Qorxu evlərinə maraq niyə artıb? - Gənclərin yeni "aludəçiliyi"
Son zamanlar yeniyetmə və gənclər arasında qorxu evlərinə xüsusi maraq hiss olunur. Gənclər özlərinin asudə vaxtlarını şəhərin ayrı - ayrı yerlərindək qorxu evlərində keçirməyə üstünlük verirlər. Bununla əlaqədər olaraq qorxu evlərinin sayı artır. Bir vaxtlar dəbdə olan qorxu filmləri indi öz yerini qorxu evlərinə verib.
İnsanlar isə sanki bundan xüsusi zövq alırlar. Niyə qorxuya bu qədər maraq göstəririk?

Bu barədə Crossmedia.az-a dabışan Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədr müavini, sosioloq Elçin Bayramlı söyləyib ki, son vaxtlar belə ne1ativ məsələlərə maraq artıb, dəb halına salınıb, yeniyetmələr, gənclər arasında, hətta uşaqları belə bu cür yerlərə aparan valideynlər var: "Vətəndaşlar bilməlidir ki, bu həddindən artıq təhlükəli, qorxulu bir məsələdir. İnsan psixologiyası, o cümlədən uşaq, yeniyetmə, gənc psixologiyası kənar təsirlərə çox açıqdır. Alt şüura hopan bu qorxunc mənzərələr, surətlər, qorxulu motivlər birbaşa olaraq insan psixologiyasına təsir edir. Bir çox xəstəlik qorxudan yaranır. Bunu dünyada məşhur psixoloqlar, alimlər də təsdiqləyirlər. Digər tərəfdən psixologiyası pozulmuş uşaqlar artıq neqativ meyillərə yönəlirlər, ondan zövq qalırlar və daha sonra asılı hala gəlirlər. Bu, bir növ psixoloji narkomaniyadır."
E.Bayramlı bunu da qeyd edib ki, uşaqlar və yeniyetmələr son zamanlar dəhşətli qorxu filmlərinə, xüsusilə də zombi filmlərinə rəğbət bəsləyir, kontent sahiblərindən daha şiddətli səhnələr tələb edirlər. Ekspertin sözlərinə görə, bu kimi hallar gələcəkdə kriminal hadisələrin geniş vüsət almasına səbəb olacaq: "İnsan parçalamağı, öldürməyi adi qəbul edirlər. Artıq dünyada bununla bağlı həyacan təbili çalınır. Bəzi ölkələrdə qadağalar tətbiq olunur, xüsusən də 18 yaşa qədər uşaqlara. Amma bizdə valideynlər azyaşlılara smartfon alıb veriblər, nəzərəsiz internetə daxil olmalarına şərait yaradıblar. Uşaqlar rahat şəkildə kompüter kulublarına gedirlər. Ən qorxunc, qanlı-qırğınlı, dəhşətli oyunlar oynarlar. Ona görə də hesab edirəm ki, bu vəziyyəti bizim cəmiyyətin valideynlərinin öhdəsinə buraxmaq olmaz. Çünki onlar başa düşmür ki, nə baş verir, nə baş verəcək. Dövlət mütləq prosesə müdaxolə etməlidir. Bir çox qadağa tətbiq edilməlidir. Ən birincisi isə 18 yaşa qədər uşaqlara qəti şəkildə smartfon işlədilməsi qadağan olunmalıdır, internetə məhdudiyyətlər qoyulmalıdır."
Sosioloq, həmçinin sosial şəbəkələrdən yeniyetmələrin istifadəsi mövzusuna da toxunub: "Sosial şəbəkələr üzrə məhdudiyyətlər qoyulmalıdır. Bu kimi materiallar yayan saytlar Azərbaycanda bloklanmalıdır. Sosial şəbəkə istifadəçiləri cəzalandırılmalıdır, belə materiallar tətbiq edən həmin o qorxu evləri bağlanmalıdır. Hətta bu səpkidən olan filmlərin, cizgifilmlərin və digər video materialların Azərbaycanda yayılması bloklanmalıdır. Gənclər bizim gələcəyimizdir və biz onları qorumalıyıq. Hesab edirəm ki, bu sahədə mütləq tənzimləmə aparılmalıdır, müvafiq qanunlarda dəyişiklik edilməli, sərt yanaşma olmalıdır. Artıq bəzi ölkələr bir-birinin ardınca məhdudiyyətlər tətbiq edir, qadağalar qoyur. Bu sahədə cəmiyyəti uşaqları, gəncləri qorumağa çalışırlar. Elə son günlərdə Türkiyədə də buna hazırlıq gedir. Fransada, Avstraliyada Finlandiyada və bir çox ölkədə bu proses artıq başlayıb. Başa düşülüb ki, bu çox təhlükəlidir. Həmçinin biz də psixoloji terrordan uşaqlarımızı, gənclərimizi qormalıyıq".
Belə bir vəziyyətin cəmiyyət üçün, xüsusilə də uşaqlar və gənclər üçün çox təhlükəli olduğunu deyən sosioloq bu kimi yerlərin psixoloji terror yuvası olduğunu bildirib. "Gəncləri sağlam formalaşdıraq ki, gələcəyimiz, cəmiyyətimiz sağlam olsun. İndidən bu prosesə start verməliyik. Əks halda ciddi problemlərlə üzləşəcəyik".

Sosioloq Rəvan Əliyev isə söyləyib ki, bu proses müasir cəmiyyətin sosial və psixoloji prosesləri ilə bağlıdır: "Gənclik dövrü emosional baxımdan daha aktiv mərhələdir. Bu yaş qrupunda adrenalin, yeni hisslər və riskə meyil daha güclü olur. Qorxu evləri real təhlükə olmadan qorxu hissini yaşamağa imkan verir. və bunun gənclər üçün həm maraqlı, həm də özünü sınamaq vasitəsi kimi qəbul olunduğunu bildirib. Eyni zamanda sosial şəbəkələrin təsiri də bu marağı artırır. Gənclər arasında fərqlənmək, cəsarətli görünmək və emosional reaksiyaları paylaşmaq müəyyən sosial rəqabət forması yaradır. Bu da qorxu evlərini sadəcə əyləncə yox, sosial trendə çevirir. Lakin qeyd etmək lazımdır ki, belə əyləncələr hər kəsə eyni təsir göstərmir. Həssas psixologiyaya malik gənclərdə qorxu, panika, yuxu pozuntuları və uzunmüddətli narahatlıq halları yarana bilər. Valideynləri diqqətli olmalı, cəmiyyət gənclərin psixoloji vəziyyətinə diqqətlə yanaşmalı olduğunu bildirib. Onlar asudə vaxtını daha sağlam və faydalı fəaliyyətlərə yönəltməlidir".
Turqut Ansari
13:32 11.02.2026
Oxunuş sayı: 601