Bakının yağış imtahanı: Paytaxt "sinifdə qaldı"
Bu günlərdə paytaxt Bakıya yağan intensiv yağış nəticəsində müxtəlif ərazilərində yollar su altında qalıb, hərəkət iflic vəziyyətinə düşüb. Sosial şəbəkələrdə yayılan görüntülər isə artıq adi mənzərəyə çevrilib, avtomobillər yarıyadək suya batır, piyadalar isə sözün əsl mənasında “üzür”. Xüsusilə Sabunçu istiqamətində vəziyyət daha acınacaqlıdır. “Yenə hər zamankı kimi Sabunçu körpüsü sudan dolub, az qala gölə çevrilib”,- deyə sakinlər gileylənir.
Problem ondadır ki, hər il təkrarlanan bu mənzərə ilə bağlı real və davamlı həll yolları görünmür. Aidiyyəti qurumlar yağışdan sonra qısa müddətli tədbirlərlə kifayətlənir, lakin növbəti yağıntıda eyni problemlər yenidən üzə çıxır. Şəhərin drenaj sistemi açıq-aşkar bu yükü qaldıra bilmir.
Daha acınacaqlı məqam isə təhlükəsizlik məsələsidir. Qeyd edək ki, ötən il məhz bu ərazidə yağan güclü yağışlar nəticəsində insan itkisi də qeydə alınmışdı. Bu isə problemi sadəcə kommunal çətinlik yox, birbaşa insan həyatı üçün riskə çevirir.
Sual açıq qalır: hər dəfə eyni mənzərə yaşanacaqsa, məsuliyyət kimindir? Və nə vaxta qədər “yağış yağdı, şəhər batdı” xəbərləri gündəmin dəyişməz başlığı olacaq? Nə vaxta qədər digər ölkələrdə şırıltısının valehedici səsi ilə gəzməyin zövq verdiyi yağış Bakıda insanların qorxulu yuxusu olaraq qalacaq?

Məsələ ilə bağlı Crossmedia.az-a danışan nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, hər yağıntı zamanı şəhərin fərqli nöqtələrində suyun yığılması müşahidə olunur: "Bu nöqtələrdən biri də Sabunçu yol ötürücüsü və Sabunçu vağzalının qarşısıdır. Şəhərin digər ərazilərində də oxşar vəziyyət mövcuddur. Bu, ümumi sistemin bu suları qəbul edə bilməməsini göstərir və təkmilləşdirməyə ciddi ehtiyac olduğunu bir daha qabardır. Eyni zamanda, iqlim dəyişikliyi də burada mühüm rol oynayır. Son illər Bakıda intensiv yağışlı günlərin sayı artıb. Məlum dövlət proqramı mövcuddur. Bu il yanvarın 12-də qəbul edilən və 2026–2035-ci illəri əhatə edən proqram paytaxtda yağış sularının və kanalizasiya sisteminin kompleks idarə olunmasını nəzərdə tutur”.
Ekspertin sözlərinə görə, proqram mərhələli şəkildə icra olunacaq və ilkin nəticələr yaxın illərdə hiss olunacaq: “Artıq bəzi istiqamətlər üzrə işlərdə aktivlik müşahidə edilir. İlkin nəticələri 2028–2030-cu illərdə görə biləcəyik. Layihə çərçivəsində yağış sularının müxtəlif istiqamətlər üzrə kollektorlara ötürülməsi nəzərdə tutulub. Bu istiqamətlərə Xırdalan–Müşviqabad, Xocasən–Lökbatan, Sabunçu–Böyükşor, eləcə də Dərnəgül, Sabunçu, Bakıxanov–Zığ xətti daxildir. Bundan əlavə, bulvar boyunca yeni sahə kollektorunun inşası planlaşdırılır. Bu kollektor Əl Oyunları Sarayından başlayaraq Zığ və oradan Hövsan istiqamətinə yönləndiriləcək. Artıq bəzi ərazilərdə müasir texnologiyalar tətbiq olunur- məsələn, 600 metrdən bir şaxtalar qazılır və onların arası mikrotunel üsulu ilə birləşdirilir. Ümumilikdə proqram 2035-ci ilə qədər davam edəcək. Hesab edirəm ki, belə yağıntılar zamanı su basan ərazilər mütləq şəkildə qeydə alınmalı, təhlil edilməli və növbəti mərhələlərdə nəzərə alınmalıdır. Heç bir nöqtə diqqətdən kənarda qalmamalıdır. Həm yağış, həm də qrunt sularının səviyyəsi və hərəkət istiqaməti daimi nəzarətdə saxlanılmalıdır. Digər mühüm məsələ isə şəhərin böyüməsi ilə bağlıdır. Əgər yaşayış sahələri genişlənirsə, onların altındakı infrastruktur da paralel şəkildə inkişaf etməlidir. Təəssüf ki, Bakı böyüyüb, amma onun altındakı infrastruktur eyni sürətlə böyüməyib. Bu gün yaşanan problemlər də məhz bunun nəticəsidir”.
Fatimə
11:21 30.03.2026
Oxunuş sayı: 60