Azərbaycanda sosial şəbəkələr uşaqlar üçün "qapılarını bağlaya bilər" - Araşdırma
Son illərdə sosial şəbəkələrin həyatın ayrılmaz hissəsinə çevrilməsi ilə yanaşı, onların xüsusilə yetkinlik yaşına çatmayanlar üzərində yaratdığı psixoloji, sosial və davranış yönümlü təsirlər də daha ciddi müzakirə mövzusuna çevrilib. Bir çox ölkələrdə aparılan araşdırmalar göstərir ki, nəzarətsiz sosial şəbəkə istifadəsi uşaqlarda diqqət dağınıqlığı, asılılıq, aqressiv davranış, yanlış informasiya təsiri, kiberzorakılıq və erkən yaşda psixoloji təzyiq kimi problemlərə səbəb ola bilir. Məhz bu səbəbdən dövlətlər uşaqların rəqəmsal mühitdə qorunması istiqamətində yeni hüquqi və inzibati mexanizmlər axtarmağa başlayıblar.
Türkiyədə uşaqların sosial şəbəkələrdən istifadəsinin məhdudlaşdırılması və ya müəyyən yaş həddinədək qadağan olunması ilə bağlı gündəmə gələn qərar da bu qlobal tendensiyanın bir hissəsi kimi qiymətləndirilir. Bu qərarın əsas məqsədi uşaqları zərərli məzmundan qorumaq, onların psixoloji inkişafını təhlükə altına ala biləcək faktorları azaltmaq və sosial şəbəkə platformalarının məsuliyyətini artırmaqdır. Lakin məsələ birmənalı qarşılanmır. Bəzi mütəxəssislər bunu uşaqların təhlükəsizliyi baxımından zəruri addım hesab etdiyi halda, digərləri tam qadağanın effektivliyini sual altına alır və bunun əvəzinə nəzarətli istifadə, maarifləndirmə və texniki məhdudiyyətlərin daha düzgün yanaşma olduğunu bildirirlər.
Bu kontekstdə sual yaranır: Türkiyədə nəzərdə tutulan bu qərar nə dərəcədə yerindədir? Sosial şəbəkələrə yaş məhdudiyyətinin tətbiqi doğrudanmı problemi həll edə bilər? Və ən əsası, oxşar yanaşmanın Azərbaycanda tətbiqi mümkündürmü, hüquqi və sosial baxımdan belə bir qərar nə dərəcədə real və effektiv ola bilər? Mövzunun aktuallığını nəzərə alaraq, bu qərarın mümkün nəticələrini və region ölkələri üçün yaratdığı sualları daha geniş müzakirə etməyə ehtiyac yaranır.

Bu barədə Crossmedia.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov söyləyib ki, bu gün dünyada sosial medianın gənclər üzərində təsiri ilə bağlı ciddi narahatlıq mövcuddur və bu narahatlıq tam əsaslıdır: "Artıq aydın görünür ki, sosial media gənclərin tərbiyəsinə, düşüncə tərzinə və təfəkkürünə güclü təsir göstərir, bir çox halda isə bu təsir mənfi nəticələr doğurur. Məhz buna görə də məsələyə laqeyd yanaşmaq olmaz və gəncləri bu cür zərərli təsirlərdən qorumağın yolları üzərində ciddi şəkildə düşünmək zəruridir. Əgər bu istiqamətdə vaxtında və məqsədyönlü addımlar atılmazsa, gələcəkdə daha böyük sosial problemlərlə üzləşmək ehtimalı qaçılmaz olacaq. Bu baxımdan qarşımızda mühüm bir missiya dayanır — gənclərin sağlam düşüncə mühitində formalaşması üçün effektiv mexanizmlər yaratmaq və bu sahədə ardıcıl siyasət yürütmək".
Deputata əlavə edib ki, bu gün artıq bir sıra ölkələr bu məsələ ilə bağlı konkret qərarlar qəbul edir: "Türkiyədə və İspaniyada atılan addımlar göstərir ki, sosial medianın mənfi təsirlərinin qarşısının alınması qlobal müzakirə mövzusuna çevrilib və gələcəkdə bu istiqamətdə qərar qəbul edən ölkələrin sayı daha da artacaq. Azərbaycan da bu prosesdən kənarda qalmamalı, mövcud riskləri nəzərə alaraq preventiv tədbirlər barədə ciddi şəkildə düşünməlidir. Artıq məlumdur ki, uşaqlar və yeniyetmələr sosial mediada müxtəlif zərərli təsirlərin hədəfinə çevrilə bilirlər. Bunun qarşısını almaq üçün dövlət, ailə və cəmiyyət birgə məsuliyyət nümayiş etdirməli, maarifləndirmə və qoruyucu mexanizmlər gücləndirilməlidir. Əks halda bu problem gec-tez cəmiyyətimizdə də özünü daha qabarıq şəkildə göstərə bilər".

Hüquqşünas Mehman Muradlı isə qeyd edib ki, bu məsələnin qadağa mexanizmini tətbiq etmək olduqca çətindir: "Praktikada bunun necə həyata keçiriləcəyi ciddi müzakirə tələb edir. Məsələn, bəzi hallarda məktəblərdə şagirdlərin telefonlarının əlindən alınması kimi addımlar atılır. Lakin hazırkı qanunvericilikdə bunu birbaşa tənzimləyən konkret norma mövcud deyil və bu səbəbdən belə yanaşmalar hüquqi baxımdan da mübahisəli hesab oluna bilər. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, 18 yaşına çatmamış şəxslərin istifadə etdiyi telefon və sosial media imkanları birbaşa onların öz qərarı ilə formalaşmır. Bu cihazlar və imkanlar onlara valideynlər tərəfindən təmin olunur. Bu baxımdan məsuliyyət məsələsində əsas prioritet valideynlərin üzərinə düşür".
Onun fikrincə, məsələ yalnız qadağalarla həll olunmamalıdır: "Əsas diqqət valideyn məsuliyyətinə, uşaqların texnologiyadan istifadəsinə nəzarətə və düzgün istiqamətləndirməyə yönəlməlidir. Uşağın telefonu hansı məqsədlə və hansı şərtlərlə əldə etməsi məsələsi ilk növbədə ailə daxilində müəyyənləşdirilməlidir".

Psixoloq Aysu Hüseynovanın fikrincə isə uşaqların sosial şəbəkələrdə keçirdiyi vaxt təkcə “vaxt itkisi” deyil, birbaşa onların daxili dünyasına, özlərini necə dərk etdiklərinə və münasibət qurma tərzinə toxunan bir prosesdir: "Türkiyədə bu istiqamətdə qadağa qərarının gündəmə gəlməsi təsadüfi deyil. Son illərdə uşaqların emosional yüklənməsi, özünü dəyərsiz hiss etməsi, başqaları ilə daimi müqayisə içində olması, diqqətinin tez dağılması və aqressiv davranışların artması ciddi şəkildə müşahidə olunur. Sosial şəbəkələr uşaq psixikasının hələ formalaşma mərhələsində olduğu dövrdə ona hazır obrazlar, süni standartlar və sürətli stimul təqdim edir. Uşaq hələ özünü tanımamış, kim olduğunu anlamamışkən, “necə olmalıyam” sualının cavabını ekrandan almağa başlayır. Bu da daxili boşluq, narahatlıq və daimi təsdiqlənmə ehtiyacı yaradır. Türkiyənin bu qərarı məhz bu psixoloji yüklənməni azaltmaq, uşağı bir az qorumaq və inkişaf üçün zaman qazanmaq niyyəti daşıyır. Amma burada çox incə bir xətt var. Qadağa təkbaşına möcüzə yaratmır. Əgər uşaq evdə emosional olaraq görülmürsə, valideynlə real bağ zəifdirsə, məktəbdə özünü güvənli hiss etmirsə, sosial şəbəkə sadəcə problemin görünən hissəsidir. Tam qadağa bəzi uşaqlarda gizli istifadə, daha güclü maraq və etiraz davranışı da yarada bilər. Ona görə bu cür qərarlar yalnız “qapını bağlamaq” deyil, eyni zamanda “içərini gücləndirmək”lə paralel getməlidir".
Psixoloq, həmçinin qeyd edib ki, uşağın real həyatda maraqları, münasibətləri, özünü ifadə edə biləcəyi sahələr yaradılmadıqca, ekranın yerini doldurmaq çətin olur: "Türkiyədə bu qərarın doğru tərəfi təhlükəni görməsidir, riskli tərəfi isə onu necə və nə ilə əvəz edəcəyidir.Azərbaycanda da oxşar addımın müzakirə olunması gələcəkdə tamamilə gözlənilməz deyil. Çünki uşaqların davranışlarında, diqqət səviyyəsində, emosional dözümlülüyündə oxşar dəyişikliklər burada da hiss olunur. Amma məncə, burada əsas məsələ “qadağan edək, ya etməyək” sualından çox, “uşağı necə qoruyuruq” sualıdır. Yaş həddinə uyğun məhdudiyyətlər, valideynlərin maarifləndirilməsi, məktəblərdə emosional savadlılığın artırılması və ailə daxilində münasibətlərin gücləndirilməsi olmadan sırf qadağa səthi qalır. Uşaq ekranı əlindən alınmış, amma başa düşülməmiş hiss edirsə, bu onun daxilində daha böyük boşluq yarada bilər. Əsas məqsəd uşağın texnologiyadan qorxması yox, onu idarə etməyi öyrənməsidir. Cəmiyyət olaraq bunu bacara bilsək, qadağa artıq son çarə olar, əsas dayaq yox".

Sosioloq Rəvan Əliyev isə düşünür ki, azyaşlı uşaqların sosial şəbəkələrdən istifadəsinə məhdudiyyət qoyulması artıq seçim yox, zərurətə çevrilib: "Bu gün sosial şəbəkələr təkcə informasiya platforması deyil, həm də psixoloji təsir, manipulyasiya və risk məkanıdır. Uşaq psixologiyası isə bu qədər aqressiv informasiya mühitinə hazır deyil. Reallıq ondan ibarətdir ki, sosial şəbəkələr uşaqlarda asılılıq, aqressiya, depressiya, özgüvən problemi və sosial izolyasiya yarada bilir. Ona görə də uşaqların qorunması üçün qadağa tətbiq olunması normal və əsaslandırılmış addım hesab olunmalıdır. Hesab edirəm ki, uşaqların sağlam psixoloji inkişafı dövlət üçün prioritet olmalıdır. Əgər sosial şəbəkələr uşağın inkişafına zərər verirsə, o zaman bu sahədə sərt tənzimləmə, o cümlədən qadağa tətbiqi tam məntiqlidir. Azərbaycanda da bu məsələ gec-tez ciddi müzakirə mövzusuna çevrilə bilər. Hesab edirəm ki, azyaşlı uşaqlar üçün sosial şəbəkələrə girişin məhdudlaşdırılması və ya mərhələli qadağa tətbiqi arzuolunan istiqamət ola bilər. Çünki cəmiyyət texnologiyaya yox, texnologiya cəmiyyətin sağlam inkişafına xidmət etməlidir".

Media eksperti Müşfiq Ələsgərli isə bildirib ki, yetkinlik yaşına çatmayanların sosial şəbəkələrin neqativ təsirlərindən qorunması məqsədilə dünyada əsasən üç modeldən istifadə olunur: "Birinci model maarifləndirmədir. Bu istiqamətdə aparılan işlər demək olar ki, bütün ölkələrdə mövcuddur və uşaqların, valideynlərin, həmçinin müəllimlərin sosial şəbəkələrin riskləri barədə məlumatlandırılmasını əhatə edir. İkinci model qanunvericiliyin təkmilləşdirilməsidir. Üçüncü model isə inzibati və texniki mexanizmlərin tətbiqidir. Artıq dünyanın bir çox ölkəsində bu üç modelin birlikdə tətbiqinə başlanılıb və müsbət nəticələr əldə olunub. Məsələn, Avstraliya, İspaniya, İtaliya, Danimarka, Fransa və bir sıra digər ölkələrdə həm maarifləndirmə tədbirləri həyata keçirilir, həm qanunvericilik bazası gücləndirilir, həm də inzibati və texniki mexanizmlər paralel şəkildə tətbiq olunur. Təcrübə göstərir ki, bu modellərdən yalnız birinin tətbiqi effektiv nəticə əldə etməyə imkan vermir və müəyyən maneələr yaradır. Azərbaycanda isə bu sahədə əsasən maarifləndirmə istiqamətində addımlar atılır. Uşaqların sosial şəbəkələrdən istifadəsi və ya istifadəsinin məhdudlaşdırılması ilə bağlı ayrıca xüsusi qanun mövcud deyil".
Onun sözlərinə görə, dünyanın bir çox ölkəsində də vəziyyət oxşardır. Lakin bəzi ölkələrdə — xüsusilə Avstraliya, İspaniya, İtaliya, Fransa və digər dövlətlərdə — artıq bu sahədə xüsusi qanunvericilik aktları qəbul olunub: "Həmin qanunlarda yaş məhdudiyyətləri müəyyən edilir: bəzi ölkələrdə 18 yaşa qədər, bəzilərində 16, digərlərində isə 13 yaşa qədər müxtəlif məhdudiyyətlər tətbiq olunur. Bu sahədə ayrıca qanunun qəbul edilməsi ən effektiv modellərdən biri hesab olunur. Çünki qanun qəbul edildiyi halda sosial şəbəkə platformalarının administratorları üzərinə konkret öhdəliklər və məsuliyyətlər qoyulur. Onlardan tələb olunur ki, uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdırmaq, onları zərərli və yanlış informasiyanın təsirindən qorumaq üçün xüsusi texniki mexanizmlər tətbiq etsinlər. Əgər sosial şəbəkə platformaları bu tələblərə əməl etməz, zəif və ya formal mexanizmlərlə kifayətlənərsə, yüksək məbləğdə cərimələr tətbiq olunur".
Ekspert əlavə edib ki, Avstraliyada sosial şəbəkə platformaları uşaqların yaşının yoxlanılması ilə bağlı effektiv mexanizmlər tətbiq etmədikdə və onların zərərli məzmunun təsirinə düşməsinə şərait yaratdıqda 33 milyon dollardan artıq məbləğdə cərimə ilə üzləşə bilirlər: "Bu səbəbdən xüsusi qanunların qəbul edilməsi zəruri hesab olunur. Bəs bu qanunlar çərçivəsində hansı mexanizmlər tətbiq olunur? Əsas məqsəd uşaqların sosial şəbəkələrə nəzarətsiz girişinin qarşısını almaqdır. Məlumdur ki, bəzi sosial şəbəkə platformaları, məsələn, Facebook və digərləri yaş məhdudiyyətləri tətbiq etdiklərini bəyan etsələr də, bu məhdudiyyətlər çox vaxt formal xarakter daşıyır və uşaqlar müxtəlif yollarla bu baryerləri aşa bilirlər. Buna görə də qanun qəbul edən ölkələr platformalardan daha effektiv mexanizmlər tələb edirlər. Bu mexanizmlərdən biri hesab açılarkən şəxsiyyət vəsiqəsi məlumatlarının təqdim edilməsidir. Sosial şəbəkə platformaları həmin məlumatları sonradan silsələr də, ilkin mərhələdə istifadəçinin yaşını müəyyən etmək üçün bu məlumatlardan istifadə edilir. Bəzi ölkələrdə hesab açmaq üçün bank kartının və ya bank hesabının olması tələb olunur ki, bu da müəyyən yaş həddindən sonra mümkün olur. Digər ölkələrdə isə valideyn razılığı əsas şərt kimi qoyulur. Bütün bunlar ümumilikdə “age verification”, yəni yaşın müəyyənləşdirilməsi mexanizmləri adlanır. Bu mexanizmlərin müxtəlif formaları mövcuddur və xüsusi qanunvericiliyin qəbul olunduğu ölkələrdə sosial şəbəkə platformaları qarşısında konkret öhdəliklər müəyyən edilir. Məqsəd uşaqları sosial şəbəkələrin zərərli təsirlərindən qorumaqdır. Əgər platformalar bu öhdəlikləri yerinə yetirməzsə, onlara qarşı ciddi maliyyə sanksiyaları tətbiq olunur".
Ayhan
11:37 11.02.2026
Oxunuş sayı: 569