İki simanın kölgəsində - Zori Balayanın nifrət doktrinası və acı sonluğu
Zori Balayan... Bu ad müasir Cənubi Qafqaz tarixində bütöv bir regionu qan gölünə qərq edən ideoloji xəttin, nifrət üzərində qurulmuş doktrinanın rəmzidir.
1935-ci ildə Xankəndidə anadan olan bu şəxs peşəcə həkim olsa da, ruhən cərrah kimi deyil, xalqlar arasındakı bağları qoparan dağıdıcı qüvvə kimi fəaliyyət göstərmişdir.
Onun həyat və fəaliyyəti zahirən parıltılı, lakin daxilən qaranlıq labirinti xatırladır. Bu labirintin bir ucunda Ermənistanın və erməni lobbisinin dünyaya təqdim etdiyi “humanist ziyalı” obrazı, digər ucunda isə insanlıq əleyhinə cinayətlərin ideoloji müəllifi olan gerçək portret yer alır.
Z.Balayanın şəxsiyyətini anlamaq üçün əvvəlcə onun Ermənistan tərəfindən yaradılmış “milli qəhrəman” mifologiyasına nəzər salmaq, daha sonra isə bu maskanın altındakı acı həqiqətləri üzə çıxarmaq lazımdır.
Ermənistanın daxili auditoriyası və xaricdəki təbliğat maşını üçün Zori Balayan hər zaman “xalqın vicdanı” və “milli dirçəlişin memarı” kimi təqdim olunub.
Erməni mətbuatının və rəsmi dairələrinin yaratdığı təsvirə görə, o, Silva Kaputikyanla çiyin-çiyinə verərək, yatmış bir milləti oyadan, onlara “itirilmiş torpaqlar” uğrunda mübarizə ruhu aşılayan bir simadır.
Onun Sovet dövründə “Literaturnaya qazeta” kimi nüfuzlu nəşrlərdə çalışması, beynəlxalq ekoloji hərəkatlarda iştirakı və “Kilikiya” gəmisi ilə dünya okeanlarını gəzərək, qondarma rejimin bayrağını dalğalandırması onu dünyaya “sülh elçisi” və “mədəniyyət xadimi” kimi sırımaq üçün vasitəyə çevrilmişdi.
Erməni tərəfi onu Mixail Qorbaçov və Boris Yeltsin kimi liderlərlə görüşən, SSRİ Ali Sovetinin deputatı kimi “haqq-ədalət” uğrunda mübarizə aparan diplomatik zəka kimi vəsf edirdi.
Hətta onun 1990-cı ildə Moskvada keçirdiyi aclıq aksiyası belə, bir “fədakarlıq” aktı kimi tarix kitablarına salınmış, 2006-cı ildə ona “Artsax Qəhrəmanı” adı verilərək bu mifologiya rəsmiləşdirilmişdi.
Onların nəzərində Z.Balayan vətəni üçün qəlbi sızlayan, hətta ömrünün son anında belə işğaldan azad edilmiş torpaqların həsrəti ilə yaşayan bir “müqəddəs” idi.
Lakin Ermənistanın yaratdığı “parıltılı” maskanın altında gizlənən həqiqi Zori Balayan bəşəriyyətin gördüyü ən qatı nifrət ideoloqlarından biridir. Onun “ziyalılığı” əslində nasist əlaltısı Qaregin Njdenin etnik eksklüzivlik və nifrətə əsaslanan “Tseqakronizm” təliminin müasir dövrdəki təzahürü idi.
Z.Balayanın 1980-ci illərdə yazdığı “Ocaq” kitabı tarixi oçerk olmaqla yanaşı, Azərbaycan xalqına qarşı açıq nifrət püskürən, qonşu xalqın varlığını və mədəniyyətini inkar edən təhrik sənədi idi. O, jurnalist qələmindən qəlb oxşayan vasitə kimi deyil, etnik təmizləməni qanuniləşdirən silah kimi istifadə edirdi.
1987-1989-cu illərdə Ermənistandan 250 min azərbaycanlının vəhşicəsinə qovulmasının, evlərinin yandırılmasının mənəvi və ideoloji təməlləri məhz Z.Balayanın “iki xalqın bir yerdə yaşaması qeyri-mümkündür” tezisi üzərində qurulmuşdu.
O, sülhdən dəm vurduğu kürsülərdən enən kimi xalqları bir-birinə qarşı qısqırtmaqla məşğul olurdu.
Z.Balayanın ən qanlı izi isə bəşər tarixinə qara ləkə kimi düşən Xocalı soyqırımı ilə bağlıdır. Şahid ifadələri və faktlar göstərir ki, o, sadəcə yazıçı kimi hadisələri kənardan izləməmiş, bilavasitə qanlı qırğınların planlaşdırılmasında və həyata keçirilməsində iştirak etmişdir.
Onun “Ruhumuzun canlanması” kitabında (erməni tərəfi hər nə qədər inkar etsə də) 13 yaşlı bir Azərbaycan uşağının pəncərəyə sancılaraq diri-diri dərisinin soyulmasını və bu işgəncənin yeddi dəqiqə davam etməsini soyuqqanlılıqla təsvir etməsi Z.Balayanın insanlıqdan nə dərəcədə uzaqlaşdığının sübutudur.
O, bir uşağın can verməsini izləməkdən ruhunun qürur duyduğunu yazacaq qədər sadistləşmişdi. Bu, sadəcə müharibə cinayəti deyil, tibb təhsili almış bir insanın öz andına və bütün bəşəri dəyərlərə xəyanəti idi.
Onun fəaliyyəti bununla da bitmirdi. Z.Balayan dinc insanların qanına susamış terror şəbəkələrinin maliyyəçisi və istiqamətvericisi idi.
O, 1994-cü ildə Bakı metrosunda törədilən və onlarla günahsız insanın ölümünə səbəb olan terror aktlarının ideoloji hazırlığı və maliyyələşdirilməsi ilə beynəlxalq terrorizm müstəvisinə çıxmışdı.
Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən İnterpol xətti ilə axtarışa verilməsi və 2005-ci ildə İtaliyada saxlanılması onun beynəlxalq səviyyədə cinayətkar kimi tanınmasının sübutu idi. Lakin güclü erməni lobbisinin təzyiqi ilə ədalət mühakiməsindən qaçmağı bacaran bu şəxs ömrünün sonuna qədər nifrət dili ilə danışmağa davam etdi.
Onun ömür boyu apardığı nifrət dolu fəaliyyəti ölümü ilə bir dövrün qanlı epiloquna çevrildi. Onun taleyinin ən böyük paradoksu o idi ki, 90 illik ömrü boyu tikdiyi nifrət divarlarının Azərbaycanın 2020-ci il Zəfəri ilə necə darmadağın olduğunu görmək məcburiyyətində qaldı.
O, ideoloji memarı olduğu qondarma rejimin süqutunu, Azərbaycanın ərazi bütövlüyünün tam bərpasını öz gözləri ilə izlədi.
Maraqlıdır ki, bu gün Ermənistanın özündə belə, Alen Simonyan kimi siyasətçilərin separatçı liderləri “yerini bilməyə” və susmağa çağırması Z.Balayanın “revanşizm” mirasının artıq öz sahibləri üçün belə, yükə çevrildiyini göstərir.
Erməni cəmiyyətinin qarşısında indi çətin bir seçim durur: ya Balayanın onlara miras qoyduğu təcrid, nifrət və mənasız müharibələr yolunu davam etdirmək, ya da bu qanlı keçmişlə vidalaşıb reallıqla barışmaq.
Zori Balayan tarixin yaddaşında xalqını fəlakətə sürükləyən, qonşu xalqa isə bitməyən ağrılar yaşadan bir nifrət simvolu kimi qalacaq.
Tarix onu heç vaxt bağışlamayacaq, çünki onun qələmindən çıxan sətirlər mürəkkəblə deyil, günahsız insanların qanı ilə yazılmışdı. Tarixi ədalət bəlkə də bəzən bir ideoloqun öz yaratdığı illüziyaların tam məhvinə şahidlik edərək ölməsi ilə təntənə çalır.
10:06 09.04.2026
Oxunuş sayı: 1090