımından yeni mərhələyə keçmək imkanı yaradır.
Eyni zamanda, müxtəlif ölkələrdən olan tələbələrlə ünsiyyət qurmaq, fikir mübadiləsi aparmaq və gələcək əməkdaşlıqlar üçün əlaqələr yaratmaq mümkündür. Proqram iştirakçıları arasında formalaşan əlaqələr də uzunmüddətli perspektivdə xüsusi dəyər daşıyır.
Bu imkanları Dövlət Proqramı çərçivəsində əldə etməyin əsas əhəmiyyəti ondan ibarətdir ki, əldə olunan bilik və təcrübə təkcə fərdi inkişafla məhdudlaşmır, eyni zamanda ölkənin prioritet sahələri üzrə insan kapitalının formalaşdırılmasına xidmət edir.
Bu baxımdan, Proqram məzunlar üçün bu bilikləri ölkədə tətbiq etmək baxımından həm imkanlar yaradır, həm də dövlət qurumlarında fəaliyyət və inkişaf üçün əlavə üstünlüklər təqdim edir.
Ən önəmlisi, Proqram dövlətin gənclərə göstərdiyi etimadın göstəricisidir. Bu etimad həm müəyyən məsuliyyət yaradır, həm də insanda qürur hissi formalaşdırır. Çünki siz yalnız şəxsi inkişafınız üçün deyil, gələcəkdə qazandığınız bilik və təcrübə ilə ölkəyə töhfə vermək üçün də dəstəklənirsiniz.
Nəticə etibarilə, bu proqram yalnız fərdi inkişaf üçün deyil, həm də əldə olunan bilik və təcrübənin ölkəyə ötürülməsi üçün güclü bir platforma yaradır.
- Dövlət Proqramı ilə xaricə getmək istəyənlərə hansı tövsiyələriniz olardı?
Dövlət Proqramı ilə xaricdə təhsil almaq istəyən gənclərə əsas tövsiyəm bu prosesə strateji və planlı şəkildə yanaşmalarıdır.
İlk növbədə, Proqramın tələbləri və prioritet istiqamətləri ilə yaxından tanış olmaq vacibdir. Mən özüm də müraciət etməzdən əvvəl bu meyarları detallı şəkildə analiz etdim, akademik göstəricilərimin uyğunluğunu qiymətləndirdim və sənədləşmə prosesini əvvəlcədən planlaşdırdım. Bu yanaşma düzgün strategiya qurmağa ciddi şəkildə kömək edir.
Digər mühüm məqam xarici universitetdən qəbul almaqdır. Bunun üçün tələbələr erkən mərhələdən akademik nəticələrinə, xüsusilə xarici dil biliklərinə diqqət yetirməlidirlər. Dil hazırlığını gecikdirməmək həm qəbul mərhələsində, həm də sonrakı təhsil prosesində uğur üçün vacibdir.
Eyni zamanda, müraciət zamanı tələb olunan sənədlərin vaxtında hazırlanması və ümumi prosesin düzgün idarə olunması də böyük rol oynayır.
Üçüncü olaraq, seçimlərə strateji yanaşmaq lazımdır. Düşünürəm ki, seçilən ixtisasın gələcək karyera imkanları, əvvəlki təhsil və təcrübə ilə uyğunluğu, həm də əmək bazarına və dövlətin prioritetlərinə cavab verməsi bu Proqramdan maksimum fayda əldə etməyə imkan yaradır.
- Süni intellekt sahəsində apardığınız tədqiqat barədə danışa bilərsinizmi?
Süni intellekt mövzusunda apardığım tədqiqat Oksford Universitetində İctimai siyasət üzrə magistr təhsilimin tərkib hissəsi idi. Proqramı başa vurduqdan sonra bizdən tələb olunurdu ki, müəyyən bir sahə üzrə ya tədqiqat aparaq, ya da praktik təcrübə keçək.
Məqsəd əldə etdiyimiz bilikləri praktik müstəvidə tətbiq etmək idi və mən də hazırda ən aktual mövzulardan biri olan süni intellekt sahəsini seçdim.
Tədqiqatım əsasən süni intellektin təhsil sahəsində, xüsusilə də sağlamlıq imkanları məhdud olan uşaqların təhsilinin təşkili və dəstəklənməsi kontekstində necə daha etik və məsuliyyətli şəkildə tətbiq oluna biləcəyinə fokuslanırdı.
Tədqiqatımı Şeffild Universitetinin Machine Intelligence mərkəzi ilə əməkdaşlıq çərçivəsində aparmışam və hazırda bu istiqamətdə daha geniş akademik məqalə üzərində işləyirik.
Bu prosesdə əsas diqqət yetirdiyimiz məsələlərdən biri süni intellektin qərarvermə prosesində rolu idi: yəni bu qərarlar necə formalaşır və necə nəzarətdə saxlanılır. Bu kontekstdə “human oversight” (insan nəzarəti), “algorithmic bias” (alqoritmik qərəz) və “human-in-the-loop” (insanın qərar prosesində aktiv iştirakı) kimi anlayışlar ön plana çıxır. Yəni texnologiya istifadə olunsa belə, insanın nəzarəti və müdaxilə imkanı qorunmalıdır.
Xüsusilə, təhsil kimi həssas bir sahədə bu məsələlər daha böyük əhəmiyyət daşıyır. Çünki bu sistemlər təhsilalanların qiymətləndirilməsi və təhsil imkanlarına çıxışı ilə bağlı qərarlara təsir göstərə bilər. Paralel olaraq burada fərdi məlumatların işlənilməsi, məlumatların təhlükəsizliyi və mümkün qərəzlərin qarşısının alınması kimi məsələlər də xüsusi diqqət tələb edir.
Eyni zamanda, süni intellektin potensialı kifayət qədər böyükdür. Amma burada da əsas məsələ bu imkanlardan necə balanslı və məsuliyyətli şəkildə istifadə olunmasıdır.
Xüsusilə, təhsil kimi həssas bir sahədə bu mövzu daha böyük əhəmiyyət daşıyır. Çünki süni intellekt sistemləri təhsil prosesinə və qərarverməyə müəyyən təsir göstərə bilər.
Bu baxımdan məlumatların düzgün idarə olunması və mümkün risklərin nəzərə alınması vacibdir. Eyni zamanda süni intellektin potensialı kifayət qədər böyükdür. Lakin əsas məsələ bu imkanlardan balanslı və məsuliyyətli şəkildə istifadə olunmasıdır.
Mənim üçün maraqlı olan məqamlardan biri də odur ki, müzakirələrdə əsas sual texnologiyanın özündən çox, onun necə tətbiq olunması ilə bağlı olur. Apardığım araşdırmalar və müsahibələr də göstərdi ki, həm mütəxəssislər, həm də bu sahə ilə maraqlanan insanlar ən çox “süni intellekt sistemlərinə nə qədər güvənmək olar?” və “bu prosesdə insan nəzarəti necə qorunmalıdır?” sualları üzərində düşünürlər.
Hüquqşünas olaraq bu mövzu mənim üçün həm də hüquq və texnologiyanın kəsişdiyi nöqtələrdə qanunun aliliyi, bərabərlik və ədalət prinsipləri baxımından maraqlıdır və gələcəkdə bu istiqamətdə daha geniş araşdırmalar aparmağı planlaşdırıram.
- Tələbələrlə görüşlər keçirirsiniz və təcrübənizi bölüşürsünüz. Xüsusilə, Qarabağ Universitetində baş tutan son görüşünüz barədə nə deyə bilərsiniz?
Bəli, istər Oksfordda təhsil aldığım müddətdə, istərsə də məzun olduqdan sonra həm öz təşəbbüsümlə, həm də müxtəlif universitetlərin dəvəti ilə tələbələr və gənc mütəxəssislərlə görüşlər keçirməyə və təcrübəmi bölüşməyə çalışmışam. Bu görüşlər mənim üçün həm böyük məsuliyyət, həm də çox dəyərli bir təcrübədir.
Bu günə qədər Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, Milli Aviasiya Akademiyasında, ADA Universitetində və digər ali təhsil müəssisələrində tələbələrlə bir araya gəlmişəm. Eyni zamanda, onlayn formatda da bir sıra görüşlərimiz olub.
Ən son Qarabağ Universitetində baş tutan görüş isə mənim üçün xüsusi əhəmiyyət daşıyırdı. Yadımdadır, Qarabağ Universitetinin rəsmi açılış günü, 2024-cü ilin 20 sentyabrında, hansı ki, Dövlət Suverenliyi Gününə təsadüf edirdi, mən Oksfordda təhsil almaq üçün yola düşmüşdüm.
Bu baxımdan, həmin universitetdə tələbələrlə bir araya gələrək həm təhsil yolumu, həm də süni intellekt sahəsində apardığım tədqiqatı bölüşmək mənim üçün olduqca dəyərli və yaddaqalan bir təcrübə oldu.
Görüş “Konstitusiya və rəqəmsal dövr: süni intellekt, hüquq və şəffaflıq” mövzusuna həsr olunmuşdu və tələbələrlə bu istiqamətdə çox maraqlı və məhsuldar müzakirələr apardıq. Onların süni intellektin hüquqi və etik aspektlərinə yanaşması və bu mövzuda irəli sürdükləri arqumentlər xüsusilə diqqətimi çəkdi.
Ümumilikdə qeyd edə bilərəm ki, bu və digər oxşar görüşlərdə tələbələrin və gənc mütəxəssislərin mövzulara yanaşması, müzakirələrdə aktiv iştirakı və düşüncə tərzləri məndə çox müsbət təəssürat yaradır. Bu yanaşma onların gələcək planlarında və seçimlərində də öz əksini tapır.
Demək olar ki, bütün görüşlərdə tələbələr və gənc mütəxəssislər xaricdə təhsil və qəbul prosesi ilə bağlı suallar verirlər. Lakin bu maraq yalnız ümumi səviyyədə qalmır, onlar xüsusilə nüfuzlu universitetlərdə müxtəlif ixtisaslar üzrə təhsil almaq, bu prosesə necə hazırlaşmaq və hansı praktiki addımlar atmaq lazım olduğu ilə maraqlanırlar.
Düşünürəm ki, xaricdə təhsil almış gənclər, o cümlədən Dövlət Proqramı məzunları bu baxımdan digər gənclər üçün motivasiyaedici və istiqamətverici rol oynayırlar.
Mənim əsas mesajım odur ki, gənclər təhsil və karyera imkanlarını araşdırmaqdan və özlərini sınamaqdan çəkinməməlidirlər. Çünki çox vaxt insan nəyə qadir olduğunu məhz bu prosesə daxil olduqda anlayır. Eyni zamanda, bu cür təcrübələr yalnız nəticə ilə məhdudlaşmır, bu insanın özünü daha yaxşı tanıması və inkişaf etdirməsi baxımından da çox dəyərlidir. Əsas olan isə öyrənmək, inkişaf etmək və bu istəyi qoruyub saxlamaqdır.
- Ümumilikdə, həm xaricdə təhsil almaq, həm də şəxsi və peşəkar inkişaf baxımından gənclərə hansı tövsiyələri verərdiniz?
Gənclərə əsas tövsiyəm odur ki, xaricdə təhsil və inkişaf məqsədlərinə erkən mərhələdən planlı və məqsədyönlü şəkildə hazırlaşsınlar.
İlk növbədə akademik göstəricilərə diqqət yetirmək çox vacibdir. Bu, həm disiplinin, həm də seçdiyiniz sahəyə marağınızın göstəricisidir və nüfuzlu universitetlər tərəfindən yüksək qiymətləndirilir.
Eyni zamanda, ixtisas seçiminə diqqət yetirmək lazımdır. Sevdiyiniz bir sahəni müəyyənləşdirərək həmin istiqamətdə daha dərindən öyrənməyə və inkişaf etməyə çalışın. Əgər hiss edirsinizsə ki, seçdiyiniz ixtisas sizə uyğun deyil, bu zaman alternativləri araşdırmaq və bu məsələdə adaptiv olmaq vacibdir.
Digər mühüm məqamlardan biri aktiv olmaqdır. Təcrübə proqramları, könüllülük fəaliyyəti və müxtəlif layihələrdə iştirak həm biliklərinizi praktikada tətbiq etməyə, həm də CV-nizi gücləndirməyə kömək edir. Bundan əlavə, sözügedən fəaliyyətlər kommunikasiya bacarıqlarının inkişafına və şəbəkələşməyə də töhfə verir.
Hətta imkan daxilində öz təşəbbüslərinizi həyata keçirməkdən çəkinməyin. Məsələn, xatırlayıram ki, tələbəlik illərimdə könüllülük, təcrübə və ictimai-sosial fəaliyyətlərdə aktiv iştirak etməklə yanaşı, öz təşəbbüsümlə də müəyyən layihələr həyata keçirmişdim.
Bakalavr təhsilim dövründə “Facebook” platforması üzərindən onlayn hüquqi yardım təşəbbüsü yaratmış və 200-ə yaxın vətəndaşa ödənişsiz hüquqi dəstək göstərmişdim.
Bundan əlavə, dil biliklərinin inkişafı və davamlı öyrənmə çox vacibdir. Təhsil yalnız universitetlə məhdudlaşmamalıdır. Müxtəlif onlayn kurslar, platformalar və daha təcrübəli şəxslərlə ünsiyyət vasitəsilə öyrənməyə davam etmək önəmlidir.
Süni intellektdən istifadə mövzusuna da qısaca toxunmaq istərdim. Bu gün artıq bu alətlər təhsil prosesində geniş şəkildə istifadə olunur və müəyyən hallarda işlərin planlaşdırılması, məlumatların daha sistemli şəkildə toplanması və proseslərin daha səmərəli qurulması baxımından faydalı ola bilər.
Lakin bununla yanaşı, təqdim olunan məlumatlara tənqidi yanaşmaq və mənbələri yoxlamaq vacib olaraq qalır. Ən əsası isə süni intellektdən istifadə öyrənmə prosesini əvəz etməməli, əksinə onu dəstəkləyən bir alət kimi istifadə olunmalıdır.
Planlı və strukturlu olmaq da çox önəmlidir. Bu yanaşma həm vaxtın düzgün idarə olunmasına kömək edir, həm də stressi azaldır.
Bütün bunlarla yanaşı, düşünürəm ki, hobbilərin olması da vacibdir. Bu, şəxsi inkişafı dəstəkləməklə yanaşı, dərs və ya iş həyatında daha sağlam balans yaratmağa kömək edir və insanın yeni mühitlərdə özünü daha rahat ifadə etməsinə imkan yaradır.
Sonda isə qeyd etmək istərdim ki, insan özünə inanmalıdır. Lakin bu inam bir anda yaranmır. O, zamanla, səbr və davamlı səylər nəticəsində formalaşır və möhkəmlənir. İnsan özünə inandıqda isə həm təhsil, həm də karyera yolunda daha düzgün qərarlar verə bilir.
11:40 17.04.2026
Oxunuş sayı: 179