Təqvim 26.02.2026 yazarkən…
Xocalı — bir şəhərin, bir gecənin adı olmaqdan çoxdan çıxıb.
Xocalı, Azərbaycan xalqının yaddaşında yarımçıq qalmış ədalətin, qeyri-adi təmkinin, dərin dözümün və nəhayət, üstün Zəfərin adıdır.
Otuz ildən artıq bir zaman boyunca Xocalı adı çəkiləndə beynəlxalq hüquq aləminin vicdanı susdu, dili dinməz oldu. Amma Azərbaycan susmadı, Xocalılar lal olmadı.
Və təmkin dəmir yumruğa çevrildi!..
1992-ci ilin fevralında Xocalıda törədilənləri bir müharibə epizodu kimi təqdim etmək tarixə, Xocalı adına və Azərbaycanın özünə haqsızlıq olar — bu, mülki əhaliyə qarşı məqsədli şəkildə həyata keçirilmiş soyqırımı idi. Qadınların, uşaqların, ahılların qətlə yetirilməsi, ailələrin bütövlükdə məhv edilməsi insanlıq anlayışının, hətta müharibə qavramının sərhədlərini aşan dəhşətli vəhşilik idi.
Bu faciə təkcə Azərbaycan xalqına qarşı törədilməmişdi; bu, bəşəriyyətə qarşı cinayət idi.
Və bu cinayətin arxasında təkcə erməni silahlı dəstələri dayanmırdı.
Həmin dönəmdə bölgədə yerləşən, sovet ordusunun davamı mahiyyətində fəaliyyət göstərən 366-cı motoatıcı alayın iştirakı faktı tarixə düşüb. Bunun təsadüf olmadığını kim bilmir? Bu, o vaxtkı mərkəzdən — Kremldən idarə olunan, göz yumulan, dəstəklənən bir hərbi-siyasi mexanizmin tərkib hissəsi idi. Kreml o zaman “neytral vasitəçi” maskası taxsa da, imperiya düşüncəsi artıq öz işini görürdü.
Rusiya adını dəyişmişdi — çarlıqdan sovetə, sovetdən guya demokrat federasiya modelinə... Amma bölgəyə münasibətdə mahiyyət dəyişməmişdi: təsir dairəsi, nəzarət, hegemonluq.
Xocalı həmin siyasətin ən qanlı səhifəsi idi.
Xocalıda yalnız insanlar öldürülmədi. Xalqın iradəsini sındırmaq, Azərbaycan dövlətçiliyini diz çökdürmək istədilər. İsmarıc açıq idi: “Taleyiniz bizim əlimizdədir.”
Amma tarix başqa cür yazıldı.
Tarixdə dəyişməz bir həqiqət var: ədalət gecikə bilər, lakin itməz. —Haqq incəlsə də, üzülməz.
Azərbaycan dövləti illər boyu Xocalı həqiqətlərini beynəlxalq tribunalara daşıdı. “Xocalıya ədalət!” çağırışı sadəcə bir şüar olmadı — çünki, hüquqi, mənəvi və tarixi tələb idi.
Otuz il boyunca böyük güclər “narahatlıq” bildirdi, qətnamələr qəbul edildi, amma cinayətkar mexanizmin siyasi ünvanı göstərilmədi. Kreml isə bir tərəfdən vasitəçi rolunda çıxış etdi, digər tərəfdən bölgədə hərbi mövcudluğunu saxladı. Bu ikili oyun artıq hər kəsə bəllidir.
Azərbaycan səbr etdi, təmkin göstərdi. Güc topladı, ordusunu qurdu, dövlətini möhkəmləndirdi.
2020-ci ilin 44 günlük Vətən müharibəsi bu səbrin cavabı oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu sübut etdi ki, Xocalı qurbanlarının qanı yerdə qalmayıb. Bu, qisasdan üstün hadisə idi — bu, ədalətin təntənəsi idi. Bu, imperiya düşüncəsinə verilən tutarlı cavab idi.
2023-cü ildə Xocalıda üçrəngli bayrağımızın ucaldılması, belə deyək, tarixin öz yerinə qayıtması idi. Bu, illərlə qurulmuş adıyaman geosiyasi kombinasiya üzərində çəkilmiş qalın xətt idi.
Və nəhayət, təqvim 26.02.2026 yazarkən Xocalı Soyqırımı Memorial Kompleksinin açılışı ilə tarix daşda həkk olundu.
Dövlət başçısının həmin mərasimdə səsləndirdiyi sözlər bu günün və bütövlükdə mübarizəmizin məğzini ifadə edir:
“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir.
…Bu Kompleks silinməz yaddaşımızın təcəssümü olacaq. Biz Xocalı soyqırımını heç vaxt unutmamalıyıq. Ermənistan dövlətinin vəhşiliklərini heç vaxt unutmamalıyıq. Öz tariximizi heç vaxt unutmamalıyıq, ayıq olmalıyıq, həmişə güclü olmalıyıq, həmişə düşmən bizdən qorxmalıdır, necə ki, bu gün qorxur. Məhz bu qorxu nəticəsində bu gün Azərbaycan xalqı sülh içində yaşayır.”
Bu sözlər mərasim ritorikasından daha üstün tarixi qərarın etirafıdır. Bu, siyasi iradənin üstün təmkinlə qovuşduğu andır.
Memorial silinməz yaddaşın təcəssümüdür.
Memorial Kremlin unutdurmaq istədiyi həqiqətin daşlaşmış formasıdır.
Bu, beynəlxalq hüququn susduğu yerdə Azərbaycanın öz ədalətini bərpa etməsinin simvoludur. -
“…Bu gün bu Memorial Kompleksin timsalında biz Azərbaycan xalqının əyilməz ruhunu görürük. Çünki bu qədər, - yəni Xocalı soyqırımı XX əsrin ən qanlı cinayətlərindən biri idi və xalqımız buna məruz qalmışdı, - 30 il ərzində ədalətsizliklə üzləşən xalqımız öz mənliyini, ləyaqətini, inamını saxladı. Biz bu Memorial Kompleksin açılışında iştirak edərkən bir daha deyirik ki, bu gün Azərbaycan dövləti o qədər güclüdür ki, heç kimin ağlına bizə qarşı hər hansı bir təxribat törətmək gəlməsin. Artıq Azərbaycan 1992-ci ilin Azərbaycanı deyil. Bu gün dövlətimiz güclü dövlətdir, özünü müdafiə etməyə qadir olan dövlətdir.”
Bax, budur əsas, önəmli və qürurverici fərq!
90-cı illərin müdafiəsiz, pərən-pərən salınmış Azərbaycanı ilə bugünkü qalib, güclü və sözünün yiyəsi olan Azərbaycan arasındakı fərq hamımıza bəllidir. Xalqın birliyi, dövlətin ləyaqəti və ordunun gücü xarüqələr yaratmağa qadirdir.
Bu gün Xocalıya həyat qayıdır.
Dağıdılmış evlərin yerində yeni evlər ucalır.
Sükutun yerini şən uşaq səsləri tutur.
Qururuq, yaradırıq.
Biz yaddaşı nifrətə çevirmədik.
Amma unutqan da olmadıq.
Biz intiqam ritorikası ilə yox, dövlət gücü ilə danışdıq.
Xocalı — Kremlin uzaq, soyuq kölgəsində əzməyə, Yer üzündən silməyə çalışılan, sonra İvanyanlaşdırılmağa cəhd edilən, nəhayət, buraların yiyəsi Azərbaycanın dövlət iradəsi ilə qurtuluşla tamamlanan tarixdir.
Xocalının uzaq keçmişində Xocalı-Gədəbəy mədəniyyəti yatır — mədəniyyətdə tarix, tarixdə mədəniyyət yaşayır.
Və bu tarix göstərdi ki:
haqq gecikə bilər, amma mütləq gələr;
ədalət yubana bilər, amma təntənə ilə bərqərar olar.
Bəli, xalq birləşəndə, dövlət güclənəndə, ordu qalib gələndə — faciə tarixə, tarix isə Zəfərə çevrilir.
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Əkbər QOŞALI
19:11 26.02.2026
Oxunuş sayı: 682