Azərbaycan ədəbiyyatında insan psixologiyasının ustası- Salam Qədirzadənin anım günü
"Biz dünyadan gedəndən sonra nə qədər xatırlanırıqsa, demək yenidən bir o qədər yaşayırıq"
Bu gün, 10 aprel, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Salam Qədirzadənin anadan olmasının ildönümüdür. O, 1923-cü ildə Bakı şəhərində dünyaya gəlib və Azərbaycan nəsrinin inkişafında özünəməxsus üslubu ilə seçilən yazıçılardan biri kimi tanınıb. Qədirzadənin yaradıcılığı təkcə ədəbi hadisə deyil, həm də dövrün sosial-psixoloji mənzərəsini əks etdirən mühüm sənət nümunəsidir.
Onun ədəbiyyata gətirdiyi əsas yeniliklərdən biri insan psixologiyasının gündəlik həyat detalları ilə birləşdirilməsi idi. Yazıçı böyük süjetlər və mürəkkəb hadisələr üzərində deyil, sadə insanların daxili dünyasında baş verən emosional dəyişikliklər üzərində dayanırdı. Bu səbəbdən onun əsərləri oxucuya çox yaxın və inandırıcı görünür.
Qədirzadə uzun illər jurnalistika və mətbuat sahəsində fəaliyyət göstərib. Bu təcrübə onun bədii yaradıcılığına birbaşa təsir edib. O, insanları yalnız yazıçı kimi deyil, həm də müşahidəçi kimi görürdü, real həyatı, küçə danışığını, insan münasibətlərini və gündəlik psixoloji vəziyyətləri diqqətlə izləyirdi. Nəticədə onun əsərləri süni deyil, canlı və real təsir bağışlayır.
“46 bənövşə” – insan hisslərinin simvolik gündəliyi
Onun yaradıcılığında xüsusi yer tutan əsərlərdən biri 46 bənövşə romanıdır. Əsər qeyri-adi strukturla başlayır: redaksiyaya gətirilən iki dəftər vasitəsilə bir qızın- Könülün həyatı açılır. Bu dəftərlərdə onun hissləri, düşüncələri və yaşadığı daxili ziddiyyətlər əks olunur. Əsərin ən güclü bədii tapıntısı “bənövşə” simvoludur. Hər xatirə bir bənövşə ilə işarələnir və bu rəqəm sonda 46-ya çatır. Ədəbiyyatşünasların fikrincə, bu rəqəm sadəcə statistik göstərici deyil, insan ruhunun mərhələlərini ifadə edən metaforik sistemdir. Bənövşə burada həm sevginin incəliyini, həm də tənhalığın səssiz ağrısını təmsil edir.Bu romanı fərqləndirən əsas cəhət ondadır ki, müəllif hadisələri deyil, hisslərin inkişafını göstərir. Oxucu süjetin izləyicisi yox, sanki həmin hisslərin iştirakçısına çevrilir.
“Qış gecəsi” – müharibədən sonrakı həyatın emosional mənzərəsi
Qış gecəsi əsəri müharibədən sonrakı dövrün sosial-psixoloji mənzərəsini əks etdirir. Burada Bakı şəhərinin dəyişən atmosferi, insanların yenidən qurulan həyatı və gənclərin arzuları fon kimi verilir. Əsərdə “Tarçalan oğlan” kimi tanınan Adil obrazı xüsusi diqqət çəkir. Onun Ceyran adlı rəssam qıza olan sevgisi nakam və emosional baxımdan dərin bir xətt yaradır. Bu sevgi hekayəsi sadəcə romantik münasibət deyil, həm də dövrün sosial reallıqlarının insan taleyinə təsirinin göstəricisidir. Qədirzadə burada yenə də sevgi ilə yanaşı, insanın daxili mübarizəsini ön plana çıxarır.
“Ulduzlar sayrışanda” – yaddaş və keçmişin kölgəsi
Ulduzlar sayrışanda romanında gənc jurnalist Ərdostun həyat yolu təsvir olunur. O, həm peşəkar, həm də şəxsi həyatda seçimlər qarşısında qalır. Keçmişdə itirdiyi sevgini başqa bir insanda görməsi onun daxili dünyasında ciddi psixoloji gərginlik yaradır. Bu əsərdə yazıçı yaddaş, sevgi və identiklik mövzularını bir-birinə bağlayır. Ərdost obrazı vasitəsilə göstərilir ki, insan keçmişindən tam azad ola bilmir, o keçmiş hər zaman onun indisinə təsir edir.
“Ömrün təzə illəri” – səhvdən qayıdış və mənəvi dönüş
Ömrün təzə illəri əsərində isə daha çox mənəvi dəyişikliklər və həyat səhvlərindən çıxış yolu ön plandadır. Burada qəhrəman yanlış seçimlər edir, lakin həyat onu yenidən doğru yola qaytarır. Əsərin əsas ideyası budur ki, insanı dəyişdirən təkcə cəmiyyət deyil, həm də onun qarşısına çıxan səmimi münasibətlərdir. Sevgi burada həm xilasedici güc, həm də mənəvi dönüş nöqtəsi kimi təqdim olunur.
Salam Qədirzadənin bütün əsərlərində ortaq bir xətt var: insanın daxili dünyasına enmək. O, hadisələri bəzəməkdən çox, insan ruhunu açmağı seçib. Onun dili sadədir, lakin bu sadəliyin arxasında çoxqatlı psixoloji müşahidə dayanır. Qədirzadə qəhrəmanları ideal insanlar deyil , onlar səhv edən, sevən, susan, qorxan və dəyişən insanlardır. Məhz bu real yanaşma onun əsərlərini oxucuya yaxınlaşdırır.
Qeyd edim ki, Salam Qədirzadənin yaradıcılığı Azərbaycan ədəbiyyatında insan psixologiyasını ən incə detallarla əks etdirən məktəblərdən biri kimi qiymətləndirilir. Onun əsərləri zaman keçdikcə köhnəlmir, çünki orada danışılan mövzu dəyişmir, insanın özü, onun hissləri və daxili dünyası dəyişməz olaraq qalır.
Onun Sevdasız Aylar əsərində belə bir hissə vardır:
Ay qızlar! Yәqin Sevda yaşında olanda çoxunuz sevib-sevilmisiniz. Burada tәәccüblü nә var ki? Mәһәbbәtsiz ürәk, günәşsiz һәyat ikisi dә birdir. Onsuz bu tәbiәtin füsunkar gözәlliklәrini necә görmәk, necә duymaq olar...?
Fatimə
10:10 10.04.2026
Oxunuş sayı: 126