Vakansiyalarda absurd tələb: Təcrübəsi olmayanlar harada təcrübə qazanmalıdır?!
Əmək bazarında tez-tez belə bir vəziyyətlə qarşılaşırıq: vakansiyalarda namizədlərdən minimum 3-5 il iş təcrübəsi tələb olunur, hətta bəzi elanlarda təcrübəsi olmayan şəxslərin müraciət etməməsi açıq şəkildə qeyd edilir. Bu isə xüsusilə yeni məzunlar və əmək fəaliyyətinə yeni başlayan gənclər üçün ciddi çətinlik yaradır. Çünki təcrübəsi olmayan insan haradan başlayacağını, ilk addımı necə atacağını müəyyənləşdirməkdə çətinlik çəkir.
Crossmedia.az-a danışan sosioloq Naib Niftəliyevin sözlərinə görə, təcrübə o vaxt faydalı və əhəmiyyətli olur ki, insanlar müəyyən bir sferada çalışır və öz biliklərini yüksəldir, keyfiyyətləri daha da inkişaf etdirməyə çalışır və onu yeni iş imkanları üçün daha uğurla tətbiq edə bilir:
“Təbii ki, yeni başlayan gənclərə, müəyyən ixtisas sahiblərinə bu məsələlərdə bir qədər fərqli yanaşma tələb olunmalıdır. Əgər 5-6 şəxs müəyyən sahə üzrə ixtisaslaşıbsa, zəruri olan ali təhsilini alıbsa demək onun ən azı 4 illik təcrübəsi var. Bu təcrübə də işə götürənlər tərəfindən nəzərə alınmalı və qəbul edilməlidir. Bu məsələdə qanunvericilikdə müəyyən boşluqlar var. Məsələn, jurnalistika ixtisasını bitirən və kompüter sahəsində çalışan şəxslər üçün təcrübənin tələb olunması və yaxud müəyyən sahədə çalışanlardan əlavə olaraq iş təcrübəsi tələb edilməsi bir qədər absurd hesab olunmalıdır. Bu, ixtisaslı şəxslərə, psixoloqlara və digər peşə sahiblərinə aid edilən bir məsələdir".

Sosioloq ixtisaslı şəxslərdən əlavə iş təcrübəsinin tələbini bir qədər absurd yanaşma hesab edir:
"İnsan çalışmalıdır ki, müəyyən bir təcrübə toplasın və xüsusən bu istiqamətdə təhsili varsa, onun ən azı nəzəri bilikləri və potensialı tələb olunan minimumdan daha yüksək olur və bu insanın həmin sahədə çalışması üçün əlavə bir tələbə ehtiyac qalmır. Təbii ki, bu, işsizlik məsələsi deyil, daha çox müəyyən riskli vəziyyətlərin qarşısını almaq məsələsidir. Amma bu cür vasitələrlə işə götürmədə süni maneələr yaratmaqla vəziyyəti dəyişmək mümkün deyil. Və təbii ki, işsizliyin artması amillərlə bağlı deyil, daha çox tələbatla bağlı olan məsələdir. Amma bu da müəyyən dərəcədə təsir göstərir. Yəni, bu daha çox psixoloji faktordur və çox zaman subyektiv münasibətlərdən asılıdır. Düşünürəm ki, əmək münasibətləri çərçivəsində, Əmək Məcəlləsi və sosial siyasət vasitəsilə bu məsələnin effektiv və uğurlu həlli mümkündür”.
Fatimə
10:25 25.03.2026
Oxunuş sayı: 56