“Divardakı qan” - 110 illik saxta "erməni soyqırımı" iddisına qarşı önəmli addım
Üstündən bir əsrdən artıq vaxt keçməsinə baxmayaraq, qondarma “erməni soyqırımı” iddiaları bu gün də beynəlxalq siyasi gündəmin manipulyasiya olunan mövzularından biri olaraq qalır. Tarixi faktlardan daha çox siyasi maraqlara söykənən bu iddialar, müxtəlif dövlətlərin və lobbi qruplarının təsiri ilə vaxtaşırı gündəmə gətirilir və Türkiyəyə qarşı təzyiq alətinə çevrilir. Bu proses təkcə diplomatik müstəvidə deyil, eyni zamanda mədəniyyət, media və informasiya sahələrində də aparılan sistemli bir kampaniya xarakteri daşıyır.
Müasir dünyada tarixi hadisələr artıq yalnız arxivlərdə və elmi məqalələrdə deyil, kino, serial, sənədli filmlər və vizual media vasitəsilə də cəmiyyətlərə təqdim olunur. Beynəlxalq ictimai rəyin formalaşmasında bədii ekran əsərlərinin rolu getdikcə artır.
Təəssüf ki, bu imkanlardan erməni diasporu və tərəfdarları uzun illər ərzində məqsədyönlü şəkildə istifadə etmiş, öz mövqelərini dünya ictimaiyyətinə təqdim etmək üçün onlarla film və layihə ortaya qoymuşdur. Türkiyə isə bu sahədə uzun müddət passiv mövqe tutmuş, mədəni mübarizənin əhəmiyyətini gec dərk etmişdir.
Üstündən 110 il keçsə də, təəssüflə qeyd etməliyik ki, Türkiyə bu iddiaları birbaşa inkar edən cəmi bir bədii film ortaya qoymuşdur. Həmin film “Divardakı Qan” adlanır. İstanbul Ticarət Odasının dəstəyi ilə ərsəyə gətirilən bu ekran işi əvvəlcə serial formatında yayımlanmış, daha sonra montaj edilərək, bədii film formasına salınmışdır. Bu fakt, Türkiyənin informasiya və mədəniyyət mübarizəsində nə qədər məhdud vasitələrə sahib olduğunu açıq şəkildə göstərir.
Bir əsrlik beynəlxalq kampaniyaya qarşı tək bir filmlə mübarizə aparmağın qeyri-kafi olduğu danılmazdır. Tarix yalnız arxiv sənədləri ilə deyil, həm də ekranlarda, ictimai yaddaşda və mədəni şüurda qorunur. Bu səbəbdən, Türkiyənin qarşısında duran əsas vəzifə təkcə siyasi deyil, eyni zamanda mədəni və ideoloji müstəvidə də ardıcıl və sistemli strategiya formalaşdırmaqdır.
Məsələ ilə bağlı ADPU-nun Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Taleh Cəfərov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Türkiyə Cümhuriyyətinin qondarma “erməni soyqırımı” iddialarına qarşı apardığı mübarizə XX əsrin həm birinci, həm də ikinci yarısında beynəlxalq miqyasda yetərincə nəzərə çarpmırdı. Bunun əsas səbəbi Türkiyənin uzun illər bu məsələni qabartmağı siyasi baxımdan məqsədəuyğun hesab etməməsi idi. Rəsmi Ankara bu iddiaları əsassız sayır, dünya dövlətlərinin siyasi gündəminə daşınmasını zəruri görmürdü. Həmçinin, özünü günahsız hesab etdiyi üçün bu mövzunun beynəlxalq platformalarda geniş müzakirəyə çıxarılmasında maraqlı deyildi. Bu səbəbdən, həmin dövrdə erməni iddialarına qarşı kino və bədii əsərlərin çəkilməsinə də sistemli dövlət dəstəyi verilmirdi.
Lakin vəziyyət 1970-ci illərin sonlarından etibarən köklü şəkildə dəyişdi. 1973-cü ildə ABŞ-ın Santa Barbara şəhərində türk diplomatlarının qətlə yetirilməsi ilə başlayan erməni terror dalğası qısa müddətdə beynəlxalq miqyas aldı. Dünyanın müxtəlif ölkələrində Türkiyənin diplomatik nümayəndəliklərinə, təşkilatlarına və diplomatlarına qarşı silsilə terror aktları həyata keçirildi. Diplomatik mübahisələrin yerini açıq terror aldı.
Bu dövrdə yüzlərlə türk diplomatı hədəf alındı. Rəsmi statistikaya görə, xaricə ezam olunan diplomatların təxminən 4 faizi vətənə tabutlarda qaytarıldı. Şəhid edilən bu şəxslər Türkiyənin illərlə hazırladığı, ən nüfuzlu və peşəkar diplomatları idi. Dünya tarixində diplomatlara qarşı bu qədər sistemli və kütləvi terrorun tətbiq edildiyi başqa bir nümunə demək olar ki, yoxdur. Bu baxımdan Türkiyə beynəlxalq terror tarixində acı bir ilk olaraq qalır".
T.Cəfərov məhz bu hadisələrdən sonra Türkiyə dövləti mövqeyini dəyişərək, erməni iddialarına qarşı daha fəal informasiya və mədəni mübarizə strategiyası həyata keçirməyə başladığını bildirib:
"Bu strategiyanın əsas istiqamətlərindən biri də kino sənayesi vasitəsilə ictimai rəyin formalaşdırılması oldu. Bu çərçivədə “Divardakı Qan” adlı çoxseriyalı televiziya layihəsi ərsəyə gətirildi. Serial İslam Ticarət Palatasının dəstəyi ilə çəkilmiş və 1986-cı ildən etibarən TRT 1 kanalında uzun müddət yayımlanmışdır.
“Divardakı Qan” serialının əsas ideya xətti Osmanlı dövründə baş verən hadisələrin alternativ baxış bucağından təqdim olunması, Tələt paşanın Soqomon Teyleryan tərəfindən qətlə yetirilməsi, erməni silahlı dəstələrinin türk və müsəlman əhaliyə qarşı törətdiyi kütləvi qırğınlar və bu hadisələrin beynəlxalq siyasətdə manipulyasiya alətinə çevrilməsi üzərində qurulmuşdur. Serialda “erməni soyqırımı” iddialarının siyasi məqsədlərlə ortaya atılmış iftira olduğu və Türkiyənin beynəlxalq aləmdə imicinə zərbə vurmaq, eləcə də maddi-siyasi təzyiq vasitəsi kimi istifadə edildiyi vurğulanır.
Bu layihə Türkiyə ictimaiyyətində böyük maraq doğurmuş və geniş tamaşaçı kütləsi tərəfindən rəğbətlə qarşılanmışdır. Nəticədə, qondarma “erməni soyqırımı” iddialarının 90-cı ildönümü ərəfəsində — 2005-ci ildə serial yenidən işlənərək, onun əsasında bədii film çəkilməsi qərara alınmış və film nümayiş etdirilmişdir. Bu ekran işi erməni diasporu və beynəlxalq erməni lobbiləri tərəfindən ciddi narazılıqla qarşılanmış, Türkiyənin informasiya müharibəsində mühüm uğurlarından biri kimi qiymətləndirilmişdir.
Bununla belə, bir film və ya bir serialla bu qədər geniş miqyaslı ideoloji-siyasi kampaniyaya qarşı durmağın kifayət etmədiyi aydındır. Bu problem Türkiyənin üzərində daim asılı qalan “Damokl qılıncı”na çevrilmişdir. Ona görə də Türkiyə dövləti bu sahədə davamlı, sistemli və strateji mədəni-informasiya siyasəti həyata keçirməli, yüksək səviyyəli bədii filmlər və sənədli layihələr istehsal etməklə beynəlxalq ictimai rəydə öz mövqeyini möhkəmləndirməlidir".
Elmir Heydərli
11:25 12.02.2026
Oxunuş sayı: 1226