Audit bazarında boşluqlar - sistem niyə işləmir?
Azərbaycanda audit sahəsinin inkişaf tempi son illər həm ekspertlər, həm də biznes dairələri arasında geniş müzakirə olunan mövzulardan biridir.
Mövcud vəziyyətin səbəbləri və bu sahədə müşahidə olunan problemlər isə müxtəlif amillərlə izah olunur.
Mütəxəssislər hesab edir ki, auditin inkişafı yalnız normativ baza ilə deyil, həm də bazar tələbi, biznes mühiti və peşəkar kadr potensialı ilə sıx bağlıdır.
İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının üzvü, vergi, audit ve mühasibat üzrə ekspert Şamxal Kərimov bu barədə Crossmedia.az-a açıqlama verib.
O qeyd edib ki, Azərbaycanda audit sahəsinin inkişaf tempi ilə bağlı müzakirələr uzun müddətdir davam edir və bu məsələni yalnız bir faktorla izah etmək mümkün deyil:

"Audit sahəsinin inkişafı qanunvericilik, bazar tələbi, peşəkar kadr potensialı və institusional mühitin birgə təsiri altında formalaşır. Mövcud vəziyyət isə daha çox bu elementlər arasında balansın tam formalaşmaması ilə izah oluna bilər.
İlk növbədə qeyd edilməlidir ki, Azərbaycanda auditin normativ bazası mövcuddur və Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının (IFRS) və Beynəlxalq Audit Standartlarının (ISA) tətbiqi istiqamətində müəyyən addımlar atılıb.
Lakin bu standartların tətbiqi bütün bazar iştirakçıları üzrə eyni səviyyədə deyil və xüsusilə kiçik və orta biznesdə maliyyə hesabatlılığı mədəniyyəti yetərincə formalaşmayıb. Bu isə auditin keyfiyyətinə və ona olan real tələbatın formalaşmasına birbaşa təsir göstərir.
Azərbaycan iqtisadiyyatına xas olan mühüm xüsusiyyətlərdən biri onun uzun illər neft gəlirlərinə əsaslanan strukturudur. Bu tip iqtisadi modellərdə şirkətlərin kapital bazarlarına çıxış ehtiyacı məhdud olur və nəticədə investorlar qarşısında şəffaflıq tələbi zəifləyir.
İnkişaf etmiş bazarlarda auditə tələbat əsasən investor və maliyyə bazarlarının tələblərindən qaynaqlanırsa, Azərbaycanda bu tələbat daha çox inzibati xarakter daşıyır. Bu isə auditin bazar mexanizmi kimi deyil, formal tələb kimi qəbul olunmasına səbəb olur.
Digər mühüm məsələ biznes mühitində idarəetmə yanaşmaları ilə bağlıdır".
Ş.Kərimovun sözlərinə görə, bir çox hallarda sahibkarlıq fəaliyyəti əməliyyat yönümlü idarəetmə üzərində qurulur və maliyyə hesabatlılığı, risklərin idarə olunması və audit kimi mexanizmlər strateji alət kimi deyil, əlavə yük kimi qəbul edilir:
"Bu yanaşma auditə olan tələbatı zəiflədir və onun real dəyərinin tam dərk olunmasına mane olur.
Eyni zamanda, dövlət auditi ilə özəl audit arasında fərqlərin də nəzərə alınması vacibdir. Dövlət sektorunda Hesablama Palatası və digər nəzarət mexanizmləri vasitəsilə audit daha çox nəzarət və uyğunluq funksiyası daşıyır.
Özəl sektorda isə auditin əsas məqsədi maliyyə hesabatlarının etibarlılığını təmin etmək və investorlar üçün şəffaflığı artırmaqdır. Bu iki yanaşmanın fərqli olması audit sahəsinin ümumi inkişaf dinamikasına da təsir göstərir.
Peşəkar kadr potensialı da bu sahədə əsas məhdudiyyətlərdən biridir. Audit sahəsi yüksək ixtisas, beynəlxalq standartlara uyğun bilik və davamlı peşəkar inkişaf tələb edir.
Azərbaycanda lisenziyalı (icazəli) auditorların sayı məhdud olmaqla yanaşı, bazarın tələblərinə cavab verən yüksək ixtisaslı mütəxəssislərin sayı daha da azdır. Bu isə audit xidmətlərinin keyfiyyətinə və əlçatanlığına təsir göstərir.
Audit sahəsində digər mühüm məsələ isə gözlənti fərqidir. Bəzi hallarda audit hesabatından şirkətin bütün idarəetmə və maliyyə problemlərinin həll olunması gözlənilir.
Halbuki, audit yalnız mövcud riskləri və uyğunsuzluqları aşkar edir və onları görünən hala gətirir. Bu risklərin aradan qaldırılması isə birbaşa menecmentin məsuliyyətinə aiddir. Bu gözlənti fərqi auditin rolunun ya həddindən artıq şişirdilməsinə, ya da əksinə, onun əhəmiyyətinin kiçildilməsinə səbəb olur.
Regional müqayisə də göstərir ki, audit sahəsinin inkişafı daha çox kapital bazarlarının inkişaf səviyyəsi ilə bağlıdır.
Məsələn, Gürcüstanda IFRS-ə mərhələli keçid və maliyyə hesabatlılığına dair tələblərin genişləndirilməsi audit xidmətlərinə olan tələbatı artırıb. Azərbaycanda isə bu proses hələ tam sistemli şəkildə bütün bazar iştirakçılarını əhatə etmir.
Ümumilikdə, audit sahəsinin inkişaf etməməsi ayrı-ayrı faktorlarla deyil, kompleks struktur problemlərlə bağlıdır. Bu sahədə real inkişaf üçün ilk növbədə kapital bazarlarının inkişafı, ictimai əhəmiyyətli qurumlar üçün audit tələblərinin genişləndirilməsi və maliyyə hesabatlılığı mədəniyyətinin gücləndirilməsi vacib görünür. Audit yalnız formal tələb kimi deyil, biznesin idarə olunmasının ayrılmaz elementi kimi qəbul edildikdə bu sahədə keyfiyyətli inkişafdan danışmaq mümkün olacaq".
Fatimə
13:10 02.04.2026
Oxunuş sayı: 61